Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın hesabları “düz gəlmədi”...

ABŞ-ın hesabları “düz gəlmədi”...

25.09.2024 [09:47]

Ermənipərəst konqresmenlər pis vəziyyətə düşdü...

Paşinyanın “yarımçıq sülh təklifi”nin Vaşinqton ssenarisi...

“Qarabağ kartı” arzusu iflasa uğradı

Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursu Cənubi Qafqaz üçün yeni gələcək formalaşdırmaqdadır. Regionun yeni inkişaf trayektoriyası isə müstəqil və milli maraqlara əsaslanan əməkdaşlıq platformalarının yaranması ilə start götürə bilər - bunun üçün ən vacib və ilkin şərt sülhdür.

2022-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlayan sülh danışıqları təxminən 2 ildən artıqdır ki, bu və ya digər şəkildə Ermənistan tərəfindən manipulyasiyaya uğradılır. Burada rəsmi İrəvanın özü ilə yanaşı, ona “dəstək verən güclər”in də “əli” görünməkdədir. Öncə fərqli yalanlarla “sülhpərvər qiyafədə” regiona müdaxilə imkanları axtaranlar buna nail ola bilmədikləri halda yeni yol seçdilər - ABŞ və Fransanın timsalında Aİ nüfuz mexanizmlərini “hərbi - siyasi yollara” transfer etməyə çalışdı. Bu “yol” da uğursuzluqla nəticələndi - belə olduğu halda...

Ermənipərəst Lantos Komissiyası yenidən “iş başında”...

30 illik işğal dövründə olduğu kimi ənənəvi yola “müraciət olunur” - bu dəfə də rıçaq olaraq “separatizm” mərəzi seçilir. Təsadüfi deyil ki, ABŞ son dövrlərdə “separatizmə yenidən süni nəfəs verməyə” niyyətlənib. Rəsmi Vaşinqtonun xüsusilə qanunverici orqanında “fəal işlər” aparılması faktı ortadadır. Yeri gəlmişkən, məsələ ilə bağlı “Caliber.az”da dərc olunan məqalədə də bildirilir ki, ABŞ-da “Qarabağ keysi”nin reanimasiyası prosesi fəal şəkildə başlayıb. Bunun sübutu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” mövzusunda keçirilən dinləmələrdir. Bu dinləmələrdə keçmiş separatçı rejimin nümayəndələri, o cümlədən “artsax respublikasının ombudsmanı” kimi təqdim edilən Geqam Stepanyan da iştirak edib.

Qeyd edilməlidir ki, sözügedən Lantos Komissiyası birmənalı şəkildə ermənipərəst marağın əsiri kimi çıxış edir. Bu “qurumun” anti-Azərbaycan fəaliyyətini göstərən bəzi konkret faktlara diqqət yetirək:

- 2020-ci il Vətən müharibəsi zamanı Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, həmçinin müharibədəki qələbəsini pisləyən bəyanatlar verdi. Məsələn, 2020-ci ilin oktyabrında komissiyanın bəzi üzvləri Azərbaycanın hərbi əməliyyatlarını tənqid etdi, Ermənistanın hərbi cinayətlərini isə görməzdən gəldi.

- Komissiyanın fəaliyyətininin əlaqələndirilməsində USAID rəhbəri Samanta Pauerin “fəaliyyəti” xüsusi qeyd edilməlidir. Onun Lantos Komissiyasındakı çıxışları zamanı Ermənistanın Azərbaycanın mülki obyektlərinə hücumları haqqında bir kəlmə də yer almadı - amma əksinə, yalan təbliğatla Ermənistana “zərərçəkmiş” donu geyindirilməyə çalışıldı.

- Komissiya 2021-ci ildə Qarabağdakı separatçı xuntaya yardım proqramlarının təşviqinə başladı. Məhz ABŞ-ın Maliyyə Yardımı Proqramları və Lantos Komissiyası vasitəsilə Qarabağdakı separatçılara yardımların artırılması ilə bağlı çağırışlar edildi. Bu yardımlar isə bölgədə “öz marağına uyğun” status - kvonun qorunmasına çalışmaq demək idi.

- Tom Lantos Komissiyası 30 il erməni zülmündən əziyyət çəkən, məcburi köçkün həyatı yaşayan, Ermənistan tərəfindən zorla köçürülmüş azərbaycanlılara humanitar yardım məsələlərini heç bir zaman dəstəkləməyib -Ermənistanın hərbi cinayətləri və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki dağıntılar komissiya tərəfindən diqqətdən kənarda saxlanılıb.

 - Komissiyanın erməni lobbi qrupları ilə əlaqələri isə gizlin hal deyil. Lantos Komissiyası erməni lobbi qrupları, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA) ilə sıx əlaqələr saxlayır. Məsələn, 2019-cu ilin mayında ANCA və Lantos Komissiyasının birgə tədbirində Azərbaycanın mövqeyinə zidd olan qərarların qəbulu ilə bağlı çağırışlar edilmişdi. Lobbi qrupları zaman-zaman komissiyaya Ermənistanın və erməni diasporunun maraqlarını təbliğ edən təkliflər təqdim edirlər.

Bu faktlar Lantos Komissiyasının fəaliyyətindəki qərəzli yanaşmanın dəqiq mənzərəsini formalaşdırır. Beləliklə, aparılan “dinləmələrin” mahiyyəti elə birinci raunddan bəlli olur - ermənipərəstlərin əsil qayəsi separatizmi dirçəltməyə dəstək olmaq, regiondakı reallıqlara təsir göstərməkdir.

