Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstan çətin seçim qarşısında

Gürcüstan çətin seçim qarşısında

11.07.2024 [10:37]

Qonşu Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər pik həddədək gərginləşib. Əslində,  yaxın keçmişədək Tbilisi ilə Brüsselin əlaqələri yüksək səviyyədə idi, müxtəlif istiqamətlərdə əməkdaşlıq davamlı olaraq genişlənirdi. Aİ özünü Gürcüstanın əsl canıyananı, himayədarı kimi təqdim edirdi, hətta Cənubi Qafqazda yeganə olaraq bu ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinə başlanılmışdı. Anonsu edilən əməkdaşlıq layihələri Gürcüstanın bir Avropa dövləti kimi inkişafına perspektivlər açacaqdı. Ancaq indi bütün bunlar barədə keçmiş zamanda danışmaq lazım gəlir. Ötən hər gün Aİ ilə Gürcüstan arasında bağların qırılmasına dair yeni xəbərlər alınır. Nə baş verir? Rəsmi Tbilisi ilə Brüssel körpüləri niyə yandırırlar?

Hər şey bir qanundan başladı

Avropa İttifaqı ilə Gürcüstanın münasibətlərinin indiki ziddiyyətlər mərhələsinə keçməsi qonşu ölkənin strateji seçim məsələsində milli maraqlarını önə çəkməsi ilə bağlıdır. Hər şey cari ilin may ayında Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında “ qanunun qəbul edilməsindən başladı. Kollektiv Qərb və müxalifət, o cümlədən də prezident Salome Zurabişvili parlamentə hakim “Gürcü arzusu” partiyası tərərfindən təqdim olunan bu qanun layihəsinə qarşı çıxırdılar. Hakim koalisiya isə israrlı yanaşma sərgiləməklə qanun layihəsinin qəbul edilməsinə nail oldu.

Bəs Avropa İttifaqında və ölkə daxilində böyük etirazlar doğuran qanunun qəbulunda israrlı yanaşma sərgiləməyə rəsmi Tbilisini nə vadar edib? Hakim dairələr öz mövqelərini Gürcüstanın milli maraqlarının qorunmasının zəruriliyi ilə əlaqələndirirlər. Kiçik, beş milyonluq Gürcüstanda Qərb qrantları alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb. Təbii ki, Qərbdən maliyyələşən subyektlər fəaliyyətlərini bəlli mərkəzlərdən aldıqları  tezislərə uyğun qurmaq məcburiyyətindədirlər. Əks təqdirdə maliyyə qaynağından məhrum qala bilərlər. Qərbdən gələn tezislər isə bir qayda olaraq ölkə hakimiyyətinin strateji kursunu iqnor edir, cəmiyyətdə parçalanmaya yol açır. Milli maraqlara təhdidlər yaranmasının fərqində olan hakimiyyət də məsuliyyətini başa düşərək Gürcüstan cəmiyyətinə kənar təsirləri minimallaşdırmağa çalışır. Bəhs olunan qanunun da məhz bu məqsədlə qəbul edildiyi bildir?lir. Yeni qanunda xaricdən maliyyələşən təşkilatların fəaliyyətinin şəffaf əsaslarla qurulmasını şərtləndirən bir sıra müddəalar yer alıb. Qanunun tələblərinə əməl etməyənləri isə sərt cəza tədbirləri gözləyir.

Aİ-nin dərhal işə düşən cəza mexanizmi

Brüssel isə “Xarici təsirin şəffaflığı haqqında” qanunu fərqli baxış bucağından dəyərləndirdi. Burada yeni sənəd “ Rusiya qanunu” adlandırılır. Söhbət burada heç də qanunun adından getmir. Avropa İttifaqında elə hesab edirlər ki, bu qanunu qəbul etməsi Gürcüstanın strateji seçimini dəyişmək, Qərbi Rusiya ilə əvəzləmək planlarının tərkib hissəsi, açar nöqtəsidir.

Qanun qəbul edildikdən sonra Avropa İttifaqının Gürcüstana əsl üzünü göstərməsi üçün uzun zaman kəsiyi  lazım gəlmədi. Qonşu ölkəyə qarşı cəza mexanizmi həmən işə salınıb və onun əhatə dairəsi getdikcə genişləndirilir. Məqsəd isə Gürcüstanı yenidən ram etməkdən ibarətdir.

