Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Qoca qitə”nin müsəlman miqrantlara qarşı amansız və qeyri-insani münasibəti

“Qoca qitə”nin müsəlman miqrantlara qarşı amansız və qeyri-insani münasibəti

21.08.2015 [09:57]

Müsəlman miqrantların ölkəyə girişinin qarşısını almaq üçün sərhədlərində polis koridorları quran və ən sərt tədbirlərə əl atan bəzi Avropa dövlətləri xristian miqrantlar üçün isə qapılarının açıq olduğunu bəyan edirlər
Bir sıra Avropa dövlətlərinin, o cümlədən, Qərbin “xristian klubu” olan təşkilatlarının dini, irqi ayrı-seçkiliyə yönəlmiş siyasətinin ağır nəticələri bu gün özünü daha aydın göstərir. Almaniyada, Fransada, Belçikada, İngiltərədə və digər Avropa ölkələrində müsəlman ailələrinə qarşı baş verən zorakılıq faktlarının beynəlxalq xəbər agentliklərinin manşetlərində tez-tez əksini tapması problemin gedərək daha da dərinləşdiyindən xəbər verir. Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət hökm sürür. Ötən il tərtib olunan hesabatlarda Avropada milli azlıqların, xüsusilə müsəlmanların, bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğu və bunun arxasında hətta bəzi hallarda xüsusi xidmət orqanlarının dayandığı, öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığı, irqçi ideologiyanın yenidən çiçəklənməyə başladığı və bunun əsasən müsəlmanlara qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığı yönündə fikirlərə yer verilib. Avropa İttifaqının müvafiq qurumu tərəfindən aparılan araşdırmalar isə daha dəhşətli gerçəkliyi ortaya qoyur: Avropada yaşayan hər 3 müsəlmandan biri dini ayrı-seçkiliyə, hər 10 müsəlmandan biri isə zorakılığa məruz qalır. Aparılan rəy sorğusunda iştirak edən hər 4 nəfərdən biri ilboyu polis tərəfindən izlənildiyini söyləyib. Digər bir sorğunun nəticələrinə görə isə Avropa dövlətlərində vətəndaşlıq qazanmış müsəlman miqrantların 28 faizi, vətəndaşlığı olmayan müsəlmanların isə 41 faizi müxtəlif formalı diskriminasiya halları ilə üzləşirlər. Beynəlxalq insan haqları təşkilatları isə həyəcan təbili çalmaqda davam edir: “Bu cür hallara qarşı mübarizə aparmaq əvəzinə, seçici səsi ovuna çıxan siyasi partiyalar və siyasətçilər çox vaxt bu cür hərəkətlərə züy tuturlar”. Milli-irqi zəmində baş verən qarşıdurmalar, qeyri-xristianlara qarşı zorakılıq faktları isə multikulturalizmin, humanizmin bir dəyər kimi Avropa cəmiyyətlərində sıradan çıxdığını sübuta yetirir. Bu isə həm də ona dəlalət edir ki, vaxtilə ideoloji prinsip kimi qəbul olunan “mədəniyyətlərin toqquşması” tezisi bu gün artıq Avropa dövlətlərinin idarəetmə sisteminin hakim komponenti kimi çıxış edir.
Miqrasiyaya səbəb olan elə Avropanın özüdür
Bu gün Avropa ölkələrinə miqrant axınının sürətlənməsinin səbəbləri hamıya yaxşı məlumdur. Bir sıra avropalı siyasətçilər bunu “qoca qitə”də yüksək həyat şərtləri, miqrantların öz ölkəsində isə mövcud olan iqtisadi və siyasi çətinliklərlə əlaqələndirməyə çalışsalar da, problemin gedərək daha geniş masştab almasının səbəbləri başqadır. Yaxın və Orta Şərqi xaosa sürükləyən “Ərəb baharı”, vətəndaş müharibələrinin yaratdığı dözülməz və təhlükəli mühit, o cümlədən, Suriyada davam edən döyüşlər, “İŞİD” beynəlxalq terror qruplaşmasının vəhşilikləri insanları son ümid olaraq Avropaya üz tutmağa məcbur edib. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, bu fəsadların yaranmasında elə bir sıra Avropa dövlətləri və təşkilatları dolayısı, ya da birbaşa iştirak ediblər. Yəni bu gün miqrasiyadan şikayətlənən, miqrantlara qarşı hər cür qeyri-insani davranışlar sərgiləyən Avropanın özü miqrasiyanın yaranmasının əsl səbəbidir. Avropa mərkəzli ssenarilərin, dünyanı idarəetmə hərisliyinin yaratdığı bu xaos bumeranq effekti ilə Avropanın özünə miqrant axını kimi geri dönür. Belə olduğu halda, “demokratik” Qərbdə miqrantlara qarşı bu münasibət paradoks kimi qəbul edilir.
Avropanın qəddar və antihumanist siyasəti
