Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyaya Bakı nümunəsi: Regional münaqişələrdən qlobal sülh gündəminə

Dünyaya Bakı nümunəsi: Regional münaqişələrdən qlobal sülh gündəminə

15.10.2025 [11:18]

Azərbaycan Yaxın Şərq sülh dialoqunun əsas iştirakçısı kimi

Azərbaycan qlobal diplomatiyanın aparıcı dövlətlərindəndir  - Yaxın Şərqdə sülhə yönələn yeni mərhələ...

Dünyanın siyasi-hərbi reqlamenti dəyişməkdədir - başqa sözlə, dünya artıq kataklizmlərdən, qarşıdurmalardan və geosiyasi gərginliklərdən yorulub. Bunun nəticəsidir ki, qlobal sistemin sabitliyi hərbi gücdə deyil, qarşılıqlı anlaşmada və dialoqda axtarılır. Bu gün sülh təkcə mənəvi dəyər deyil, həm də dövlətlərin davamlı inkişafının, iqtisadi inteqrasiyanın və bəşəri tərəqqinin əsas şərtinə çevrilib. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində yaranan yeni xəritə məhz əməkdaşlıq üzərində qurulmalıdır - bunu dərk edən beynəlxalq aləm yeni sistemdə hərbi qarşıdurmaları davamlı sülh və danışıq prosesi ilə əvəzləməyə çalışır. Çünki hətta kiçik regional qarşıdurmalar və münaqişələr təkcə lokal məkanlara deyil, bütün dünya iqtisadiyyatına və enerji təhlükəsizliyinə təsir göstərir. Buna görə də sülh - yalnız humanitar deyil, həm də geosiyasi prioritetə çevrilib. Yaxın Şərq isə dünyanın ən həssas nöqtələrindən biri olaraq, onilliklər boyu sabitliyə deyil, qarşıdurmaya köklənmiş, qarşıdurmaların yaşandığı məkan kimi xarakterizə olunub. Belə demək mümkündürsə, Yaxın və Orta Şərqdə baş verən əksər hadisələr qlobal siyasətin nəbzinə ən yüksək təsirə malik olub, beynəlxalq münasibətlərə fərqli ton və yön verib. Bu gün isə həmin coğrafiyada da vəziyyət dəyişməyə məhkumdur. Dünya ictimaiyyəti, böyük güclər və regional liderlər artıq anlayır ki, sabit Yaxın Şərq olmadan nə Avropa, nə Asiya, nə də Afrika tam sabitlik və rifah içində ola bilməz, iqtisadi əməkdaşlıqlar gözlənən effekti verə bilməz. Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bu baxımdan tarixi hadisədir. Sammitin çağırılması və məqsədi göstərir ki, bəşəriyyət artıq qarşıdurmadan deyil, əməkdaşlıqdan qazanc əldə etmək istəyir.

Azərbaycan: sülh çağırışının simvolu

Sirr deyil ki, Azərbaycan hər zaman sülhün və dialoqun tərəfdarı olub. Ölkə 30 il işğala məruz qalaraq yaşasa da, heç vaxt revanşist düşüncə ilə çıxış etməyib. Əksinə, beynəlxalq hüquqa, diplomatik normalara əsaslanaraq, haqlı mövqeyini siyasi və hüquqi müstəvidə müdafiə edib. 44 günlük Vətən müharibəsi bu ədalətin bərpası, beynəlxalq hüququn reallaşması və regionda yeni sülh reallığının başlanğıcı oldu.

Azərbaycan bu gün də sülhün həm ən böyük çağırışçısı, həm də  onun praktik təminatçısıdır. 2022-ci ildən start verdiyi proseslə ölkəmiz Cənubi Qafqazda postmünaqişə sülh dövrünün modelini yaradıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda sülh müqaviləsi istiqamətində aparılan danışıqlar göstərir ki, Azərbaycanın diplomatik fəlsəfəsinin əsasında “qarşılıqlı etimad və əməkdaşlıq” prinsipi dayanır. Məhz bu təcrübəyə görə, Azərbaycan beynəlxalq aləmdə sülhün praktiki tərəfdarı kimi qəbul olunur.

