Avropa DƏMİR MƏNTİQ qarşısında...
07.10.2025 [11:31]
Azərbaycanın qitələrarası tərəfdaş statusu təsdiqlənir...
Kopenhagen görüşləri Bakının siyasi nüfuzunu, etimadını və gücünü bir daha nümayiş etdirdi
Müasir qlobal nizam beynəlxalq münasibətlər sisteminə mühüm istiqamətlər qazandırmaqdadır. Artıq dövlətlərin yeri və nüfuzu daha çox əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr, qlobal təşəbbüslər, eləcə də regional inkişafa göstərdiyi dəstəklə müəyyənləşir. Sirr deyil ki, Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş, siyasi sabitliyin və inkişafın rəmzi kimi tanınır. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursu nəticəsində ölkəmiz yalnız regional deyil, həm də qlobal miqyasda söz sahibi dövlətlər sırasında yer alır. Rəsmi Bakının beynəlxalq münasibətlər sistemində artan nüfuzu isə siyasi arena ilə paralel, həm də iqtisadi, enerji və təhlükəsizlik istiqamətlərində özünü aydın göstərir.
Bu nüfuzun formalaşmasında isə bir neçə mühüm amil rol oynayır:
- Sabit daxili siyasət;
- Müstəqil qərarvermə xətti;
- Beynəlxalq hüquqa əsaslanan yanaşmalar və qarşılıqlı maraqlara əsaslanan diplomatiya.
Təsadüfi deyil ki, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasəti onu həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaşa çevirib. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə regionda tamamilə yeni siyasi reallıq yaradaraq Azərbaycanın nüfuzunu daha da gücləndirdi. Bu gün beynəlxalq dairələr Azərbaycanı sülhün, bərpa və inkişafın təşəbbüskarı kimi qəbul edir. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda səsləndirdiyi prinsipial və arqumentli çıxışları həm Qərbdə, həm də digər mərkəzlərdə ölkəmizin mövqelərinə hörmət qazandırıb. Avropa Siyasi Birliyinin son Kopenhagen Zirvəsi də bu deyilənləri təsdiqləyir.
Avropa Siyasi Birliyi - Yeni geosiyasi format
Avropa Siyasi Birliyi (ASB) nisbətən gənc qurumdur - 2022-ci ildə yaradılan bu qurumun əsas məqsədi Avropanın siyasi məkanında həm Avropa İttifaqına üzv, həm də üzv olmayan dövlətləri ortaq dəyərlər, təhlükəsizlik və enerji məsələləri ətrafında birləşdirməkdir. Yaranan gündən etibarən qurum aktual mövzuların müzakirəsini ön planda tutur - Ukrayna müharibəsi, enerji böhranı və Avropada artan geosiyasi parçalanma fonunda ASB bir növ “siyasi dialoq və həmrəylik platforması” kimi meydana çıxıb. ASB Avropanın sərhədləri daxilində demokratiya, təhlükəsizlik, enerji müstəqilliyi və geosiyasi sabitlik məsələlərinin müzakirə olunduğu ən geniş siyasi platforma hesab olunur. Qurumun ilk toplantısı 2022-ci ilin oktyabrında Praqada keçirilib. Ardınca Kişineu, Granada və son olaraq London görüşləri Avropanın gələcək təhlükəsizliyi, enerji əməkdaşlığı, rəqəmsal transformasiya və miqrasiya problemləri kimi mövzulara həsr olunub. Müzakirə predmetləri arasında qeyd olunduğu kimi, təhlükəsizlik və müdafiə əməkdaşlığı, enerji dayanıqlığı və iqlim siyasəti, regional nəqliyyat və kommunikasiya, demokratiya və hüquq müstəvisində əməkdaşlıq kimi mühüm qlobal prinsiplər yer almaqdadır. Bu görüşlərdə Avropanın həm daxili sabitliyi, həm də qonşuluq siyasətindəki risklər əsas diqqət mərkəzində olur. Azərbaycan kimi strateji ölkələrin iştirakı isə bu müzakirələrə real məzmun qazandırır. Çünki Azərbaycan bu gün mühüm bir coğrafiyada formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqlarla Avrasiyanın yeni gündəmini yaradır. Yeni regional təhlükəsizlik arxitekturası qurmaqla, Zəngəzur dəhlizi (TRİPP) ideyasını gerçəkləşdirməklə, Orta dəhlizi diversifikasiyasını həyata keçirməklə, Şərq-Qərb kontenti üzrə əlaqələrin inteqrasiyasına yeni bir nəfəs verməklə Azərbaycan qlobal cənub ilə Qlobal Şimal, Şərq ilə Qərb arasında körpü rolunu oynayır.
Azərbaycanın ASB-də yeri və əhəmiyyəti...
Azərbaycan ASB formatında hər zaman arzuolunan tərəfdaş və etimada layiq qonaq kimi iştirak edir. ASB-nin təşkilatçılarının Bakını bu müzakirələrə dəvət etməsi Azərbaycanın regionda sabitləşdirici və birləşdirici roluna verilən qiymətin təzahürüdür. Prezident İlham Əliyevin ASB toplantılarında iştirakı zamanı qarşı tərəfin təşəbbüskarlığı, Avropa liderlərinin görüşlərə xüsusi maraq göstərməsi diqqətçəkicidir. Avropa liderləri anlayırlar ki, Qafqazda sülh və enerji təhlükəsizliyi məsələləri Azərbaycanın iştirakı olmadan həll edilə bilməz. Azərbaycanın ASB toplantılarında iştirak etməsi həm də ölkəmizin Avropanın siyasi xəritəsindəki yerini daha da möhkəmləndirir. Bakı enerji təhlükəsizliyi, nəqliyyat və regional sabitlik məsələlərində Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
Eyni zamanda, Azərbaycan bu platformada öz milli maraqlarını qorumaqla yanaşı, regionda dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqinə mühüm töhfə verir. Bu gün Avropa ölkələri üçün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də sülh və sabitliyin qarantı kimi dəyərləndirilir. Azərbaycanın müstəqil siyasət aparması, qərarlarını xarici təzyiqlərdən asılı olmadan verməsi Avropada hörmət və etimadla qarşılanır.
