Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Keşiş Baqrat niyə yoxa çıxdı və niyə qayıtdı?

Keşiş Baqrat niyə yoxa çıxdı və niyə qayıtdı?

16.07.2024 [10:25]

Fransanın “keşiş inqilabı” planının “ikinci fazası”

Uğursuzluğa düçar olduqdan sonra bir müddət qeybə çəkilən, səs-sorağı çıxmayan “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanda yenidən zühur edib. Ermənistan mediasında yayılan məlumatlarda bildirilir ki, keşiş bu günlərdə Abovyana gəlib. O, burada liderlik etdiyi hərəkatın aktiv fazasında olduğu kimi, yenidən silsilə görüşlər keçirmək və hakimiyyətə tələblərini çatdırmaq niyyətində olduğunu açıqlayıb. Bəs Baqrat Qalstanyan niyə yoxa çıxmışdı və niyə yenidən kütlə içərisinə çıxdı?

Məğlub Ermənistanda 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini sinirə bilməyən revanşist qüvvələrin sülh prosesinə maneçilik törətmək cəhdləri hər kəsə bəllidir. Ancaq revanşistlərin xaricdəki havadarlarından, xüsusən də Fransadan dəstək almaqla həyata keçirdikləri fəaliyyətlər davamlı olaraq nəticəsiz qalır. Azərbaycan addım-addım özünün haqlı tələblərinin həyata keçməsinə nail olur və qanuni məqsədlərinə çatır. Belə olan halda sülhyaratma prosesinə mane olmağa çalışan daxili və xarici qüvvələr kilsə ətrafında cəmləşdilər. Sirr deyil ki, Ermənistanda kilsənin cəmiyyətə təsir imkanları kifayət qədər böyükdür.  Kilsə öz təsir imkanlarından bir qayda olaraq məkrli məqsədlər üçün istifadə edir. O cümlədən burada insanların beyninə Azərbaycana və Türkiyəyə qarşı qisasçılıq ideyaları yüklənir, əsassız xülyalar aşılanır. Kilsənin zərərli təbliğatı nəticəsində gənclərin beyninə miflər hakim kəsilib, onlar xəyali Ermənistan barədə uydurmalara inanırlar, real Ermənistanın isə nədən ibarət olduğunu yaddan çıxardırlar.

Ermənistanı sülh prosesindən uzaqlaşdırmaq istəyən qüvvələr indiki məqamda kilsəni revanşist qüvvələrin önünə keçirərkən və “keşiş inqilabı”na rəvac verərəkən məhz bu amilə - kilsənin cəmiyyətə geniş təsir imkanlarına istinad ediblər. Onlar əmindirlər ki, Ermənistanda nüfuzunu itirən, korrupsiyalaşmış müxalifətdən fərqli olaraq insanların hələ də hörmət bəslədikləri din xadimləri revanşizm hərəkatını irəli aparıb tənzimləmə prosesini əngəlləyə bilərlər. Əlbəttə, burada din xadimlərinin təşəbbüsü məmnuniyyətlə ələ almalarını şərtləndirən digər bir mühüm amil elə kilsənin özünün problemləri ilə bağlıdır. Məlumdur ki, Ermənistanın indiki rəhbərliyi ilə kilsə, xüsusən də katolikos II Qaregin arasında ixtilaflar yaşanır. N.Paşinyan son vaxtlarda kilsədəki mənfi faktları, o cümlədəm ianələrin “qara deşikdən” yoxa çıxmasını, vergidən yayınma hallarını tez-tez gündəmə gətirir. Siyasi rəhbərliyin bu qəbildən olan açıqlamaları katolikos üçün yaxşı perspektiv vəd etmir. Buna görə də o, əlindəki rıçaqlardan istifadə etməklə, Paşinyana qarşı formalaşan cəbhəni daha da aktivləşdirməyə çalışır. Heç bir siyasi və idarəçilik keçmişi olmayan Baqratın revanşist hərəkatda yer alması, “keşiş inqilabı”nın bütün ölkə boyunca genişlənməsi də bu planın tərkib hissəsidir.

Ermənistanda II Qareginin xeyir-duası və Baqratın rəhbərliyi ilə başlayan “keşiş inqilabı” birinci mərhələdə uğursuzluğa düçar oldu. Hər halda görünən odur ki, Baqrat tərəfdarlarının insanları ödənişli mitinqlərə cəlb etmək taktikası siyasi rəhbərliyə qarşı kütləvi etirazlar dalğasına səbəb olmadı. N.Paşinyan Baqratın görüş tələbini qətiyyətlə rədd etdi. Keşişin ölkə boyunca görüş turnesinə çıxması da bir nəticə vermədi. Beləcə, “keşiş inqilabı” tez populyarlaşdığı kimi, tez də özünə qarşı marağı itirdi.

Birinci fazada yaşanan məğlubiyyət fonunda Baqratın yenidən demarş cəhdində bulunması ondan xəbər verir ki, regionda proseslərin gedişi, o cümlədən də ikitərəfli formatda müzakirələrin intensivləşməsi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ilkin razılaşmaların əldə olunması, bu istiqamətdə yeni mərhələnin başlamasının anons edilməsi regionda qalıcı sülhün əldə edilməsində maraqlı olmayan qüvvələri bərk əndişələndirir. Onların narahatçılığına səbəb olan, həmçinin ABŞ-nın sülhyaratma prosesində fəallığını artırmasıdır. Məlumdur ki, bir neçə gün bundan əvvəl Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri NATO-nun Vaşinqtonda keçirilən yubiley Zirvə görüşü çərçivəsində bir araya gəldilər. ABŞ-nın Dövlət katibi A.Blinken özünün iştirakı ilə keçən görüş barədə optimist açıqlamalar verdi. Proseslərin bu tərzdə irəliləməsi Cənubi Qafqazda mövcudluğuna nail olmağa çalışan Fransanı qane edə bilməz. Ermənistanın sülh prosesinə mane olmağa hədəflənən manipulyativ davranışları böyük dərəcədə Fransa prezidenti E.Makron tərəfindən istiqamətləndirilir. Bu, inkarolunmaz faktdır. O, Ermənistanın arxasında dayanacağını, birtərəfli qaydada bu ölkəni dəstəkləyəcəyini dəfələrlə bəyan edib. Eləcə də Fransa postmüharibə dövründə Ermənistanı sürətlə silahlandırır. Razılığa əsasən, Fransa yaxın perspektivdə bu ölkəyə hücum silahları tədarük edəcək. Bütün bunların fonunda Baqratın yenidən meydana çıxmasının üstündən sirr pərdələri götürülür. Hasil olan qənaət odur ki, Fransanın təhriki ilə “keşiş inqilabı” yenidən Ermənistanın həyatına qaytarılır. Amma görünən budur ki, ikinci cəhd də uğursuzluğa məhkumdur.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Təbiəti qoruyaq!

19 Aprel 10:51

Gündəm

Dünyaya nümunə

19 Aprel 10:45

Analitik

II raund...

19 Aprel 10:39

Analitik

Sosial

Analitik

Ədəbiyyat

Zəngəzurda doğuldum...

19 Aprel 08:20  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30