Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi

Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi

26.08.2015 [10:02]

Ölkənin inkişafına güclü ictimai dəstək verən, mədəniyyət, təhsil, səhiyyə sahələrində önəmli layihələr reallaşdıran Heydər Əliyev Fondu, eyni zamanda, Mehriban xanım Əliyevanın humanizmi, xeyriyyəçiliyi sayəsində vətəndaşların böyük inamla üz tutduqları ünvana çevrilib
Yer üzünün əşrəfi sayılan insanın dəyəri, ilk növbədə, onun əməlləri ilə ölçülür. Bu mənada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bütün ölkə vətəndaşlarının nəzər-diqqətində ən ali məqama yüksəldiyini söyləmək mümkündür. O məhz xeyirxah əməlləri və fəaliyyəti sayəsində bu gün Azərbaycan cəmiyyətində yaşından, sosial statusundan, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hamının böyük rəğbət bəslədiyi bir simaya çevrilib. Mehriban xanım Əliyeva, həmçinin, həyatın bütün acısını və şirinini ömür-gün yoldaşı ilə birgə çəkməyə hazır olan, ona hər cəhətdən dəstək verən ləyaqətli həyat yoldaşı, milli ailə dəyərlərinə önəm verən, uşaqlarını böyük qayğı ilə əhatə edən, onları gələcəyə yüksək intellektual səviyyədə hazırlayan ana kimi tanınır. Ancaq, əlbəttə ki, ölkənin bütün şəhər və kəndlərində Mehriban xanım Əliyeva insanlar üçün xeyirxahlıq mücəssəməsidir, ehtiyacı olana əl tutandır, haqqı tapdalananı qoruyandır... Bir sözlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəal ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. O, yorulmadan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa, mədəniyyətimizi beynəlxalq miqyasda layiqincə təbliğ etməyə çalışır. Şəcərədən gələn kübarlıq Mehriban xanım Əliyevanın respublika daxilində və ölkə hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı xeyriyyəçi, humanist fəaliyyətində xüsusi nəzərə çarpır. Mehriban xanım Əliyeva, həmçinin, rəhbərlik etdiyi və xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond vasitəsilə mədəniyyət, təhsil və səhiyyə sahələrində müxtəlif layihələrlə çıxış edir, insanların sosial ehtiyaclarının ödənilməsinə xüsusi həssaslıqla yanaşır. Beləliklə, Mehriban xanım Əliyevanın şəxsi nümunəsi respublikamızda ölkənin inkişafı və müsbət imicinin artması naminə ictimai fəallığın yüksəlməsini stimullaşdırıb. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Mehriban xanım Əliyeva, bir qayda olaraq, həlli çətin görünən problemlərin üstünə gedir, fəaliyyətini ən həssas sahələrə yönəldir. Və həmişə də belə çətin sahələrdə hansısa uğur qazanmağın mümkünlüyünə skeptik yanaşanları təəccübləndirir. Belə ki, onun diqqəti və məqsədyönlü fəaliyyəti sayəsində konkret sahələrdə problemlər həllini tapır, yüksəliş başlayır. Beləliklə də, Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxsahəli fəaliyyəti ilə Azərbaycanın tərəqqisinə öz töhfələrini verir
Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha konkret şəkildə əks olunur. Məlum olduğu kimi, 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Daha dəqiq desək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində də məqsədyönlü və ardıcıl fəaliyyəti ilə ön sırada dayanır. Məlumat üçün bildirək ki, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə bu istiqamətdə atılan ən önəmli addımlardan biri kimi dəyərləndirilir. Bu da təsadüfi deyil. Belə ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, həmçinin, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri ucaldılıb.
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına və dünyada təbliğ olunmasına verdiyi töhfələr xüsusilə diqqətə layiqdir
Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan mədəniyyəti Mehriban xanım Əliyevanın timsalında öz böyük himayədarını tapıb. Bu da təsadüfi deyil. Məlumat üçün bildirək ki, hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.
Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi isə 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini isə xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi 2 il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və layihə 2013-cü ilin sonunda Bakıda açılan yekun sərgisi ilə uğurla başa çatdırılıb.
Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə də fundamental töhfələr verir. Bu kontekstdə, qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi, Versal sarayının, II Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası, həmçinin, Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nın təmiri bu qəbildən olan işlərdir.
