Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət siyasətinin vacib tərkib hissəsi - Gənclər siyasəti

Dövlət siyasətinin vacib tərkib hissəsi - Gənclər siyasəti

31.01.2014 [10:22]

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Bu gün əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir.
Biz bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının gəncləriyik. Biz milli mənsubiyyətimizlə qürur duyur, dövlətimizin və millətimizin daim var olması üçün çalışır, bu yolda öz məsuliyyətimizi dərindən dərk edirik. Bu gün Azərbaycan gəncliyi bütün istiqamətlərdə dövlətin yüksək qayğı və diqqətini hiss etməkdədir.
Müstəqilliyin qısa tarixi dövründə yüksək ideyalarla, müqəddəs amallarla, milli-mənəvi dəyərlərlə, müasir texnologiyaya əsaslanan elm və təhsilin son nailiyyətləri ilə silahlanan Azərbaycan gəncliyinin əldə etdiyi, həmçinin, dünya gəncləri ilə mədəni və mənəvi inteqrasiyada qazanılmış uğurları millətimizin və dövlətimizin etibarlı gələcəyindən xəbər verir.
Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada Ümummilli lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilk, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi - hüquqi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiyanın verdiyi töhfələr bütün dünya xalqlarını heyrətləndirməkdədir.
Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir.
Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunurlar. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
Hələ 2005-ci ildə Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaradıb. Bu proqramda nəzərdə tutulan ən mühüm məsələlərdən biri, heç şübhəsiz, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması idi. Çünki bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan artıq vətəndaşı qaçqın düşən xalqın gəncliyinin vətənpərvərlik tərbiyəsi ən mühüm məqamdır.
Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb. Biz gənclər bunu çox yüksək dəyərləndiririk. Bu qayğı və diqqət bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa və daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Bu proqram, Azərbaycan gəncliyinin bu gün qarşılaşdığı və gələcəkdə qarşılaşa biləcəyi əksər problemlərin dövlət səviyyəsində həllinə yönəlmişdir. İnanırıq ki, bu proqramın həyata keçirilməsi nəticəsində gənclərimizin sosial təminatı daha da güclənəcək, gənclərin mənzillə təminatı yaxşılaşacaq, onların işlə təmin olunması ilə bağlı problemlər öz həllini tapacaq.
Əlbəttə ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.
Sərraf Balaxan
YAP Gənclər Birliyi Ofisinin rəhbəri

Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31