Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qlobal əhəmiyyət daşıyan humanitar diplomatiya

Qlobal əhəmiyyət daşıyan humanitar diplomatiya

27.02.2025 [10:24]

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyətini qəbul edib

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə reallaşdırdığı çoxsaylı layihələrlə dövlət siyasətinə güclü dəstək verir. Eyni zamanda, Fondun ölkə hüdudlarından kənarda həyata keçirdiyi humanitar məzmunlu geniş fəaliyyət də təqdirlə qarşılanır. Deyə bilərik ki, Fond dünyada Azərbaycanın xoşməramlı rəmzinə çevrilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu günlərdə Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirakı quruma və bütövlükdə ölkəmizə beynəlxalq səviyyədə marağın artdığını əyani şəkildə təsdiqləyir.

Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr

Dünyanın indiki reallıqları humanitar nöqteyi-nəzərdən olduqca kədərlidir.Yeni növ koronavirus pandemiyasının, ayrı-ayrı regionlarda səngiməyən müharibələrin, iqlim dəyişmələrinin fəsadları çox ağırdır. Belə reallıq fonunda humanitar diplomatiyanın qlobal əhəmiyyət daşıdığı aydın şəkildə dərk olunur.  Forumda Leyla Əliyeva “Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər” adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.

Azərbaycan da müstəqilliyinin ilk vaxtlarından humanitar böhranla üzləşən ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalına məruz qalan  ərazilərimizdə təxminən bir milyon insan ev-eşiyini tərk etmək məcburiyyətində qaldı. Onlar uzun illər boyunca çadırlarda, vaqonlarda, yararsız binalarda yaşadılar. Bu, əsl humanitar fəlakət idi. 

Azərbaycan çətinliklərin öhdəsindən gəlməyi, üç onillikdən sonra ərazi bütövlüyünü və suverenliyini təmin etməyi bacardı.  Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib. Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Son illərdə respublikamızda Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında könülülük institutunun yaranması Azərbaycanın müsbət reallıqlarından biridir. Hazırda ölkəmizdə sıralarında minlərlə gənci birləşdirən böyük könüllülər ordusu var. O cümlədən könüllülər humanitar layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək, mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Bəhreyn Krallığında səmimi görüş

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyətini qəbul edib.  Leyla Əliyeva və Arzu Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub. Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.

Ötən ilin noyabr ayında respublikamız COP29-a böyük uğurla ev sahibliyi etməklə iqlim çağırışlarına necə həssaslıqla yanaşdığını ortaya qoydu.

Konfransda Azərbaycanın səyləri sayəsində konkret nəticələr əldə olundu. Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkili münasibətilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm dəstəyi xüsusi vurğulayıb.

Azərbaycan və Bəhreyn Krallığı arasında əlaqələr dostluq və əməkdaşlığa əsaslanır. 6 noyabr 1996-cı il tarixində iki ölkə arasında diplomatik münasibətlər qurulub. Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu bildirilib.

Qeyd edilib ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin bir aya yaxın müddətdə paytaxt Manamada təqdim olunması ölkələrimiz arasında sıx mədəni əlaqələrin mövcudluğuna bariz nümunədir. 2024-cü ildə Bakıda Heydər Əliyev Mərkəzindəki təqdimatından sonra Bəhreyn bu beynəlxalq layihəyə ev sahibliyi edən ilk ölkədir. Bildirilib ki, mədəni layihələr Azərbaycan və Bəhreyn arasında dövlət səviyyəsində mövcud əlaqələrin daha da genişlənməsinə, xalqlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən beynəlxalq layihələrinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəaliyyətləri xüsusi vurğulanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31