Bakı Yaxın Şərq məsələlərində də oldaqca aktiv bir mövqeyə sahibdir. Ölkəmizin Yaxın və Orta Şərq regionundakı konfrantasiyaların həlli prosesində nümayiş etdirdiyi uğurlu vasitəçilik missiyası bütün dünya tərəfindən təqdir olunur. Azərbaycan bu missiyanı yerinə yetirərkən ədalətlin və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edir -səmimi sülhün yaranması üçün vasitəçi rolda olan dövlət və ya təşkilatların prosesə aydın, birtərəfli olmayan, ümumi mənaeyə əsaslanan yanaşması mütləqdir. Azərbaycanın Yaxın Şərqə münasibətdə tutduğu mövqe də məhz bu parametrlərə əsaslanır. Azərbaycan İsrail -Suriya münasibətlərində yeni mərhələnin başlanması, prosesin dialoq müstəvisndə inkişaf üçün vacib bir fəaliyyət ortaya qoymaqdadır. Bakıda tərəflər arasında danışıqlar prosesinin bir neçə raundunun reallaşması da deyilənləri təsdiqləyir - başqa sözlə, Bakı bu gün Yaxın və Orta Şərqdə yaradılması nəzərdə tutulan sülh prosesinin uğurlu memarlarından biridir. Biz hər zaman bildirmişik ki, istənilən qarşıdurmanın uzunmüddətli həlli yalnız dialoq, qarşılıqlı hörmət və ədalət üzərində qurula bilər. Bu səbəbdən Bakının Misir sammitinə dəvəti təsadüfi deyil - bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının göstəricisidir.

Yaxın Şərq Sülh Sammitinin hədəfləri - dünyaya sülh!

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti regionun son onilliklərdə yaşadığı ən dərin siyasi dialoqlardan birinə çevrilmək perspektivnə malikdir. Sammitin əsas məqsədi bölgədə davam edən münaqişələrə - xüsusilə Fələstin-İsrail, Suriya-Livan və Yəmən böhranlarına diplomatik həll mexanizmləri tapmaqdır. Bir çox siyasi mütəxəssislər proqnozlaşdırır ki, Sammitin nəticələrindən irəli gələcək fəaliyyət əsasən həm humanitar vəziyyəti, həm də təhlükəsizlik arxitekturasını yeniləməyə hədəflənəcək. Çünki bu gün Yaxın Şərqdə yaranacaq sabitlik tək bir dövlətin deyil, bütün bəşəriyyətin ümumi qazancı olacaq. Sülhün bərqərar olması yalnız bölgəyə deyil, dünya iqtisadiyyatına, enerji bazarlarına və beynəlxalq ticarətə də yeni nəfəs gətirəcək. Çünki Yaxın Şərq hələ də dünyanın enerji və logistik arteriyalarından biridir və burada sabitlik qlobal qiymətlərin, nəqliyyat-logistika zəncirinin və qida təhlükəsizliyinin təminatçısı deməkdir.

Hələ tədbirdən öncə məsələ ilə bağlı bəzi fikirlərini bölüşən qərb politoloqları müzakirələr zamanı “Yeni Yaxın Şərq diplomatiyası” anlayışının da gündəmə gəlmə ehtimalını dəyərləndirirdi. Bir müddət öncə də xarici KİV-lərdə müzakirə olunan bu konsepsiya region ölkələrinin bir-birinə qarşı deyil, bir-biri ilə əməkdaşlıq içində inkişafını nəzərdə tutur. Beləliklə də, artıq dövlətlər güc balansını dəyişmək deyil, ümumi rifah naminə diplomatik koordinasiyanı dərinləşdirmək niyyətindədir.

Ən mühüm məqam və gözlənti isə ondan ibarətdir ki, sammitin nəticələri sadəcə bəyanatla və ya hər hansı imzalanan başqa bir sənədlə məhdudlaşaraq qalmasın - burada konkret əməkdaşlıq planları, infrastruktur layihələri və enerji təhlükəsizliyi üzrə mexanizmlər də təqdim olunsun. Məhz bu amil Yaxın Şərqdə sülh ideyasını bu dəfə kağız üzərində deyil, real siyasi gündəlikdə formalaşdırmaq gücünə malik olacaq.

Bakının sammitdə iştirakı: sülhpərvər mövqenin davamı

Beləliklə, Azərbaycanın Yaxın Şərq Sülh Sammitində təmsil olunması bir daha göstərir ki, Bakı artıq qlobal diplomatiyanın ayrılmaz iştirakçısına çevrilib. Bu iştirak təkcə siyasi deyil, həm də mənəvi mahiyyət daşıyır. Azərbaycan Yaxın Şərqdə baş verən hadisələrə hər zaman ədalət və beynəlxalq hüquq prizmasından yanaşır. Azərbaycan həm Türkiyə-İsrail, həm də Suriya - İsrail ilə münasibətlərdə barışdırıcı və ədalət prizmasında siyasət aparan ölkələrdəndir. Bakı bu münasibətlərin tənzimlənməsində dialoq körpüsü rolunu oynayır. Azərbaycanın bu yöndə təmin etdiyi diplomatik xətt göstərir ki, o, regional sabitliyin təminatçısı olmaqla yanaşı, həm də böyük dövlətlər arasında körpü funksiyasını uğurla yerinə yetirir.