Amma çox təəssüf ki, Avropa özünün səbəb olduğu bu miqrasiyanın qurbanlarını nəinki “xoş qonaq” kimi qarşılamır, hətta onları ən sərt diskriminasiyaya məruz qoyur. Bir sıra Avropa dövlətlərinin xüsusən Yaxın Şərqdən gələn miqrantlara qarşı tətbiq etdiyi “qayda-qanun”lar Avropanın öz günahlarının nəticələri ilə barışmaq istəmədiyini göstərir. Miqrantlara isə ac-susuz, günlərlə davam edən min bir əzabla qət etdiyi məsafənin yorğunluğunu yaşamaqla yanaşı, Avropa sərhədlərinin qapılarına və polis koridorlarına çırpılan gözəl günlər xəyalının xəyal qırıqlığının ağırlığı altında əzilmək qalır.
Belə ki, məlumatlara görə, Şərqi Avropa ölkələri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul edib. Məsələn, Macarıstanda miqrantların ölkəyə girişinin qarşısının alınması üçün sərhəddə kilometrlərlə uzunluqda sərhəd divarları çəkilib. Bununla yanaşı, ölkənin sərhəd bölgələrinə minlərlə polis yerləşdirilib. İtaliya və Yunanıstan isə mühacirlərin axınının qarısını almaq üçün müxtəlif tədbirlər həyata keçirir. Hazırda bu ölkələrin hökumətləri yeni və sərt qərarların qəbulu üzərində işləyirlər.
Beləliklə, müharibənin alovundan qaçan miqrantlar Avropa qapılarında həm də avropalılar tərəfindən ölümün caynağına tərk edilirlər. Bu isə humanizm dəyərlərindən, insan haqlarından danışan Avropanın özündə bu dəyərlərin heç bir qiyməti olmadığını, insanların yaşamaq haqqının belə əlindən alındığını ortaya qoyur.
Məntiqsiz və gülünc bəraət cəhdi
Bəzi Avropa dövlətləri miqrantlara qarşı bu cür qeyri-insani davranışının səbəblərini düzgün təhlil edib, humanizmə zidd olan bu addımını yenidən nəzərdən keçirməkdənsə, uğursuz və gülünc bəraət bəhanələrinə sığınırlar. Slovakiyanın bu proseslərə baxışı isə xüsusilə heyrətləndiricidir. Rəsmi Bratislava Avropa İtifaqının 40 min suriyalı miqrantın üzv ölkələrdə yerləşdirilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib ki, ölkəsinin ərazisində yalnız xristian miqrantlara yer verə bilər. Ölkənin Xarici İşlər Nazirliyi bunu gülünc bir bəhanə ilə açıqlayıb. Nazirlikdən bildiriblər ki, müsəlman qaçqınların ölkəyə buraxılmamasının səbəbi Slovakiyada məscidlərin olmamasıdır. Lakin Slovakiya bu şəkildə dini ayrı-seçkiliyə yol verən ilk Avropa ölkəsi deyil. Bundan əvvəl Çexiya Respublikası da yalnız xristian suriyalı qaçqınlara sığınacaq verə biləcəyini bəyan etmişdi.
Düşünmək olmaz ki, bu kimi bəhanələr hər hansı bir ağlı başında olan insan üçün inandırıcı görünür. Bu, yalnızca ironiyadır.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Avropadan ədalət gözləməlidirmi?
Təbii ki, bu yaşananları müşahidə etdikcə, xristian təəssübkeşliyi, müsəlmanlara qarşı təhqiredici münasibəti gördükcə Azərbaycan ictimaiyyətində də haqlı suallar meydana gəlir. Biz Avropa struktularından ədalət gözləyəkmi?
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyinin elə ilk vaxtından arzulamadığı münaqişəyə cəlb olunub. Ermənistan dövlətinin işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1994-cü ildə start verilən danışıqlar isə ötən 21 ildə heç bir nəticə verməyib. Bunun da başlıca səbəblərindən biri də bəzi Qərb dairələrinin münaqişənin həllinə ədalətsiz münasibətidir. Oxşar məsələlərdə dərhal və ən sərt tədbirlər görən Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki hansısa effektiv tədbirlər görməyə tələsmir, əksinə, “nə hərb, nə sülh” şəraitinin davam etməsini təşviq edir. Məsələn, Ukraynada Krımın ilhaqı ilə nəticələnin proseslərin sonunda Avropa dövlətləri, o cümlədən, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları gündəmə gətirdilər, Moskvanın beynəlxalq təcridinə başladılar. Amma işğalçı Ermənistan dövləti ötən 21 ildə Avropanın maddi və mənəvi dəstəyi ilə ayaqda qalıb, Dağlıq Qarabağda yaradılmış separatçı qurumun rəhbəri Avropa dövlətlərinə səfərə dəvət olunur. Bəzən işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana münasibətdə bərabərliyin də şahidi oluruq. Bunun səbəblərindən biri Avropadakı erməni diasporunun və onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən siyasətçilərin aktivliyidirsə, digər və daha əhəmiyyətli səbəb məhz dini - xristian təəssübkeşliyidir. Ona görə də, bu gün cəmiyyətimizin Avropanın ədalətini mühakimə etməsinin nə dərəcə də haqlı olduğunu görmüş olarıq. Axı Avropa müsəlmanları sevmir...
Aqşin ŞAHİNOĞLU

 
Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31