Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avrasiyada gedən proseslərdə çox fəal rol oynayır

Azərbaycan Avrasiyada gedən proseslərdə çox fəal rol oynayır

28.01.2014 [09:14]

Novruz Məmmədov: Azərbaycan Prezidenti Davosda 3 ölkənin dövlət başçısı, 2 baş nazir, 1 xarici işlər naziri, həmçinin, dünyanın 20-yə yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirdi
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata müsahibə verib:
Novruz müəllim, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunda bir sıra ikitərəfli görüşlər keçirib. Ümumiyyətlə, Forumun ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- İlk növbədə qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumu bu gün beynəlxalq aləmdə mövcud olan ən mühüm, mötəbər toplantıdır. Bildiyimiz kimi, Dünya İqtisadi Forumu hər ilin yanvarında Davos şəhərində dünyanın ən nüfuzlu dövlət və hökumət başçılarını, nazirlərini, eyni zamanda, ən böyük şirkətlərinin rəhbərlərini, nümayəndə heyətlərini bir yerə cəmləşdirən tədbirdir. Bu Forumda siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, sivilizasiyalararası dialoq və digər məsələlər müzakirə olunur. Bu gün dünyada baş verən bütün proseslər orada müxtəlif panellərdə müzakirə olunur, onların ətrafında fikir mübadiləsi aparılır, gələcək perspektivlərin müəyyənləşdirilməsi cəhdləri göstərilir. Bu nöqteyi-nəzərdən, Davos Forumu artıq beynəlxalq aləmdə çox mühüm brendə çevrilə bilib və ona bərabər ola biləcək ikinci forum yoxdur.
Qeyd edim ki, Dünya İqtisadi Forumunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Ölkəmiz bu Forumla çox sıx əməkdaşlıq edir. Ümumiyyətlə, bu Forumda iştirak etmək ölkənin dünyada iqtisadi, siyasi və digər sahələrdə gedən proseslərə daha çox inteqrasiya olunması deməkdir. Azərbaycan, demək olar ki, hər il bu Foruma dəvət olunur. Ancaq heç də Forumun dəvətnaməsi bütün ölkələrin rəhbərlərinə hər il göndərilmir. Bu o deməkdir ki, Azərbaycana çox böyük əhəmiyyət verilir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti builki Davos Forumu çərçivəsində çox mühüm görüşlər keçirdi, panellərdə iştirak etdi. Bu, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi üçün çox böyük əhəmiyyətə malikdir. İlk növbədə, Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda iki paneldə çıxış etdi. Hər iki paneldə dövlət başçımızın geniş, ətraflı, əsaslandırılmış çıxışları böyük maraqla qarşılandı, sonra isə cənab Prezidentə müəyyən suallar ünvanlandı və bu suallara cavablar verildi. Bu onu göstərdi ki, Azərbaycan bu gün Avrasiyada gedən proseslərdə çox fəal rol oynayır.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti Davosda 3 ölkənin dövlət başçısı, 2 baş nazir, 1 xarici işlər naziri, həmçinin, dünyanın 20-yə yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirdi. Bu görüşlərin hər biri qarşı tərəfin istəyi və xahişi ilə baş tutub. Keçirilən görüşlərin çox böyük əhəmiyyəti var idi. İlk növbədə, İsveçrə konfederasiyasının Prezidenti ilə keçirilən görüşdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, mövcud əlaqələrin daha da genişləndirilməsi, müxtəlif sahələri əhatə etməsi üçün səylərin ortaya qoyulmasının vacibliyi müzakirə edildi. Hesab edirəm ki, bu görüş iki ölkə arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Həmin xarakterdə digər görüş İsrail dövlətinin rəhbərləri ilə baş tutdu. Onlarla da müəyyən yeni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, müasir, modern cəmiyət quruculuğunda İsrailin Azərbaycanla əməkdaşlıqda verəcəyi töhfə ilə bağlı geniş fikir mübadiləsi aparıldı və bu istiqamətin çox perspektivli olması qeyd edildi. Bunlarla yanaşı, İran İslam Respublikasının prezidenti ilə baş tutan görüş də çox böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, Azərbaycan və İran İslam Respublikası həm qonşu, həm də dost ölkələrdir. Ona görə də, bu görüşün çox böyük əhəmiyyəti var idi. Bu görüş onu göstərdi ki, iki dost və qonşu ölkə arasındakı əməkdaşlığın bundan sonra da yüksək templə inkişafına geniş imkanlar var. Görüşdə çox səmimi, konstruktiv müzakirələr aparıldı və hər iki tərəf münasibətlərin genişlənməsi, dərinləşməsi, daha da sıx olması üçün yeni bir səhifə açmaq lazım olduğunu bildirdi. Bu məqsədlə, konkret qurumların yaradılması barədə fikirlər ortaya qoyulan məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxın zamanlarda müəyyən addımların atılmasına şərait yaratdı. Bundan sonra Azərbaycan Prezidenti qeyd etdiyim kimi, dünyanın 20-yə yaxın aparıcı şirkətinin rəhbərləri ilə görüş keçirdi ki, bu da dövlət başçısı tərəfindən 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyət daşıyır. Çünki sənayenin ən yeni nailiyyətlərini özündə cəmləşdirən şirkətlərlə əməkdaşlıq Azərbaycanın yüksək texnologiyalara sahib, inkişaf etmiş sənayesi olan müasir bir dövlətə çevrilməsinə daha böyük şərait yaradacaq.