Sülh sammitində Azərbaycanın iştirakı həm də simvolik məna daşıyır: bu, sülhü qələbədən sonra da qorumağın mümkünlüyünü göstərən təcrübənin paylaşılmasıdır. Azərbaycan bu mənada “sülhün bərpası” deyil, “sülhün möhkəmləndirilməsi” modelini təklif edir.

Göründüyü kimi, Bakının sülhpərvər imici artıq beynəlxalq brendə çevrilib. Qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və humanitar diplomatiya sahəsində Azərbaycanın oynadığı rol Yaxın Şərq üçün də nümunə kimi təqdim olunur. Sammitdə iştirak ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş, balanslı vasitəçi və humanist diplomatiya nümunəsi olduğunu bir daha təsdiqləyir.

Azərbaycanın beynəlxalq nüfuzu və ardıcıl siyasi qətiyyəti...

Azərbaycanın Yaxın Şərq sammitində xüsusi dəvət əsasında təmsil olunması bir çox nüanslardan xəbər verir:

- Bakı artıq regional deyil, qlobal diplomatik gücə çevrilib;

- Bakı həm Qərb, həm Şərq, həm də Qlobal Cənubla münasibətlərində davamlı siyasət aparır. Bu siyasət qarşılıqlı hörmət, iqtisadi əməkdaşlıq və siyasi dialoq prinsiplərinə əsaslanır;

- Münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dostluğa əsaslanan tezislər ortaya qoyur;

- Coğrafi imkanların yaxın-uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirir;

- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaşlıq və strateji əməkdaşlıq müstəvisi yaradır;

- Nəhayət, fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alır.

Məsələn, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqlim məsələləri kimi sahələrdə əməkdaşlıq iki ölkə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Eyni zamanda, Azərbaycan Qlobal Cənub ölkələri ilə də çoxşaxəli əlaqələr qurur. Afrika, Asiya və Latın Amerikası dövlətləri ilə iqtisadi əməkdaşlıq platformaları, humanitar və texnoloji layihələr reallaşdırır - bu isə onu göstərir ki, Bakı öz siyasətini yalnız regional maraqlarla məhdudlaşdırmır.

Paralel olaraq, beynəlxalq aləmdə artan nüfuz həm də Azərbaycanın müstəqil siyasət yürütməsindən qaynaqlanır. Bakı heç bir blokun diktəsi ilə deyil, milli maraqlar və beynəlxalq hüququn prinsipləri çərçivəsində qərar verir. Bu isə ölkəni bu gün beynəlxalq sistemin sabitləşdirici faktoru kimi göstərir.

Məhz bu ardıcıl siyasətin nəticəsidir ki, Azərbaycan həm Qərb, həm də Şərq paytaxtlarında etibarlı tərəfdaş kimi qəbul olunur. Misirdə keçirilən sülh sammitində Bakının mövqeyinə hörmətlə yanaşılması da bunun sübutudur.

Sülh çağırışından qlobal əməkdaşlığa

Yaxın Şərq Sülh Sammiti bir daha onu göstərir ki, dünya artıq qarşıdurma yox, qarşılıqlı anlaşma əsasında yeni səhifə açmaq istəyir. Bu prosesdə Azərbaycanın rolu sadəcə müşahidəçi deyil, həm də fəal iştirakçıdır. Azərbaycanın sammitdə iştirakı bir daha təsdiqləyir ki, Bakı müharibə təcrübəsini sülh dərsinə çevirə bilən nadir ölkələrdəndir. Ölkəmizin diplomatik fəlsəfəsinin əsasında duran prinsip aydındır - ədalət olmadan sülh, sülh olmadan inkişaf mümkün deyil.

Bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə də sülhün, təhlükəsizliyin və əməkdaşlığın etibarlı dayağıdır. Misirdə keçirilən sammitdə Bakının səsi bu istiqamətdə atılan qlobal addımların mühüm bir hissəsidir.

Yaxın Şərqdə sülh bərqərar olarsa, bu, dünyanın hər nöqtəsinə təsir edəcək. Çünki sülh - təkcə coğrafi məsələ deyil, həm də bəşəri məsuliyyətdir. Və bu məsuliyyəti öz üzərinə götürən dövlətlər sırasında Azərbaycanın adı artıq ön sıradadır.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

Xəbər lenti

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Siyasət

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31