Heydər Əliyev Fondunun UNESCO ilə sıx əməkdaşlığı Azərbaycanın mədəni irsinin dünyada təbliğinə və mədəniyyətlərarası dialoqun dərinləşməsinə təkan verib
Məlum olduğu kimi, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın səyləri sayəsində Heydər Əliyev Fondu ilə BMT-nin ən mötəbər qurumlarından olan UNESCO arasında sıx əlaqələr qurulub. Beləliklə də, zəngin mədəniyyətimizin UNESCO xətti ilə dünyada təbliğinə geniş imkanlar yaranıb.
Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkəmizin UNESCO ilə əlaqələrində digər mühüm bir hadisə isə 2013-cü il 2-8 dekabr tarixlərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi olub. Bu tədbirin ölkəmiz üçün ən önəmli nəticələrindən biri isə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin, yəni Azərbaycanda ənənəvi atüstü oyunun UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi olub.
Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlərdən danışarkən onu da vurğulamaq yerinə düşər ki, məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil olunub. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib.
Bundan başqa, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub.
Uşaq və yeniyetmələrin sağlamlığı, həmçinin, ölkəmizdə təhsilin inkişafı daim diqqət mərkəzindədir
Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində də nəhəng layihələr reallaşdırılır. Bunun təsdiqi olaraq görülən işlərin bir qismini sadalamaq kifayətdir.
Məsələn, Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin binasında 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nərimanov rayonundakı psixonevroloji uşaq evi Fondun dəstəyi ilə 2009-cu ildə yenidən qurulub. 2013-cü ildə, Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb. 2013-cü ildə həmçinin, Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışı olub. Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində 2013-cü ildə əsaslı təmir işləri aparılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə, həmçinin, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası, rayonun Türkan qəsəbəsində yeni tikilən 214 saylı körpələr evi-uşaq bağçası, rayonun Binə qəsəbəsində 285 nömrəli körpələr evi-uşaq bağçası üçün tikilmiş yeni bina istifadəyə verilib, Türkan qəsəbəsində yeni poliklinikanın açılışı olub.
2013-cü ilin oktyabrında isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi istifadəyə verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən Bakının Səbail rayonunda “Könül” körpələr evi-uşaq bağçası 2014-cü il sentyabrın 15-də, Fondun dəstəyi ilə əsaslı təmir edilən Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi 2015-ci il mayın 10-da istifadəyə verilib. Bundan başqa, Prezident İlham Əliyev 2015-ci il fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilib. Daha belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində isə 32 internat və uşaq evi yenidən qurulub.
Müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafla bağlı layihələrə hərtərəfli dəstək verir və yeni təşəbbüslərlə çıxış edir.
Beləliklə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Son illərdə isə proqramın icrasının növbəti mərhələsinə başlanılıb. Hazırda ölkəmizdə Fondun dəstəyi ilə yeni məktəblərin inşası, habelə mövcud təhsil müəssisələrinin əsaslı təmiri prosesi uğurla davam etdirilir. Proqram çərçivəsində təkcə 2013-2014-cü tədris ilində Yevlax rayonunda Kövər kənd orta məktəbi, Bakının Pirşağı qəsəbəsində 112 saylı məktəb əsaslı təmir olunub. Şabran rayonunun Gilavar, Xaçmaz rayonunun Palıdlı, Zaqatalanın Bəhmətli kəndlərində yeni məktəb binaları inşa edilib, Şəmkirdə isə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası binasının açılışı olub.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin, Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub.
Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. Heydər Əliyev Fondu, eyni zamanda, 2014-cü il fevralın 24-də Heydər Əliyev Mərkəzində təhsillə bağlı yeni layihəsini - “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını təqdim edib. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verilib. Bildirilib ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Layihənin icrası çərçivəsində indiyədək onlarla məktəbəqədər təhsil müəssisəsi əsaslı şəkildə yenidən qurulub.
Mehriban xanım Əliyevanın idmana böyük qayğısı və yüksək təşkilatçılığı sayəsində Azərbaycan daha bir rekorda imza atdı
Mehriban xanım Əliyeva həm də ölkəmizdə idmanın böyük hamisi kimi tanınır. Daha dəqiq desək, onun fəaliyyətində respublikamızda idmanın, xüsusilə onun bir sahəsi olan gimnastikanın inkişafına dəstək də önəmli yer tutur. Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya çempionatının Azərbaycanda keçirilməsinə dair qərarının qəbul olunmasında həlledici rol oynayıb. 2014-cü ilin iyununda isə Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - XXX Avropa çempionatı keçirilib. Bakıda keçirilən yubiley turnirində qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparıb.
