Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabah hamı üçün gec ola bilər...

Sabah hamı üçün gec ola bilər...

01.11.2025 [11:28]

Yaşıl keçid: Azərbaycanın qlobal çağırışlarla uzlaşan gündəliyi

Hazırda bütün dünya üzrə böyük aktuallıq daşıyan çağırışlardan biri ətraf mühit problemləri ilə bağlıdır. Bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreş bəhs olunan mövzuda ciddi narahatlığını yenidən ifadə edib. O bildirib ki, yaxın illərdə Yer kürəsinin temperaturu 1,5°C-dən çox artacaq, lakin bu artımın müvəqqəti olması üçün tədbirlər görmək hələ də gec deyil. BMT-nin Baş katibi Braziliyada keçiriləcək COP30-da toplaşacaq dünya liderlərini zərərli tullantıların azaldılmasını nə qədər çox təxirə salarlarsa, fəlakətli nəticələrin ehtimalının da bir o qədər artacağını etiraf etməyə çağırıb. Onun sözlərinə görə, sammitdə kursun dəyişdirilməsi zərurətinin qəbul edilməsi prioritet olacaq.

Milli dövlətlərin məsuliyyəti

Dünya üzrə ekoloji vəziyyətin həyəcanverici səviyyədə pisləşməsi bir sıra amillərdən qaynaqlanır. O cümlədən güclü sənaye inkişafı, emissiyaların artması qlobal istiləşməyə öz təsirini göstərir. Əslində, çox doğru olaraq vurğulanır ki, inkişaf etmiş ölkələrin fəalliyyətləri ətraf mühitə daha çox mənfi təsir göstərir. Təzad ondadır ki, intensiv sənaye fəaliyyətlərinin nəticəsi olaraq meydana çıxan qlobal istiləşmənin fəsadları daha çox dərəcədə belə fəaliyyətlərdən uzaq olan ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin həyatında hiss olunur. Buzlaqlar əriyir, okeanların səviyyəsi yüksəlir. Belə şəraitdə dörd bir tərəfdən su ilə əhatə olunmuş kiçik ərazilərdə yaşamaq ölüm və qalım arasında mübarizə aparmaq anlamına gəlir.

BMT-nin Baş katibi vəziyyətin kritik dərəcədə ağırlaşmasının bir səbəbi kimi milli dövlətlərin məsulliyyəti məsələsinə diqqət çəkib. O belə bir vəziyyətin səbəbini milli səviyyədə müəyyən olunmuş töhfələrin çatışmazlığı ilə əlaqələndirib. Antonio Quterreş bildirib ki, bunlar iqlimin qorunması üçün hər bir ölkənin Paris iqlim sazişi çərçivəsində müstəqil olaraq hazırladığı fəaliyyət planlarıdır. Hazırda cəmi 62 ölkə öz planlarını BMT-yə göndərib.

BMT çətiri altında 193 ölkənin yer aldığını nəzərə alsaq, deyə bilərik ki, çoxlu sayda dövlət dünya birliyi qarşısında məsuliyyətsizlik nümayiş etdirir. O qənaət hasil olur ki, ölkələrin daha böyük hissəsi ətraf mühit məsələləri ilə bağlı konkret fəaliyyət planlarına malik deyillər və milli səviyyədə öhdəliklərini yerinə yetirmirlər. Əlbəttə, öhdəliklər məsuliyyət deməkdir, bunların yerinə yetirilməsinə vəsait tələb olunur. Görünür, ayrı-ayrı ölkələr bəşəriyyətin problemlərini özlərinin problemləri kimi qəbul etmirlər və vəsaitlərini, gəlirlərini qorumağa çalışırlar. Bu, doğru yanaşma deyil. İndi dünya elə bir təhlükəli nöqtəyə gəlib çatıb ki, qlobal çağırışlara qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi vazkeçilməz zərurətə çevrilib. Sabah hamı üçün gec ola bilər...

