Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Boraltan ləkəsi silindi...

Boraltan ləkəsi silindi...

04.07.2024 [09:30]

Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq dəstəyi

Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyənin dəstəyi həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi

“Boraltan bir köprü, aşar geçer Aras’ı,

Yusan Aras suyuyla, çıkmaz yüzün karası.

Düşman bekler karşıda, önüne kattı beni,

Can alınan çarşıda, kardeşim sattı beni.

Dönüp seslendim geri, merhametsiz birine,

Beni siz vursaydınız, şu gavurun yerine”...

Xalq ədəbiyyatının ağrılı-acılı nümunəsi olan “Boraltan ağısı” və bu ağının ortaya çıxmasını şərtləndirən qanlı hadisələr uzun illərdir ki, həm Azərbaycan, həm də Türk xalqının qəlbində ağır bir yaraya çevrilib. Ən kritik dönəmlərdə, ən vacib - həyatı anlam daşıyan günlərdə yan-yana addımlamağı bacaran, al-qırmızı, ay-ulduzlu qələbələrə birgə imza atan iki qardaşın tarixində bir udqunma, bir susma səhnəsidir Boraltan. Yalnız bir körpüdən, 176 şəhiddən və ya dövrün beynəlxalq tələblərindən ibarət deyildi. Boraltan qanı bir, canı bir, xeyri bir, şəri bir iki qardaşın ən çətin imtahanlarından idi...

Qardaş qardaşa hər zaman dayaqdır - necə ki, 1918-ci ildə Qafqaz İslam Ordusu yenicə müstəqillik qazanan Azərbaycana dayaq olmuşdu. Necə ki, dövrünün çətinliklərinə baxmayaraq Nəriman Nərimanov Mustafa Kamal Paşanın müraciəti əsasında 1921-ci ilin martında dərhal 500 kq qızıl, Rusiyadan alınan 10 milyon qızıl pulu, 30 sistern nefti, 2 sistern benzini, 8 sistern yağı, 1922-ci ildə Batum yolu ilə doqquz min tondan çox kerasini və 350 ton benzini qarşılıqsız  olaraq qardaş köməyi kimi Türkiyəyə göndərmişdi. Tarix heç bir zaman təftiş olunmur - tarix yazılır, amma həm də unudulmur. Atılan bütün addımlar tarixin səhifələrinə yazılır - hansısa qızıl hərflərlə, hansısa qara hərflərlə...

İki qardaş xalqın tarixində sadalananlar kimi qızıl hərflərlə yazılan tarixi məqamlar sonsuzdur. Amma təəssüf ki, qara hərflərlə qeyd edilən anlar da yox deyil - Boraltan faciəsi kimi...

Boraltan körpüsü qana boyandı...

Boraltan qətliamı ötən əsrin ən böyük facələrindən biri kimi tarixə yazıldı - 1944-cü ildə, II Dünya müharibəsinin ən kritik dönəmlərində Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycandakı hər bir hənirtini, hər bir pıçıltını özünün əleyhinə təbliğat kimi qəbul edirdi və kommunist rejimi əleyhinə hətta ən kiçik bir addıma da göz yumulmur, qarşısı ən qatı şəkildə alınırdı. Bu təzyiqlərdən cana doyan və xilası qardaş Türkiyəyə üz tutmaqda görən 176 azərbaycanlı qardaş ölkəyə sığınmaq üçün yola çıxır. 176 azərbaycanlı Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınır. Bu illərdə isə Türkiyəyə dönəmin CHP lideri, “Milli Şef” - Prezident İsmet İnönü rəhbərlik edirdi. Həmin vaxtlar Türkiyədə də çətin günlər sayılırdı - təəssüf ki, “Türk yurdunda TÜRKƏM” demək belə qadağan idi.

176 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər. Amma İnönünin siyasi baxışları və şəxsi xarakteri bu məsələdə həlledici oldu - 176 azərbaycanlı soyqırıma tərk edildi. Sovet hökumətindən gələn tələb qarşısında Ankaradan verilən cavab hər kəsi susdurur və düşüncəyə qərq edir - nə azərbaycanlılar, nə də onların sığındıqları hərbi hissəsinin hərbi qulluqçuları Ankaranın belə bir cavabını gözləmirdi - bu qardaşlığa, türklüyə xəyanət idi... Amma əmr belə idi: “Əsirləri dərhal geri qaytarın!”.

Hərbi hissənin rəhbərliyi əmrin səhv ola biləcəyini düşünərək yenidən Ankaraya teleqraf çəkir - cavab isə dəyişmir: “176 azərbaycanlı ölkələrinə geri verilsin”.

Əli qardaş ətəyindən belə üzülmüş 176 məsum insan onları geri göndərməyə hazırlaşan hərbçilərdən xahiş edirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 176 azərbaycanlını Sovet Rusiyasına təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Hərbi hissənin komandiri sarhəddin o tayından bu tayında gördüklərinə dözə bilmir və evinə gəlib intihar edir...  

Boraltan faciəsi isə xalqın dilində və ürəyində bu ağı ilə qalır:

Boraltan bir köprü, aşar geçer Aras’ı,

Yusan Aras suyuyla, çıkmaz yüzün karası.

Karası, karası, merhamet fukarası,

Karası, karası, merhamet fukarası,

Düşman bekler karşıda, önüne kattı beni,

Can alınan çarşıda, kardeşim sattı beni.

Dönüp seslendim geri, merhametsiz birine,

Beni siz vursaydınız, şu gavurun yerine.

Tarixi birlik, qardaşlıq...

Bu qanlı olay Azərbaycanda olduğu qədər Türkiyədə də hər zaman təəssüflə və böyük kədərlə xatırlanıb. Bu gün bütün sahələrdə qardaşlığa, həmrəyliyə sarılmış Azərbaycan-Türkiyə qardaşlığı çox sınaqlar dəf etdi. 2020-ci il Vətən  müharibəsində Azərbaycanın ən böyük mənəvi dəstəkçisinə çevrilmiş Türkiyə siyasi nüfuzunu, geopolitik imkanlarını, qardaşlıq ruhuna söykənən birlik-bərabərlik şüarlarını ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısında səddə çevirdi. Ən çətin, ən prinsipial günlərimizdə yan-yana, çiyin-çiyinə bizimlə yanaşı dayandı. Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə dövləti, Türkiyə cəmiyyəti bir yumruq kimi Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu dəstək, bu birlik tarix üçün bir Zəfər səbəbi idi - Azərbaycanın qazandığı tarixi Zəfərdə, tarixi qələbədə Türkiyənin mənəvi payı ölçüsüzdür...

Bu dəstək və birlik Şuşa Bəyannaməsi ilə rəsmiləşdi - artıq bütün dünya görür və dərk edir ki, Türkiyə demək Azərbaycan, Azərbaycan demək isə Türkiyə deməkdir - Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı özünün rəsmi təsdiqini tapdı. Bu sarsılmaz birlik isə yeni tarixi inkişaf mərhələsini şərtləndirdi. Bu gün Türkiyə cəmiyyəti Boraltanda 176 azərbaycanlının həyatına biganə qalanları açıq şəkildə və haqlı olaraq ittiham edir, bunu birliyə, qardaşlığa yaraşmayan addım kimi xarakterizə edirlər.

Boraltanın təqsirkarı - o vaxt hakimiyyətdə olan CHP idi... 

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının nəticələrinə görə keçirilən brifinqdə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi: “Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi”“.

Türkiyə dövlətinin başçısı 176 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib. “Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”, - deyə Prezident vurğulayıb.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31