Mehriban xanım Əliyevanın idmana qayğısı, həmçinin, bu istiqamətdəki yüksək təşkilatçılıq bacarığından danışarkən ölkəmizin bu ilin iyununda ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına xüsusi olaraq toxunmaq lazımdır. Məlum olduğu kimi, birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyük idi. Yarışlarda Azərbaycan da daxil olmaqla dünyanın 50 ölkəsindən 6000 atlet 20 idman növündə qüvvəsini sınadı. Dünya praktikasında belə mötəbər yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 2 il yarıma yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verilən ilk gündən Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səmərəli fəaliyyət göstərdilər.
Oyunlara hazırlıqla bağlı paytaxt Bakıda zəruri infrastruktur quruldu, o cümlədən, yeni yollar və yol ötürücüləri, tunellər, piyada keçidləri tikildi, genişmiqyaslı abadlıq işləri həyata keçirildi. Oyunlar ərəfəsində paytaxtın ictimai nəqliyyat parkı əsaslı şəkildə yeniləndi. İdman qurğularının da yarışlara yüksək səviyyədə hazırlanmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində müxtəlif idman yarışlarının keçiriləcəyi mövcud arenalarda, o cümlədən, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı Kristal Zalında və digər ünvanlarda ya əsaslı yenidənqurma aparıldı, ya da zəruri uyğunlaşdırma əməliyyatları yerinə yetirildi.
Bundan başqa, Oyunlar ərəfəsində şəhərimizin idman infrastrukturuna 5 yeni müasir arena daxil edilib. Bunlar 70 minədək tamaşaçı tutumuna malik Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, BMX Veloparkı, Atıcılıq Mərkəzidir. Birinci Avropa Oyunlarının iştirakçılarının yerləşdikləri Atletlər Kəndi barədə də hər cür xoş söz söyləmək mümkündür. Məhz bunun nəticəsidir ki, Azərbaycanın birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində gördüyü işlər Avropa Olimpiya Komitəsinin (AOK) təmsilçiləri tərəfindən yüksək qiymətləndirilib. AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında Oyunlara hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını bildirib.
Beləliklə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Möhtəşəm açılış və bağlanış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi. Mehriban xanım Əliyeva Oyunların möhtəşəm bağlanış mərasimindəki çıxışında ölkəmizdən və xalqımızdan qürur duyduğunu bildirib: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm”.
Humanizm, xeyriyyəçilik Mehriban xanım Əliyevanın həyat amalını təşkil edir
Bəzən iddia edirlər ki, humanizm, xeyriyyəçilik bəşəriyyətin bir neçə əsr bundan qabaqkı inkişaf dövrünə aiddir və prakmatik yanaşmaların önə keçdiyi indiki dövr üçün səciyyəvi deyil. Lakin Mehriban xanım Əliyeva nümayiş etdirdiyi xeyriyyəçiliyi ilə yaddaşları təzələdi, insanlara xatırlatdı ki, humanizm bəşəri və əbədi bir dəyərdir, dünyanı da gözəllikdən daha çox dərəcədə elə xeyriyyəçilik, insanın insana dayaq olması xilas edəcək.
Beləliklə, xeyriyyəçilik, humanizm, ehtiyacı olan konkret insanlara yardım göstərmək Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun fəaliyyətində qırmızı xətt kimi görünür. Yeri gəlmişkən, ölkənin birinci xanımı vaxtı ilə “İzvestiya” qəzetinə müsahibəsində öz missiyasını belə ifadə edib: “Mən siyasətlə məşğul olmuram, sadəcə, insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Çox vaxt siyasət dedikdə, insanın hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil. İstər UNESCO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.
Məhz genetik kodlarla şifrələnən bu seçim, böyük daxili ehtiyac, mənəvi həssaslıq Mehriban xanım Əliyevanı daim humanitar təşəbbüslər irəli sürməyə sövq edir. Ölkənin birinci xanımı ana və uşaq sağlamlığının qorunmasının qayğısına qalır, dünyanın istənilən nöqtəsində təbii fəlakətdən zərər çəkənlər onun yardımından bəhrələnirlər. Mehriban xanım Əliyeva ailəsinin şad günlərini, bayramları uşaq evlərinin ana qayğısına ehtiyacı olan balaca sakinləri ilə keçirməkdən böyük mənəvi zövq alır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fond indiyədək səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, həmçinin, uşaq musiqi məktəblərinin inşası və s. kimi böyük layihələrə imza atıb.
