Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda ASAIF-ın XI Yay Forumu işə başlayıb

Bakıda ASAIF-ın XI Yay Forumu işə başlayıb

31.08.2013 [09:23]

Avqustun 30-da “Fairmont Baku” otelində Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI Yay Forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə ASAIF-ın yaranma tarixindən bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə ASAIF-ın sədri Ramin Həkimov bildirib ki, üçgünlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir.
Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğıdan və bu sahədə ASAIF-ın gördüyü işlərdən danışıb.
M.Cabbarov vurğulayıb ki, respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilib. Lakin sonradan onların çoxunun taleyi bəlli olmayıb. Xaricdə təhsillə bağlı ikinci dalğa isə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Onun Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illəri əhatə edib. Yüzlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilib. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən nazir deyib ki, hazırda 10 mindən artıq azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır və onların sayı ildən-ilə artır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov gənclərlə birlikdə olmaqdan qürur duyduğunu, onların qarşısında çıxış etməyin böyük məsuliyyət tələb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan son 20 illik dövrdə möhtəşəm inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyanın ən sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl ölkələrindən biridir. Bu uğurların qazanılmasında cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin də böyük rolu var.
Gənclərimizin xarici ölkələrdə təhsil almalarının Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük rolunu qeyd edən Ağsaqqallar Şurasının sədri gənclərə və məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi tövsiyə edib, forumun işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirdə çıxış edərək vurğulayıb ki, müxtəlif ölkələrdə təhsil alan 600 gəncin forumda iştirakı respublikamızın iqtisadi inkişafının, gücünün əyani sübutudur. Gündən-günə çiçəklənən respublikamızın bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır.
Prezident Administrasiyasının rəsmisi azərbaycanlı gənclərin xaricdə təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Gənclərin bütün sahələrdə uğurlarını vurğulayan E.Aslanov deyib ki, vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq, bütün gənclər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmalı, ölkəmizi layiqincə təmsil və təbliğ etməlidirlər.
Şöbə müdiri vurğulayıb ki, Prezident İlham Əliyev informasiya müharibəsində Azərbaycanın qələbəsindən danışarkən bu məsələdə gənclərimizin üzərinə düşən vəzifələri xüsusi qeyd edib. Həqiqətən gənclər XXI əsrdə Azərbaycanı yeni uğurlara aparacaq, müstəqilliyimizi daha da gücləndirəcək qüvvədir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov forum iştirakçılarını təbrik edib, müxtəlif ölkələrdə təhsil alan gənclərin və məzunların bir araya gətirilməsinə səbəb olan tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, 40-dan çox xarici ölkədə təhsil alan azərbaycanlı gənclərin forumda iştirakı Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına” çevrilməsi ideyasının reallaşmasının parlaq nümunəsidir.
Sonra forum işini “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri, ASAIF-ın həmtəsisçisi Orxan Əkbərovun moderatorluğu ilə “Gənclik, lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ” mövzusunda panel iclası ilə davam etdirib.
İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan danışıb, ölkəmizin əldə etdiyi nailiyyətlər, iqtisadi inkişaf göstəriciləri haqqında forum iştirakçılarına ətraflı məlumat verib. Nazir müavini bildirib ki, xarici siyasətdə əsas məsələ beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Azərbaycan qonşu ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir və onlarla sabit, uzunmüddətli əməkdaşlığa söykənən əlaqələr qurub.
Forumun keçirilməsini yüksək qiymətləndirən X.Xələfov ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açıb, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran F.Məmmədov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa çağırıb. SAM-ın direktoru gəncləri xarici ölkələrdə ölkəmizi təmsil etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırıb.
Sonra mövzular ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Avqustun 31-də forumun işi panel iclasları ilə davam etdiriləcək.

Paylaş:
Baxılıb: 1138 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31