Kopenhagen görüşləri - Bakı yeni dövrdə əsas istinad mərkəzlərindən biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı ölkəmizin qlobal və regional diplomatiyadakı fəal rolunu bir daha nümayiş etdirdi. Bu formatda keçirilən tədbir yalnız siyasi baxımdan deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıqların qurulması üçün strateji platforma olaraq çıxış edir. Dövlət başçımızın bu zirvədə apardığı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlar arasında artan nüfuzunun və ona olan marağın bariz nümunəsinin təsdiqidir - İtaliya, Fransa Niderland, Ukrayna, Moldovanın dövlət və hökumət başçıları ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərində Azərbaycanın vacib və etibarlı tərəfdaş olması xüsusi vurğulanıb. Ölkəmizin xüsusilə, Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdirilib. Paralel olaraq Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmassında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da qeyd edilib. Bu bir daha onu göstərir ki, Azərbaycan yeni dövrdə dünyanın əsas istinad mərkəzlərindən biri kimi çıxış etmək iqtidarındadır.
Yeni münasibətlər - Bakının qətiyyəti öz sözünü deyir...
Kopenhagen görüşləri bir mənada da seçildi - son 5 ildə Avropanın Azərbaycana münasibətində yeni istiqamətlər, yeni yanaşmalar müşahidə olunmaqdadır. Son dövrlərə qədər Azərbaycana qarşı “erməni sevigisi” üzərindən münasibət müəyyənləşdirənlər belə artıq Bakının qətiyyəti, dəmir məntiqi və ortaya qoyduğu mövqe qarşısında geri çəkilir - bunun bariz nümunələri mövcuddur. Avropadan Azərbaycana qarşı səslənən yersiz bəyanatlar, hətta qəbul olunan əsassız qətnamələr belə bu gün dəmir məntiqə təslim olur. Bir zamanlar bizi AŞPA-dan imtina ilə bağlı “ittiham” edənlər bu gün Azərbaycanı güvənilir tərəfdaş adlandırır.
Təbii ki, bütün bunlar Azərbaycanın dönməz siyasi məntiqindən irəli gəlir. Konkret olaraq həm Zirvə çərçivəsində baş tutan görüşlərdə, həm də toplantıda Azərbaycanın diplomatik çevikliyi və qlobal əməkdaşlığa açıq siyasətinin ön planda tutulması hər kəsi tərki-silah etdi - bütün Avropa kontingentinin ölkəmizə qarşı xüsusi maraq göstərməsi ən xırda elementləri ilə ortadadır. Vurğulandığı kimi, bunun arxasında yorulmaz fəaliyyət və bütövlükdə qlobal proseslərə ədalətli yanaşma, qətiyyət dayanır. Məhz bu kimi davranışlar və mövqe Bakının qlobal istinad nöqtələrindən birinə çevrilməsini təmin edir.
Müasir dövrün yeni siyasi xətti - ardıcıllıq və prinsipiallıq...
Beləliklə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və Avropa ilə münasibətlərdə formalaşan yeni əməkdaşlıq modeli ölkəmizin qlobal siyasətdəki rolunu daha da gücləndirir. Avropa Siyasi Birliyinin Kopenhagen toplantısında keçirilən görüşlər isə Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, Avropada ölkəmiz haqqında formalaşan təsəvvürlərin də dəyişdiyini göstərir: artıq Azərbaycan “region ölkəsi” deyil, “qitələrarası tərəfdaş” statusuna malikdir.
Azərbaycanın qlobal etimad qazanmasında sistemli diplomatik fəaliyyət, beynəlxalq enerji layihələrinin uğurlu reallaşdırılması və humanitar əməkdaşlıq mexanizmlərinin yaradılması mühüm rol oynayıb. Enerji diplomatiyası istiqamətində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm halqaya çevrilməsinə şərait yaradıb. Avropa dövlətləri bu gün etiraf edirlər ki, Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirən strateji tərəfdaşdır.
Bununla yanaşı, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlarda ölkəmizin fəal iştirakı Azərbaycanın beynəlxalq etimadını daha da artırıb. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyəti yeni nəfəs qazanıb, bu da ölkəmizin qlobal səviyyədə sözünün çəkisini daha da yüksəldib. Azərbaycanın mədəni diplomatiyası - multikulturalizm modeli, tolerantlıq mühiti və humanitar forumlar vasitəsilə dünyaya təqdim olunur. Bu siyasət nəticəsində Azərbaycan yalnız enerji və təhlükəsizlik sahəsində deyil, həm də mədəniyyətlərarası dialoq və humanizm platforması kimi qəbul edilir.
Prezident İlham Əliyevin ardıcıl və prinsipial diplomatik xətti nəticəsində Azərbaycan beynəlxalq etimad mühitində özünə layiqli yer tutub. Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət, maraqların balansı və inam mühiti gələcək əməkdaşlığın əsasını təşkil edir. Bu reallıq onu göstərir ki, Azərbaycan müstəqil siyasətini qorumaqla yanaşı, Avropanın siyasi birliyinə, enerji sabitliyinə və sülh gündəliyinə mühüm töhfə verir. Nəticə etibarilə, Azərbaycan bu gün artıq təkcə regionun deyil, bütövlükdə Avrasiyanın sabitlik və etimad mərkəzlərindən biri kimi qəbul olunur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
06 Oktyabr 23:31