 “Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb”. Bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib. O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğində vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb. Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil. Pavel Qerçinski vurğulayıb ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Diplomat bunu iyunun 27-də Avropa İttifaqının liderlərinin çox aydın ifadə etdiklərini diqqətə çatdıraraq deyib:  “Oktyabrda bütün namizəd ölkələr üçün genişlənmə hesabatı dərc olunacaq və Aİ liderləri dekabrda növbəti addımlar barədə qərar qəbul edəcəklər. Lakin indiki vəziyyətdə Gürcüstanın bu il irəliləyəcəyini, növbəti mərhələyə keçəcəyini təsəvvür edə bilmirəm. Məhz ona görə ki, liderlər Gürcüstanın üzvlük prosesini dayandırmaq qərarına gəliblər”.

Avropa İttifaqı ilə yanaşı, NATO üzrə müttəfiqlər də Gürcüstana qarşı hərəkətə keçiblər.  Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş müşaviri, səfir Maykl Karpenter Gürcüstanda keçirilən “Ləyaqətli Tərəfdaş 2024” hərbi təliminin qeyri-müəyyən müddətə təxirə salınmasını şərh edib və bildirib ki, hazırda ABŞ-ın bütün proqramları nəzərdən keçirilmə prosesindədir. Səfir Karpenter NATO sammitindən əvvəl keçirilən brifinqdə belə deyib: Vətəndaş cəmiyyətinin sıxışdırılmasını, Gürcüstanda fundamental azadlıqlar üçün məkanı məhdudlaşdıran qanunların qəbulu NATO alyansının əsasını təşkil edən dəyərlərə uyğun gəlmir və düşünmürük ki, bu, Avropa İttifaqı da daxil olmaqla Avro-Atlantik inteqrasiyasına da uyğun gəlsin. Biz ümid edirik ki, Gürcüstan hökumətinin istiqaməti, strateji istiqaməti dəyişəcək”.

Cəza tədbirlərindən biri də Danimarkadan gəlib. Belə ki, NATO-nun üzvü olan Danimarka Gürcüstana çoxmilyonluq hərbi yardımı dayandırıb. Verilən məlumata görə Danimarka ötən il Gürcüstanda ümumi büdcəsi 27,12 milyon lari müəyyən edilmiş “Sülh və Sabitləşmə Proqramı”na başlayıb.  Proqramın icrası qeyri-müəyyən müddətədək təxirə salınıb...

Prezident, siyasi müxalifət birləşir və yaxud Gürcüstanda yeni inqilab ssenarisi

Gözlənildiyi kimi, Qərb seçimində tərəddüdlər yaşayan Gürcüstana təzyiqlərini eyni zamanda siyasi müstəvidə həyata keçirir. Ölkədə yeni inqilab ssenarisinin həyata keçirilməsinə hazırlıqlar aparıldığı barədə ehtimallar güclənir. Bunu Qərb dairələrindən gələn mesajlardan da anlamaq mümkündür. Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskinin açıqlamasına diqqət yetirək: “Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq”, - deyə səfir vurğulayıb.

Göründüyü kimi, səfir hələ seçkilərə bir neçə ay qalmış tam əminliklə Gürcüstanda baş verəcək hakimiyyət dəyişikliyinin anonsunu edir. Qərb parlament seçkiləri yolu ilə yeni inqilab ssenarisini hakim komanda ilə ziddiyyətlərdə olan prezident Salome Zurabişvili və siyasi müxalifətlə koordinasiyalı şəkildə həyata keçirmək niyyətindədir. Verilən məlumatlarda bildir?lir ki, Aİ-nin Gürcüstan hökumətinə dayandırdığı maliyyənin əhəmiyyətli bir hissəsi qeyri-hökumət təşkilatlarına dəstək məqsədinə yönəldiləcək. Bu isə o anlama gəlir ki, Qərb dairələri payızda gözlənilən “parlament inqilabı”nın maliyyə yükünü də öz üzərinə götürüb.

