Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vasitəçisiz görüş...

Vasitəçisiz görüş...

01.05.2024 [10:10]

Almatı müzakirələri nə vəd edir?

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Ermənistan və Azərbaycan XİN başçıları səviyyəsində ikitərəfli görüşün mühüm nəticələr verəcəyinə böyük ümidlər var. Sonuncu dəfə Almaniyada görüşən tərəflər ötən 5 ay müddətində bir sıra razılaşmalara belə imza atıblar. Belə ki, ötən ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlamasının yayılması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, bu ilin aprelində isə 4 kəndin qaytarılması ilə bağlı əldə olunan razılaşma, müvafiq delimitasiya komissiyalarının apardığı birgə müzakirələr onu göstərir ki, məsələnin vasitəçisiz olaraq həlli mümkündür. Bu mənada, Qazaxıstanda baş tutacaq ikitərəfli görüş nəticəyə yönəlik ciddi xarakter daşımaqdadır. 

Üçüncü tərəfə ehtiyac yoxdur...

Yeri gəlmişkən, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq. Bu faktın özü mühüm məna kəsb edir. Vurğulanmalıdır ki, Azərbaycan hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev hələ 2021-ci ilin oktyabrında işğaldan azad edilmiş Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir: “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”.

Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq gündəlikdən düşüb. Bəzi ölkələrin və təşkilatların məhz “vasitəçi” və ya “nizamlayıcı” adı altında öz fərdi maraqlarının axtarışında olması isə sirr deyil - aylardır ki, Fransanın Ermənistanı aktiv danışıqlar prosesindən yayındırmağa çalışması buna bariz sübutdur. Rəsmi Paris anlayır və görür ki, iki dövlət müzakirələr nəticəsində problemlərini həll etmək iqtidarındadırlar - sülh məhz ikitərəli təmasa əsaslanacaq. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bu məsələyə toxunaraq bildirmişdi ki, Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər: “Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik”.

Qazaxıstan münasibətlərin normallaşması üçün səy göstərir...

Qazaxıstana gəldikdə isə həm Azərbaycanla, həm də Ermənsitanla bu və ya digər şəkildə müttəfiqliyə malik olan, bir sıra beynəlxalq strukturlarda çiyin-çiyinə təmsilçilik daşıyan rəsmi Astana anlayır ki, Mərkəzi Asiyaya yaxın bölgədə sülhün bərqərar edilməsi mühüm əsaslar formalaşdıracaq. Cənubi Qafqazda sülhün və davamlı sabitliyin formalaşması böyük bir coğrafiyanın - Orta Asiya - Cənubi  Qafqaz - Kiçik Asiya bölgəsi üçün yeni imkanlar, perspektivlər deməkdir. Yeni ticari xəttin əsas keçid məntəqələrindən sayılan Ermənistan və Azərbaycanın münasibətlərinin normallaşması bu seqmentin Mərkəzi Asiyadakı əsas transxətti Qazaxıstan üçün mühüm perspektivlər vəd edir - bu tranzit imkanlar bütövlükdə, qlobal iqtisadi münasibətlərə yeni ruh vəd edir. Bunun nəticəsidir ki, regional layihələrin mühüm tərəfdaşı kimi Qazaxıstan bu prosesin uğurlu həllinə nail olunmasının tərəfdarı kimi çıxış edir. Vurğulanmalıdır ki, Astananın yeni dönəmdə Ermənistan ilə Azərbaycan arasında müzakirə platformasına çevrilməsi imkanları ötən ay Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin İrəvana səfəri zamanı müzakirə predmeti olmuşdu. Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi isə bu fikirləri daha da qətiləşdirmişdi.  Kasım-Jomart Tokayev İrəvanda brifinqdə bildirmişdi ki, “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.

Sülhə sədaqət...

Azərbaycanın apardığı siyasət birmənalı şəkildə beynəlxalq hüquqa əsaslanır. 6 ay öncə baş tutmuş antiterror tədbirlərindən sonrakı mərhələdə də Azərbaycan bir sıra sühpərvər çağırışlar etməklə humanizmə sadiqliyini, ikitərəfli münasibətlərdə və ən əsası sülhdə maraqlı olduğunu ortaya qoymuşdu. Bu fakt bir daha onu sübut etmişdi ki, biz birbaşa təmasın tərəfdarıyıq. 

Bəli, ölkəmiz hər zaman sülhün və əməkdaşlığın bərpasına çalışıb - hətta Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə belə Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirdi. Konstruktiv anlaşmanı, siyasi-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini, normal qonşuluq münasibətlərini əsas götürən Azərbaycan bu gün də eyni mövqedədir. Ölkəmiz iki ildən artıqdır ki, bölgədə sülhün və anlaşmanın hökm sürməsi üçün bütün səyini səfərbər edib. Artıq bu prosesdə müəyyən yaxınlaşmalar baş verməkdədir ki, Qazaxıstanda nəzərdə tutulan görüş buna misaldır. 

Ermənistan isə regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəyirsə, özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 sülh şərti əsasında razılaşmaya imza atmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31