Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kilsə, lobbi, Okampo “Livan səhnəsi”ndə...

Kilsə, lobbi, Okampo “Livan səhnəsi”ndə...

24.04.2024 [10:46]

Hazırda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmiz bu məqsədlə Ermənistana sülh sazişi imzalamağı təklif edib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra xoş məramını dəfələrlə bəyan edib. Xeyli müddətdir, danışıqlar prosesi davam etsə də, tərəflər arasında sülh sazişi hələ də imzalanmayıb. Bunun da əsas səbəblərindən biri Cənubi Qafqazda sülh istəməyən beynəlxalq dairələrin Ermənistana təzyiqləridir. Erməni diasporu, erməni kilsəsi və lobbisi də bu sıradadır. Bir neçə gün öncə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazaxın işğal altında olan 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanın əldə olunmasından sonra həmin dairələrin “fəallaşması” da bunu təsdiqləyir.

Əslində, bu razılaşma tərəflər arasında sülhə doğru mühüm addımdır və regionda sülh istəyənlər bu razılaşmanı alqışlamalıdır. Lakin qeyd etdiyimiz kimi, sözügedən razılaşma   müəyyən beynəlxalq dairələri, o cümlədən erməni kilsəsini, diasporunu və lobbisini ciddi narahat edib. Erməni lobbisinin və kilsəsinin nümayəndələri Livanda bir araya gələrək Azərbaycana qarşı böhtan atmaları, hətta Ermənistanın baş naziri Paşinyanı hədəfə almaları bunu sübut edir. Onlar bu dəfə qarayaxma kampaniyalarına Beynəlxalq Cinayət Məhkəməsində (BCM) prokuror vəzifəsində çalışmış, ermənilərə lobbiçilik edən Luis Okamponu da qoşublar.

Kilsə və diasporun mövqeyi bəllidir. Ermənistanın üzləşdiyi fəlakətlərin ünvanı məhz bu iki təsisatdır. Hər ikisi İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına qarşıdır. Anlayırlar ki, Azərbaycanla Ermənistan arasında normallaşma onların mövqeyinə zərbə vurmaqla yanaşı, milyardlarla gəlirdən məhrum edəcək. Livanda keçirilən tədbirin də mahiyyəti bundadır.

Ümumiyyətlə, ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.

Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının, qondarma “soyqırımı” iddialarının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında onun “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib.

Məsələ burasındadır ki, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. Buna daha bir nümunə olaraq, ötən ilin dekabrında Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın revanşist olması ilə bağlı öyünməsini göstərmək olar. “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”-deyə o bildirmişdi. Göründüyü kimi, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb.

Erməni diasporu isə kilsənin çağırışlarına həmişə “adekvat” cavab verərək, beynəlxalq müstəvidə  Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil edir və bu məqsədlə kifayət qədər vəsait xərcləyir. Diaspor həm də, öz vəsaitləri hesabına Qərbdəki siyasətçiləri və digər ictimai personaları ermənilərə lobbiçiliyə cəlb edir. Belələrindən biri də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Okampodur. Erməni diasporunun oyuncağına çevrilmiş Okampo ermənilərin əsl “sevimlisidir”. O, keçmiş qondarma rejimin təmsilçisi və hazırda Bakıda həbsxanada olan Arutyunyan ilə yaxın dostdur. Məhz Arutyunyanın sifarişi ilə Okampo Azərbaycana qarşı bəzi kampaniyalarda yer alır. Hətta ötən ilin yayında BMT Təhlükəsizlik Şurasının iclasında da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan L.Okamponun hazırladığı hesabata istinad etmişdi. 

Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam “vergi cənnətlərində” bəzi şirkətləri idarə edirdi.

Həqiqətən də, L.Okampo qaranlıq keçmişə malik birisidir. Düzdür, o, həyatının bəzi şübhəli məqamlarını hər vəchlə pərdə arxasında saxlamağa çalışıb. Ancaq cidanı çuvalda gizlətmək mümkün deyil və onun da tutduğu vəzifənin səlahiyyətləri, məsuliyyəti ilə bir araya sığmayan əməlləri barədə məlumatlar geniş yayılıb. Məsələn, Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə “vergi cənnətləri” sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb.

Okamponun qaranlıq keçmişi haqqında bir müddət əvvəl mediada kifayət qədər informasiyalar paylaşılıb. Bütün bunlar, onun qanunsuz əməllərini təsdiqləyir. Belə bir şəxsin ermənilərə lobbiçilik etməsi əslində erməni diasporunun və kilsəsinin cinayətkarlarla fəal əməkdaşlığının göstəricisidir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31