Hadisələrin gedişindən məlum olur ki, artıq prezident S.Zurabişvili və siyasi müxalifət təşkilatlanma və cəmiyyətin yeni ssenariyə hazırlanması prosesinə start veriblər. Salome Zurabişvili onu təbliğ edir ki, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı hərbi təlimlərini təxirə salması və Avropa İttifaqının müdafiə qüvvələrinə ayrılan 30 milyon avroluq yardımı dondurmaq qərarı hakim partiyanın “ağılsız və düşmən siyasətinə” cavabdır. Onun sözlərinə görə, Gürcüstanın ən yaxın iki dostundan alınan “çox ağır mesajlar” diqqətdən kənarda qala bilməz. “Düzdür, bu, hakim partiyanın onlara qarşı axmaq və düşmənçilik siyasətinə cavabdır, eyni zamanda, ictimaiyyətə xəbərdarlıqdır: tərəfdaşlarımız bizə deyirlər ki, seçim “sizin ixtiyarınızdadır” - ya Avropa, təhlükəsiz gələcək, ya da təcrid olunmuş, Rusiyanın orbitinə daxil olmuş Gürcüstan”, - deyə prezident sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.

Bu arada siyasi müxalifət də yenidən təşkilatlanır. Ölkədə parlament seçkiləri öncəsi daha bir müxalifət birliyi yaranıb. “Axali”, “Droa” və “Qirçi - daha çox azadlıq” partiyaları oktyabrda keçiriləcək seçkilərə birgə qatılacaqlarını bəyan ediblər. Digər partiyalarla da danışıqlar aparılır. İyulun 8-də “Vahid Milli Hərəkat”ın qurultayında yeni platformanın təqdimatı baş tutub.  “Vahid Milli Hərəkat”ın lideri kimi təsdiqlənən Tina Bokuçavanı indiki həssas məqamda birlik çağırışı edib. “Əgər bu mərhələdə digər partiyalar birləşə bilmədisə, gəlin siyasətçilərlə, ictimai fəal insanlarla, vətəndaş cəmiyyəti təşkilatları ilə və ən əsası bizə birliyin gücünü ən yaxşı şəkildə göstərmiş gənclərlə birləşək”, - deyə Bokuçava bildirib.

Hakimiyyətin nikbinliyi...

Proseslərin gedişi və Gürcüstandan gələn açıqlamalar onu deməyə əsas verir ki, hökumət hələlik qəti seçimini bəyan etməyib. Hakimiyyət nümayəndələri açıqlamalarında bir tərəfdən ona işarə edirlər ki, Qərbə inteqrasiyadan geri dönmək ölkəyə itirilmiş torpaqlarını geri qaytarmaq və federasiya formatında Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək perspektivləri aça bilər.

Bununla belə, Aİ yolundan geri dönüşünü birmənalı şəkildə bəyan etmək hakim komanda üçün çox risklidir. Çünki Gürcüstan cəmiyyəti məhz QHT-lər vasitəsilə Avropaya əhəmiyyətli dərəcədə inteqrasiya edib. Bu səbəbdən də hakimiyyət təmsilçiləri  Avropa İttifaqı ilə münasibətlərin perspektivləri ilə bağlı nikbin danışmağa üstünlük verirlər. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Avropa İttifaqının Gürcüstana hərbi maliyyə yardımını dondurmasına münasibət bildirib. Darçiaşvili Gürcüstanın təhlükəsizlik çağırışlarının və işğal probleminin qaldığını, bu cür yardımların ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

O, belə qərarların Gürcüstanın Aİ-yə inteqrasiya səylərinə mane olmayacağını əlavə edib: “Gürcüstan müdafiə qabiliyyətini daha da gücləndirməlidir ki, biz təhdidlərlə daha çox mübarizə apara bilək. Biz bu istiqamətdə Aİ ilə əməkdaşlığı davam etdirəcəyik. Ümumilikdə isə Gürcüstanla Aİ arasında əməkdaşlıq assosiasiya sazişinə əsaslanır. Biz hamımız öz öhdəliklərimizi götürmüşük və bu öhdəlikləri ardıcıl olaraq yerinə yetiririk”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31