Avropaya çağırış eşidiləcəkmi?

Yeri gəlmişkən, digər səviyyələrdə də həyəcan təbili getdikcə daha ucadan çalınır. Avropa İttifaqı (Aİ) 2040-cı il üçün iqlim hədəfini müəyyənləşdirməli olsa da, bir sıra üzv ölkələrdə buna qarşı müqavimət qalmaqdadır.

 “Spiegel” nəşri xəbər verir ki, 2 mindən çox avropalı alim, o cümlədən yüzlərlə almaniyalı tədqiqatçı Aİ dövlət və hökumət başçılarına məktub ünvanlayaraq elmi nəticələrə və Paris İqlim Sazişinə sadiq qalmağa çağırıb.

Hazırda Aİ-nin iqlim hədəfləri 2030-cu və 2050-ci illəri əhatə edir. Aİ iqlim qanunvericiliyinə görə, 2040-cı il üçün də konkret hədəf müəyyən edilməlidir. Avropa Komissiyası iyulda təklif edib ki, növbəti 15 il ərzində emissiyalar 1990-cı illə müqayisədə 90 faiz azaldılsın. Bunun bir hissəsi beynəlxalq iqlim sertifikatları ilə kompensasiya oluna bilər.

Alimlər vurğulayıblar ki, 90 faiz hədəfi təkcə siyasi qərar deyil, həm də Avropanın gələcəyini təmin etmək və insanların həyatını qorumaq üçün həyati zərurətdir. Belə hədəf düzgün həyata keçirildikdə elektrik xərclərinin azalması, yeni iş yerləri və milyardlarla dollarlıq fosil yanacağı idxalının azalması kimi iqtisadi imkanlar da yaradır. Qeyd olunub ki, daha zəif hədəfin seçilməsi üzv dövlətlər üçün ciddi hüquqi risklər yaradacaq və beynəlxalq hüquqla uyğunsuz qanun və qərarlar məhkəmələr tərəfindən ləğv edilə bilər.

Aİ ölkələrinin ətraf mühit nazirləri noyabrda Braziliyada keçiriləcək Dünya İqlim Konfransı üçün danışıqlar strategiyasını müzakirə edəcəklər. ABŞ-ın Paris İqlim Sazişindən yenidən çıxması, Çinin isə alimlərin tövsiyə etdiyi səviyyədən xeyli aşağı hədəflər təqdim etməsi fonunda COP30-un son dərəcə çətin geosiyasi şəraitdə baş tutacağı gözlənilir.

COP29 - dünyanın etimadı, Azərbaycanın gücü və məsuliyyəti

Ötən ilin noyabr ayında Azərbaycan təxminən 200 dövlətin dəstəyi ilə BMT-nin ən böyük tədbirlərindən birinə - COP29 iqlim konfransına uğurla ev sahibliyi etdi. Dünya birliyinin respublikamıza böyük etimad göstərməsi bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən məsuliyyətli dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Azərbaycan həmçinin COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasiminə qatılıb. COP28 çərçivəsində keçirilən tədbirlərdə həmçinin ölkəmizin müvafiq qurumlarının, o cümlədən energetika, ekologiya və təbii sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbər şəxsləri mühüm görüşlər keçiriblər və müzakirələr aparıblar.

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi həm də ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi anlamına gəlir. Məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə öz fəaliyyətini qlobal çağırışlara adekvat qurur. Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. COP28 çərçivəsində keçirilən tədbirlərdə  SOCAR-ın prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib.

Yaşıl iqtisadiyyata keçid strategiyası

Cox doğru olaraq Azərbaycanın COP29-a ev sahibliyi etməsi respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Azərbaycan COP29-a ev sahibliyi hüququnu öz üzərinə götürməklə bir daha iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Respublikamız, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir.

Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olunmuş ərazilərimizdə, Naxçıvanda bərpa olunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt təşkil edir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30