Erməni məkri - “yarılmçıq sülh mətni”, yaxud İrəvan nə istəyirdi?

Qeyd edilən siyasi xətt isə heç də birtərəfli xarakter daşımır - Ermənistan da ABŞ-Fransa birliyinin bu yeni “trendinə” fəal surətdə qoşulub. Rəsmi İrəvandan “sülhlə” bağlı bəyanatların intensivləşməsi də bunun bariz göstərcisidir. “Caliber.az” yazır ki, Ermənistan son vaxtlar müxtəlif tribunalarda və müxtəlif səviyyələrdə (Paşinyan və Mirzoyan) bəyan edir ki, hətta qısaldılmış formada olsa belə, hər hansı sülh müqaviləsini imzalamağa hazırdır. Xüsusilə, sentyabrın 10-da “İrəvan dialoqları” beynəlxalq forumunun açılışında erməni baş nazir bildirdi ki, Azərbaycana artıq razılaşdırılmış sülh müqaviləsi mətnini imzalamaq təklif olunub və izah edib ki, sənəddə 13 bənd və preambula tam razılaşdırılıb, üç bənd isə qismən razılaşdırılıb.

Az keçmədi ki, eyni mövqe XİN rəhbəri Ararat Mirzoyandan da səsləndi - Ermənistan Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamağa hazırdır. Bəs niyə dünənə qədər sülhdən yayınanlar bu gün aktiv şəkildə imza atmağa hazır olduqlarını “bəyan edirlər”.

Burada əsas məsələ Ermənistanın sülh müqaviləsini məhz qısa variantda imzalamaq istəyidir. Onlar razılaşdırılmış bəndlərdən ibarət müqavilə hazırlayaraq tələm-tələsik imzalamaqla prosesi öz xeyirlərinə inkişaf etdirmək istəyirlər. Belə olduğu halda, müqavilə əbədi sülhü təmin edə bilmir - ən azından Ermənistan Konstitusiyasındakı məlum ərazi iddiaları bu müqaviləni hər an hüquqi qüvvədən sala bilər. Bu isə Azərbaycanın sülh baxışları ilə ziddiyyət təşkil edir.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanın bu mövqeyinə toxunub. Dövlət başçısı bildirib ki, iyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər: “Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar”.

Qərb məcburən gizli kartını açdı...

Azərbaycanın bu qətiyyətli və uzaqgörən mövqeyi isə qərbli “müttəfiqlərin” planlarını pozdu. Onlar “yarımçıq sülh”ün imzalanmasından sonra başlanacaq proseslərə indidən start vermək məcburiyyətində qalıblar. Yuxarıda qeyd edilən Lantos Komissiyasının keçirdiyi “dinləmələr”, son günlərdə bəzi ABŞ konqresmenlərinin “Qarabağ erməniləri” üzərindən müxtəlif mənşəli təşəbbüslər irəli sürməsi bunun təzahürüdür. Onlar düşünürdülər ki, yarımçıq sülhün imzalanması isə sənəddən çıxarılan bəndlər fərqli motiv və izahda yenidən gündəmə gətiriləcək və bu yolla da Azərbaycana təzyiq etmək daha da asanlaşacaq. Beləliklə, yeni “vasitəçiilk” institutunun fəaliyyətə başlamaq perspektivi yaranacaq və ya ABŞ-Fransa cütlüyündən ibarət alayarımçıq Minsk qrupu bu məsələni öz “öhdəliyinə” götürəcək. Bu isə Qərbin nəinki bölgədə yenidən proseslərə müdaxilə imkanlarını artıracaq, açıq şəkildə Qərb maraqlarının regiona transferinə şərait yaratmış olacaqdı.

Başı bir dəfə daşa dəyən Ermənistan düşünməlidir...

ABŞ və Fransa bu alternativ planı quran zaman bir mühüm detalı “gözdən qaçırmışdı” - Azərbaycan dövlətinin siyasi fəhmini. Hər bir addımı, qərarı planlaşdırılmış və düşünülmüş şəkildə atan Azərbaycan özünün  dövlət siyasətini yaxın hədəflər üçün müəyyənləşdirmir - əksinə, biz bütün addımlarımızı möhkəm özüllər üzərində formalaşdırırıq.

Sülh prosesi ilə bağlı məqamlar da bu parametrlərə əsaslanır. Azərbaycan açıq şəkildə bəyan edir ki, Ermənistan hakimiyyətinin sülh sazişi layihəsini razılaşdırılmamış müddəaları çıxarmaqla imzalamaq təklifini qəbuledilməz hesab edir. Eyni zamanda, birmənalı şəkildə vurğulanır ki, razılaşdırılmamış müddəaları mətndən çıxarmaqla sülh sazişinin imzalanmasına çağıraraq Ermənistan mövcud problemləri növbəti mərhələyə saxlamağa çalışır.

Amma Ermənistan bununla bağlı iki dəfə düşünməlidir - bir dəfə yalançı dəstəklər qarşılığında 30 il inkişafdan, regional əməkdaşlıqdan  kənarda qalıb. Bu dəfə daha təhlükəli oyuna “baş vururlar” - bu isə həm ermənilərin özləri, həm də onların dövlətçiliyi üçün pis nəticələr vəd edir. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31