Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın ənənəvi “qara piarı“ ...

ABŞ-ın ənənəvi “qara piarı“ ...

27.04.2024 [10:50]

BMT və dünya dövlətləri ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlamalıdır

Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə  öz maraqları baxımından yanaşırlar. Hazırda ABŞ-ın həyata keçirdiyi siyasət də buna nümunədir.

Ümumiyyətlə, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması böyük güclər tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də həmin güc mərkəzləri, xüsusilə ABŞ müstəqil milli dövlətlərə qarşı “qara piar” kampaniyası aparır, daha sonra isə “idarə edilən xaos” yaratmaqla həmin dövlətlərdə nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. ABŞ-ın geosiyasi ambisiyalara söykənən maraqları dünyada ciddi regional və qlobal təhdidlər yaratmaqla yanaşı, bir çox ölkələri faktiki xaos meydanına çevirib. Birləşmiş Ştatların dağıdıcı geosiyasi ambisiyalara söykənən ekspansionalist siyasəti miqyas etibarilə olduqca genişdir. Onun yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqeyidir. Bu, daha çox eyni xarakteristikaya malik olan məsələlərə fərqli münasibət sərgiləməkdə özünü göstərir. Buna paralel olaraq ikili standartlar həm də müxtəlif ölkələrə qarşı riyakar mövqe ilə təzahür olunur. 

Hesabat oyunu...

Azərbaycan da ABŞ-ın bu ikili siyasətinə məruz qalan ölkələrdən biridir. Xüsusilə, dövlətimiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Birləşmiş Ştatların qərəzi daha da artmaqdadır. Bunu bir neçə gün öncə ABŞ Dövlət Departamentinin yaydığı “İnsan Haqları Təcrübələri” üzrə illik hesabatında ölkəmizlə bağlı məqamlar da bunu təsdiqləyir. Hesabatda iddia olunur ki, guya ötən il sentyabrın 19-20-də Azərbaycan “”Dağlıq Qarabağa” tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçirib. Sentyabrın 24-dən oktyabrın 1-dək 100 000-dən çox “Dağlıq Qarabağ” sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”. Bu iddiaların nə qədər saxta olduğu hər kəsə məlumdur. Rəsmi Bakı bu kimi iddialara dəfələrlə cavab verib. Fakt budur ki, Azərbaycan ərazilərini separatçılardan təmizləyərək suverenliyini bərpa edib, Qarabağın erməni sakinləri isə könüllü surətdə Ermənistana köçüblər.  Hesabatda “siyasi məhbuslar” haqqında iddialar da həqiqətdən uzaqdır. 

Göründüyü kimi, ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur.

ABŞ-ın zorakılıq siyasəti...

Ümumiyyətlə, dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-ın bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur. O da xüsusilə vurğulanmalıdır ki, ABŞ-ın siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamofob və neomüstəmləkəçi meyillər artmaqdadır. Ən əsası budur ki, Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Bu siyasət çərçivəsində mövcud olan başlıca məqsədlərdən biri müsəlman coğrafiyasında təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması Qərbin hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. İllər öncə, ABŞ-ın dəstəyi ilə baş vermiş “ərəb baharı”nın acı nəticələrini həmin xalqlar hələ də yaşayır. ABŞ ordusunun, İraqda və Əfqanıstanda çoxlu sayda mülki insanları qətlə yetirməsi bütün dünyaya məlumdur. 

Vaşinqton münaqişələrin davam etməsində maraqlıdır 

Rəsmi Vaşinqton İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə də imkan vermir. Məlumdur ki, ABŞ BMT Təhlükəsizlik Şurasının aprelin 18-də keçirilən iclasında Fələstinin BMT-yə tamhüquqlu üzv olması ilə bağlı sənədə veto qoyub. İclasda Fələstinin üzvlüyünü 12 dövlət dəstəkləyib, ABŞ bunun əleyhinə səs verib, iki ölkə isə bitərəf qalıb. Beləliklə, BMT TŞ Baş Assambleyaya Fələstinin BMT-yə tamhüquqlu üzv dövlət kimi qoşulmasına icazə vermək üçün BMT-nin daha geniş üzvlüyü ilə səsvermə keçirməyi tövsiyə edən qətnamə layihəsini qəbul etməyib. Bu addımı ilə Vaşinqton Fələstində, o cümlədən Qəzzada qanlı qarşıdurmanın davam etməsinə rəvac vermiş oldu. ABŞ Qəzzada minlərlə günahsız insanların ölümünü görməzdən gəlir.

Ərəb Dövlətləri Liqası isə ABŞ-ın bu mövqeyinə etiraz edib. Xatırladaq ki, bir neçə gün öncə Liqa Qəzza zolağında baş verənləri müzakirə etmək üçün daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirib. İclasda Fələstinin BMT-yə tam üzvlük müraciətinə ABŞ-ın veto qoyması pislənilib. Ərəb Liqası bəyan edib ki, veto onu göstərir ki, ABŞ regionda sülh, təhlükəsizlik və sabitliyi dəstəkləmir və iki dövlətli həlli nəzərdə tutan bəyannaməyə zidd hərəkət edir. Ərəb Liqası Fələstin Dövlətini tanımayan bütün ölkələri bölgədə və dünyada sülh şansını xilas etməyə çağırıb.

ABŞ dünyada zorakılıq siyasəti yürütməklə yanaşı, öz daxilində də iqri ayrı-seçkilik siyasətini davam etdirir. Bu siyasət nəticəsində Birləşmiş Ştatlar qırmızıdərililərin nəslinin kəsildiyi, qaradərililərin ova çevrildiyi ölkəyə çevrilib. Yeri gəlmişkən, ABŞ-da rasizmin davam etməsini bir sıra faktlarla da xatırlatmaq olar. Belə ki,  2012-ci ildə Florida polisinin qaradərili gənc Troan Martini güllələməsi buna əyani sübutdur. Məhz həmin hadisədən sonra ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarına start verilmişdi.

2014-cü il avqustun 9-da isə Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansız şəkildə qətlə yetirilmişdi. Buna etiraz olaraq, qaradərili insanlar etiraz aksiyalarına başladılar. Bir neçə ay davam edən aksiyalar həmin il dekabrın 2-də polis zorakılığı ilə yatırıldı.

2015-ci il aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı. Lakin Ferqüsson və Baltimor hadisələri ABŞ-ın XXI əsr tarixinə anti-demokratik ölkə damğasını vurdu. 

Bütün bunlar göstərir ki, başqa ölkələrə insan haqlarından dərs keçməyə çalışan ABŞ əslində, insan hüquqlarının ən çox tapdandığı dövlətlərdən biridir. Ona görə də, BMT və dünya dövlətləri bir araya gələrək ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlamalı və bu hesabatda insan hüquqları sahəsindəki acınacaqlı durum öz əksini tapmalıdır.

Nardar BAYRAMLI 

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31