Dünya ölkələri, beynəlxalq təşkilatlar Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirlər
Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bununla bağlı bir neçə faktı xatırlatmaq yerinə düşər. Belə ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, eyni zamanda, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Həmçinin, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin iyununda Mehriban xanım Əliyeva Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, avqust ayında “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva, eyni zamanda, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeninə, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeninə layiq görülüb.
Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Məsələn, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə Mehriban xanım Əliyeva “2014-cü ilin Ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib. Eyni zamanda, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Və ölkənin birinci xanımı daha bir ali mükafatla Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Heydər Əliyev Mükafatını təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
Mehriban xanım Əliyevanın daim milli-mənəvi dəyərlərimizə sadiq qalması, nümayiş etdirdiyi humanizm onu ləyaqətli Azərbaycan qadınının simvoluna çevirib
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. Və şübhə yoxdur ki, əgər bu gün də belə bir sorğu keçirilsəydi, nəticə daha böyük üstünlüklə yenə təkrarlanacaqdı. Buna səbəb nədir? Nə üçün illərdir ki, Mehriban xanım Əliyeva cəmiyyətin favoriti olaraq qalır, insanların ona olan rəğbəti getdikcə daha da artır? Sualların cavabı yenə də Mehriban xanım Əliyevanın mükəmməl şəxsi keyfiyyətlərində və fəaliyyətindədir. Mehriban xanım Əliyevanın daim milli-mənəvi dəyərlərimizə sadiq qalması, nümayiş etdirdiyi humanizm, xeyirxahlıq, Vətən, xalq sevgisi onu ləyaqətli Azərbaycan qadınının simvoluna çevirib. Müasirlik və millilik, ənənələrə, dəyərlərə bağlılıq ölkənin birinci xanımının timsalında çox gözəl harmoniya təşkil edir. Dünya Mehriban xanım Əliyevanın timsalında həm milli köklərə möhkəm bağlı olmasından qürur duyan, həm də ictimai-siyasi nöqteyi-nəzərdən çox fəal olan, eyni zamanda, intellektual cəhətdən yüksəkdə dayanan Azərbaycan qadınını görür. Ölkəmizin birinci xanımına xas olan bu kimi yüksək keyfiyyətlər həm cəmiyyətdə milli təəssübkeşliyi artırır, həm də qadın fəallığının artmasında böyük rol oynayır. Cəmiyyət Mehriban xanım Əliyevadan örnək götürməyə, onun nümunəsində etalon kimi görünən cəhətləri əxz etməyə çalışır. 2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimai və siyasi xadimin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Bundan başqa, 2012-ci il iyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda iclasda çıxış edən Azərbaycanın birinci xanımı qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib, Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını və burada qadınlara verilən seçki hüququnun bir çox aparıcı dövlətləri qabaqladığını vurğulayıb.
Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyəti də diqqət mərkəzindədir. Birinci xanımın bu statusda səmərəli fəaliyyəti Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, ölkənin daxili siyasətinə də yeni müsbət çalarlar gətirir. Məsələn, Mehriban xanımın genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi onun deputat kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.
Bir sözlə, Mehriban xanım Əliyevanın çoxşaxəli xəlqi fəaliyyəti bütövlükdə cəmiyyətimiz, eləcə də, beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur və Azərbaycan naminə fəaliyyət kimi dəyərləndirilir. Yuxarıda da vurğuladığımız kimi, Mehriban xanım Əliyeva Azərbaycan naminə fəaliyyətini növbəti dəfə cari ilin iyununda ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq tədbirlərini yüksək səviyyədə həyata keçirərkən nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki nitqində Oyunlara hazırlığın yüksək səviyyədə tamamlanmasında Təşkilat Komitəsinin üzvlərinin və şəxsən Mehriban xanım Əliyevanın xalqa, dövlətə sevgisinin böyük rol oynadığını xüsusi vurğulayıb: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi, xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.
Vətənə və xalqa bağlılıq, dövlət və milli maraqların yüksək səviyyədə qorunması birinci Avropa Oyunlarına hazırlıqda olduğu kimi, Mehriban xanım Əliyevanın digər istiqamətlərdəki fəaliyyətində də uğur qazanmağın əsas amili qismində çıxış edir. Bu isə belə qənaət ifadə etməyə əsas verir ki, xalq və Vətən sevgisindən güc alan ölkəmizin birinci xanımı Azərbaycan naminə bundan sonrakı fəaliyyətində bizləri daha böyük uğurlarla sevindirəcək.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31