Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilib

Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilib

24.07.2012 [22:16]

Professor Əli Həsənov: Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mətbuat Şurasının nümayəndələri, həmçinin bir sıra qəzet və jurnalların redaktorları, əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə iyulun 22-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
AzərTAc xəbər verir ki, milli mətbuatımızın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən  Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və başqaları əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıblar.
Vurğulanıb ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamına əsasən, artıq Zərdab və Gəncədə tədbirlər keçirilib, bu istiqamətdə işlər davam etdiriləcək. Bildirilib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb. Azərbaycanda milli mətbuatımızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini deyən natiqlər vurğulayıblar ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sonra  “Min bir gecə” istirahət mərkəzində Azərbaycan milli mətbuatının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini milli mətbuatımızın yaradılmasının 137-ci ildönümü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Professor Əli Həsənov deyib ki, Azərbaycan cəmiyyətinin fikir dünyasının qabaqcıl nümayəndələri olan jurnalistlər, mətbuat sahəsində çalışan alimlər, pedaqoqlar, ziyalılar neçə ildir ki, iyulun 22-də bir araya gələrək bu bayramı qeyd edirlər. Fərəhləndirici haldır ki, Azərbaycanda Milli Mətbuat Gününün böyük təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb. Həmin vaxtdan iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Ənənəvi olaraq hər il bu bayram günündə ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənən və dövlətçilik ənənələrimizə xidmət edən media mənsubları mükafatlandırılırlar.
Şöbə müdiri bildirib ki, bugünkü tədbirdə cəmiyyətimizdə rəy formalaşdıran, insanların fikir və mülahizələrini ümumiləşdirib mətbuat səhifələrinə çıxaran, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bağlılıq yaradan, cəmiyyətin dövlət siyasətinə münasibətini ümumiləşdirib səhifələrinə, efirlərinə, radio dalğalarına çıxaran insanlar toplaşıb. Cəmiyyətdə hər zaman ön sıralarda olan bu insanlar ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib: “1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir”.
Əli Həsənov deyib ki, 137 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi, qürur hissi keçirərdi: “O dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən yararlanmaq hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin adı, onun yaratdığı “Əkinçi” qəzeti ilə bağlanması bu böyük publisistin haqqıdır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamına uyğun olaraq, Zərdabda və Gəncədə tədbirlər keçirilib, bu istiqamətdə işlər davam etdiriləcək.
Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı”nın təqdimetmə mərasimi olub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli “Ali media mükafatı”nın birinci, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azəri-Press” (APA) informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı ikinci, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, Təfəkkür Universitetinin professoru Tofiq Yusifov və “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı isə üçüncü dərəcələrinə layiq görülüblər. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışıb. V.Səfərli milli mətbuatın 137-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunub. Yazılar Fondun doqquz eksperti tərəfindən araşdırılaraq qiymətləndirilib.
Sonra müsabiqə qaliblərinə - “Zaman Azərbaycan” qəzetinin şöbə müdiri Natiq Pənahlı,  “Paritet” qəzetinin müxbiri Fuad Hüseynzadə, “Qələbə” qəzetinin (Salyan) baş redaktoru Rüstəm Məlikov, “Kaspi” qəzetinin baş redaktorunun müavini Məğrur Əliyev, “Olaylar” qəzetinin cənub bürosunun rəhbəri Hafiz Mirzə, “Yeni Azərbaycan” qəzetinin müxbiri Hülya Məmmədli, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədov, “Səs” qəzetinin baş redaktorun müavini Valeh Məhərrəmov, “Kür” qəzetinin (Yevlax) müxbiri Afaq Bayramova, “üç nöqtə” qəzetinin müxbiri Xalid Kazımov, AzərTAc-ın müxbirləri Ramiz Quliyev, Suvar İbadov, “Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı, “Olaylar” informasiya agentliyinin redaktoru İradə Əhmədova, “Paralel” qəzetinin baş redaktorunun müavini Akif Nəsirli, “Mövqe” qəzetinin redaktoru Rasim Bayramov, “Lent.az” informasiya agentliyinin müxbiri Elşən Məmmədov, “Futbol+qol” qəzetinin şöbə müdiri Şahin Şirinov, “Palitra” qəzetinin müxbiri İlkin Ağayev, “Azadinform” informasiya agentliyinin müxbiri Atif Eyvazov, “Gəncəbasar” qəzetinin (Gəncə) müxbiri Əfsun Sucayev, “Xalq qəzeti”nin əməkdaşları İlqar Rüstəmov, Namiq Əhmədov, “İki sahil” qəzetinin müxbiri Sevinc Azadi, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, “Bakı Xəbər” qəzetinin müxbiri İradə Sarıyeva,  “MODERN.AZ” informasiya agentliyinin əməkdaşı Aytən Əliyeva, “Azadlıq” qəzetinin müxbiri Aytən Məmmədova, “525-ci qəzet”in müxbiri Aqil Lətifov və “Qobustan” qəzetinin baş redaktoru Lalə Maxsudovaya KİVDF-nin mükafatları təqdim edilib.
Sonda milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı “Bakcell” şirkəti bir çox qurumların mətbuat xidmətlərinin rəhbərlərinə və media təmsilçilərinə mükafatlar təqdim edib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30