Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamentinin subyektiv “demokratiya” anlayışı

ABŞ Dövlət Departamentinin subyektiv “demokratiya” anlayışı

05.03.2014 [09:40]

Demokratik dəyərlərin təşəkkül tapdığı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu Azərbaycana qarşı bu cür “qara piar” kampaniyası aparmaq, müxtəlif təzyiqlər etmək heç bir nəticə verməyəcək
Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair növbəti illik hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində kifayət qədər qərəzli, ədalətsiz və subyektiv mövqe sərgilənib. Ölkəmizin demokratik inkişafından yan keçilməsi, insan hüquq və azadlıqlarına dair pozitiv gerçəkliyin təhrif olunması hesabatın hansı məqsədlərə xidmət etməsinə aydınlıq gətirir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Dövlət Departamenti bu cür qərəzli yanaşmanı davamlı surətdə sərgiləyir və hesabatlar hər il heç bir dəyişikliyə uğramadan eyni məzmunda dərc olunur. Bu isə onu deməyə əsas verir ki, ABŞ Dövlət Departamenti özünün bəyan etdiyi “demokratik” prinsipləri siyasi vasitə kimi istifadə edərək təzyiq aləti qismində çıxış edir.
Ümumiyyətlə, bu gün dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdıqlarını iddia edən bir sıra qurumlar, o cümlədən Dövlət Departamenti faktiki olaraq beynəlxalq münasibətlər sistemində milli dövlətlərə qarşı təzyiq qrupu qismində çıxış edirlər. Müəyyən mərkəzlərin sifariş və göstərişləri əsasında fəaliyyət göstərən bu təsisatlar insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlər kimi institusional məfhumlardan təzyiq aləti kimi istifadə etməkdə və daha çox özlərinin təzyiq kampaniyasını müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəltməkdədirlər.
Azərbaycana qarşı bu cür təzyiq vasitələrindən istifadə olunması isə ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Bu qüvvələr güclənən, dinamik inkişaf edən Azərbaycana təzyiq etmək, ölkəmizin beynəlxalq imicinə kölgə salmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Hətta bu kontekstdə Azərbaycan gerçəklikləri təhrif olunur, ictimai rəylə manipulyasiya edilir.
Amma nəzərə almaq lazımdır ki, demokratik dəyərlərin təşəkkül tapdığı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu Azərbaycana qarşı bu cür “qara piar” kampaniyası aparmaq, müxtəlif təzyiqlər etmək heç bir nəticə verməyəcək. Çünki birincisi, Azərbaycan öz demokratik inkişafı ilə olduqca pozitiv beynəlxalq imic yaradıb. Sirr deyil ki, bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Bunu sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Digər tərəfdən, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratik inkişafa fundamental töhfələr bəxş edir.
Nəticə etibarilə, Azərbaycan inkişaf yolunda irəliləyir və bəzi dairələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyası fiaskoya məhkumdur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31