- Davos Forumunun keçirildiyi günlərdə Ermənistan növbəti dəfə təxribata əl ataraq cəbhə xətti boyunca atəşkəsi pozdu. Sizin fikrinizcə, işğalçı ölkənin bu addımları hansı məqsədə xidmət edir?
- Əgər diqqət yetirmisinizsə, Azərbacan və Ermənistan prezidentləri arasında sonuncu görüşün keçirildiyi zaman Ermənistan tərəfi özünü konstruktiv və xoşməramlı göstərməyə çalışdı. O zaman mən mətbuata da dedim ki, iki ildən artıqdır ki, tərəflər arasında görüş keçirilmirdi, danışıqlar demək olar ki, dayandırılmışdı. Bu, beynəlxalq ictimaiyyətdə o fikri formalaşdırır ki, Ermənistan tərəfi danışıqlarda konstruktiv mövqe tutmur, münaqişənin ədalətli həlli üçün addımlar atmır. Ona görə də, uzun fasilədən sonra belə bir görüş baş tutdu. Ancaq əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarının tarixinə nəzər salsaq, görərik ki, Ermənistan tərəfi belə addımları tez-tez atır və ondan bir qədər sonra tamamilə zidd mövqe tutur. Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti aldadaraq özünün danışıqlarda maraqlı olduğunu göstərməyə çalışmaqdır. Lakin daha sonra bu ölkə rəhbərliyi danışıqların münaqişənin real həllinə aparan istiqamətdə getməsinin qarşısını almaq üçün bəhanə axtarır. Bu, əslində, Ermənistan rəhbərliyinin həm ən böyük səhvi, həm də fəlakətidir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, onlar ölkəni məhvə aparırlar. Əksinə, münaqişə nə qədər tez həll olunarsa, bu, Ermənistanın bir dövlət olaraq dünyada gedən proseslərə qoşulmasına şərait yarada bilər. Əks halda, Ermənistan təcrid olunmuş vəziyyətdə qalacaq. Lakin işğalçı ölkə rəhbərliyi bunu başa düşdüyü halda, sülhə doğru addım atmır. Ermənistanın cəbhə xəttində törətdiyi təxribatların məqsədi özünün guya danışıqlarda maraqlı olduğunu göstərmək, baş verənlərdə isə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymaqdır. Amma beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan münaqişənin ədalətlə, beynəlxalq hüquq çərçivəsində həlli üçün hər bir imkandan yararlanmağa hazırdır və bunda səmimidir. Sadəcə, beynəlxalq ictimaiyyətdə münaqişənin həllində maraqlı olan tərəflər Ermənistana təzyiq göstərməlidirlər, xüsusən də, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanla ciddi danışıqlar aparmalıdır. Azərbaycan Prezidenti bir müddət əvvəl Fransanın xarici işlər naziri ilə görüşdüyü zaman bu barədə geniş fikir mübadiləsi aparıb və münaqişənin həlli ilə bağlı ölkəmizin konkret mövqeyi Fransa tərəfinə çatdırıldı. Cəbhə xəttində baş verənlərlə bağlı bir daha deyə bilərəm ki, Ermənistan yenə də öz sevdiyi üsula əl atır, danışıqlara başlamağa bir neçə gün qalmış təxribatlar törədir, prosesə mane olmağa çalışır.
- Ukraynada baş verən hadisələrin Azərbaycana hər hansı təsiri ilə bağlı şayiələr haqqında nə deyə bilərsiniz?
- Ukraynada baş verən hadisələrin Azərbaycana təsirini sıfıra bərabər hesab edirəm. Bunu demək üçün çox mühüm faktorlar var. Onlardan birincisi, Azərbaycanın ən böyük sərvəti olan sabitliyinin təmin olunmasıdır. Bu gün dünyada baş verən hadisələrə nəzər saldıqda görürük ki, dövlətçiliyi, xalqı böyük fəlakətlərlə üzləşən onlarla ölkə var.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyuğu xarici siyasət kursunun müdrikliyi həm də ondan ibarətdir ki, biz bu gün etibarlı sabitlik, inkişaf şəraitindəyik. Dünyanın hər hansı yerində baş verən təlatümləri Azərbaycanda görmək mümkün deyil. Sabitliyin qorunub saxlandığı müddətdə ölkəmizin sürətli inkişafı davam edəcək. Qeyd edim ki, Prezident İlham Əliyev dövlət başçısı kimi çox uğurla fəaliyyət göstərir. Onun həyata keçirdiyi layihələr uğurlu nəticələr verir, hər il bütün sahələrdə irəliyə doğru addımlar atılır, idman, mədəniyyət, sənaye, İKT, hərbi-texniki əməkdaşlıq inkişaf edir. Eyni zamanda, təbii ki, dost ölkə olaraq Ukraynada baş verənlər bizi narahat edir. Hesab edirəm ki, Ukraynanın gələcəyini Ukrayna xalqı müəyyənləşdirəcək.
- “Freedom House” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı sonuncu qərəzli bəyanatlarına münasibətiniz necədir?
- Hesab edirəm ki, Azərbaycan dövləti və cəmiyyəti elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, bu cür hesabatlara, yazılara, mövqelərə əhəmiyyət verməməyin, həssaslıq göstərməməyin vaxtıdır. Bu cür mənfi rəylər, hesabatlar Azərbaycanla müqayisədə Qərb dövlətlərinə qarşı qat-qat artıq səviyyədə yönəldilir. Lakin onlar hesabatlara heç bir münasibət bildirmirlər. Azərbaycanda bütün strukturlar, siyasi isteblişment, QHT-lər, gənclər təşkilatları, səfirliklər Azərbaycanın xarici siyasət uğurlarının daha da artması üçün çalışmalıdır.
Hülya

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31