Dünya
06 Oktyabr 23:17

Dünya
06 Oktyabr 22:53

İqtisadiyyat
06 Oktyabr 22:25

Dünya
06 Oktyabr 21:40

Hadisə
06 Oktyabr 21:30

Elm
06 Oktyabr 21:19

Dünya
06 Oktyabr 20:55

Dünya
06 Oktyabr 20:32

İqtisadiyyat
06 Oktyabr 20:28

Dünya
06 Oktyabr 19:48

Dünya
06 Oktyabr 19:30

YAP xəbərləri
06 Oktyabr 19:26

Dünya
06 Oktyabr 19:21

YAP xəbərləri
06 Oktyabr 18:53

YAP xəbərləri
06 Oktyabr 18:25

YAP xəbərləri
06 Oktyabr 18:24

İqtisadiyyat
06 Oktyabr 18:24

YAP xəbərləri
06 Oktyabr 17:25

Siyasət
06 Oktyabr 16:57

Dünya
06 Oktyabr 16:56

İqtisadiyyat
06 Oktyabr 16:55
YAP xəbərləri
06 Oktyabr 16:31
YAP xəbərləri
06 Oktyabr 15:42

Sosial
06 Oktyabr 15:06

İdman
06 Oktyabr 15:00
YAP xəbərləri
06 Oktyabr 14:57

YAP xəbərləri
06 Oktyabr 14:21

Siyasət
06 Oktyabr 13:42

YAP xəbərləri
06 Oktyabr 13:30

Siyasət
06 Oktyabr 12:59

YAP xəbərləri
06 Oktyabr 12:58

Gündəm
06 Oktyabr 12:46

Elanlar
06 Oktyabr 12:43

Sosial
06 Oktyabr 12:30

Sosial
06 Oktyabr 12:02

Dünya
06 Oktyabr 12:00

Elanlar
06 Oktyabr 11:54

Gündəm
06 Oktyabr 11:53

İdman
06 Oktyabr 11:31

Hadisə
06 Oktyabr 11:10

İqtisadiyyat
06 Oktyabr 11:05

İqtisadiyyat
06 Oktyabr 11:02

Maraqlı
06 Oktyabr 10:42

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 09:50

Dünya
06 Oktyabr 09:21

Hadisə
06 Oktyabr 08:47

Dünya
05 Oktyabr 23:19

Dünya
05 Oktyabr 22:34

Dünya
05 Oktyabr 21:18

Dünya
05 Oktyabr 20:25

Maraqlı
05 Oktyabr 19:41

Dünya
05 Oktyabr 18:30

Maraqlı
05 Oktyabr 17:28

Dünya
05 Oktyabr 16:33

Maraqlı
05 Oktyabr 15:22

YAP xəbərləri
05 Oktyabr 14:52

Xəbər lenti
05 Oktyabr 14:40

Dünya
05 Oktyabr 14:35

Dünya
05 Oktyabr 14:19

Dünya
05 Oktyabr 13:54

Dünya
05 Oktyabr 13:20

İdman
05 Oktyabr 12:40

Dünya
05 Oktyabr 12:16

Dünya
05 Oktyabr 11:48

İdman
05 Oktyabr 11:22

Hadisə
05 Oktyabr 10:56

Sosial
05 Oktyabr 10:25
