Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir

Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir

06.05.2017 [12:30]

Tarix boyu müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təhdid altında olan Azərbaycan dövlətinin sistemli iqtisadi inkişaf strategiyası olmadığına görə ölkə iqtisadiyyatı dəfələrlə böhranlarla üzləşmiş, Azərbaycan xalqı layiq olduğu həyat səviyyəsinə nail ola bilməmişdir. Zəngin təbii resurslara malik olmasına baxmayaraq, güclü siyasi liderin olmaması səbəbindən ölkədə iqtisadi münasibətlər düzgün tənzimlənməmiş, mövcud potensialdan səmərəli şəkildə istifadə edilməmiş, nəticədə Azərbaycan xalqı zaman-zaman böhran və fəlakətlərlə üzləşmişdir. XX əsrin 60-cı illərində Azərbaycanın yenidən dərin iqtisadi böhran mərhələsinə qədəm qoyduğu bir tarixi şəraitdə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkədə nəinki yeni dövlətçilik ənənələrinin, həmçinin zamanında uğurla icra edilən və gələcək nəsillərə ötürülən sosial-iqtisadi inkişaf strategiyasının əsasını qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünün - 1969-1982-ci və 1993-2003-cü illərin sosial-iqtisadi vəziyyətinin statistik təhlili bir daha göstərir ki, O, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmış, uzaqgörənliklə, əsaslandırılmış şəkildə hazırlanan, respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının müəllifi olmaqla onların icrasına tam nail olmuşdur.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev 1969-cu ildə ölkə rəhbəri seçilən vaxt Azərbaycan iqtisadiyyatı keçmiş İttifaq ölkələri ilə müqayisədə çox zəif inkişaf etməklə milli gəlirinin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən geri qalırdı. Belə ki,1960-cı ilə nisbətən 1965-ci ildə SSRİ-də sənaye məhsulu 65,0 faiz artdığı halda Azərbaycanda bu göstərici cəmi 41,0 faiz təşkil etmişdir. Əsas kapitala qoyulmuş investisiyaların daha çox hissəsinin neft sənayesinə yönəldilməsi səbəbindən iqtisadiyyatın digər sahələri, o cümlədən kənd təsərrüfatı diqqətdən kənarda qalmış, nəticədə, əsas aqrar məhsulları üzrə - taxıl, pambıq, üzüm, kartof, bostan-tərəvəz məhsullarında məhsuldarlıq müttəfiq respublikaların çoxundan geri qalmışdır. 1960-1969-cu illərdə taxıl istehsalında məhsuldarlıq 10,4 sentnerdən 9,5 sentnerə, pambıqda 16,6-dan 15,1 sentnerə düşmüşdür. Həmin illərdə əsaslı infrastruktur islahatları həyata keçirilməmiş, kadr siyasəti düzgün formalaşdırılmamış, sosial sahələrin inkişafı üçün zəruri addımlar atılmamışdır.
Belə bir çətin dövrdə Azərbaycana rəhbərliyə başlayan Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkə iqtisadiyyatının dərindən və kompleks təhlilinə, geriliyin əsas səbəblərini aşkara çıxarmağa nail olmuşdur. İqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün yeni inkişaf strategiyaları, proqramlar hazırlanmış və mərhələli şəkildə onların icrasına başlanılmışdır. Hər bir məsələyə xüsusi həssaslıqla yanaşan Ümummilli lider strateji xətti və prioriteti yüksək peşəkarlıqla müəyyənləşdirməklə ölkənin sosial-iqtisadi inkişaf modelini yaratmağa müvəffəq olmuşdur. Nəticədə, ölkə iqtisadiyyatı böhrandan çıxmış, onun bütün sahələrində istehsalın sürətlə artması müşahidə olunmuş, iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 1969-1982-ci illərdə 2,5 dəfə artmışdır.
Bu illər ərzində sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmış, ölkə sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında daha yüksək sürətlə - orta illik artımı 7,9 faiz olmaqla inkişaf etmiş, sənaye istehsalının ümumi həcmi 1970-ci ilədək olan 25 illik dövrün istehsalını 2,0 dəfə üstələmişdir.
1969-cu ildən başlayaraq, respublikada tikinti kompleksinin inkişafına xüsusi qayğı göstərilmiş, mövcud istehsal potensialından daha səmərəli istifadəyə başlanmışdır. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafında, xüsusilə qeyri-neft sahəsində mühüm əhəmiyyəti olan 170-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, genişləndirilmiş və yeni istehsal sahələri istismara verilmişdir. İrimiqyaslı tikinti proqramının həyata keçirilməsi üçün böyük məbləğdə kapital qoyuluşu cəlb edilmiş, 1969-1982-ci illərdə iqtisadiyyatın inkişafına 1920-1968-ci illər ərzində istifadə edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait yönəldilmişdir. Təkcə 1982-ci ildə istifadə edilmiş kapital qoyuluşunun həcmi 1950-ci ildəkindən 29,5 dəfə, 1956-cı ildəkindən 12,6 dəfə, 1968-ci ildəkindən 6,7 dəfə çox olmuşdur. Nəticədə, 1969-1982-ci illərdə əhalinin mənzil şəraiti tanınmaz dərəcədə dəyişmiş, ümumi sahəsi 19,4 milyon kvadratmetr olan yaşayış evləri tikilərək əhalinin istifadəsinə verilmişdir. Bu illərdə 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri inşa edilmişdir. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır.
Azərbaycanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, uzun illər diqqətdən kənarda qalmış kənd təsərrüfatının inkişafı üçün Heydər Əliyevin rəhbərliyi ilə mühüm qərarlar qəbul edilmişdir. “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında”, “Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək tədbirləri haqqında”, “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarlarda kənd təsərrüfatının vəziyyəti hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri müəyyənləşdirilmiş, əkinçilik və heyvandarlığın inkişafında mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin etmək məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait qoyuluşunun artırılması məsələləri öz əksini tapmışdır. Məhz onların uğurla icrası hesabına 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun 1969-cu illə müqayisədə 2,5 dəfə artımına nail olunmuşdur.
Ümumi istifadədə olan nəqliyyatla daşınan yüklərin həcmi 1982-ci ildə 477,9 milyon tona, sərnişinlərin sayı 961,5 milyona çatdırılmış, 1969-cu ilə nisbətən yük daşınması 2 dəfəyə yaxın, sərnişin daşınması isə 82,2 faiz artmışdır. Dəmir yolu, dəniz və avtomobil nəqliyyatı sahəsində aparılmış ciddi islahatlar nəticəsində yük daşınması dəmir yolunda 21,1 faiz, hava nəqliyyatında 25,0 faiz, boru kəmərləri üzrə 3,7 dəfə, avtomobil nəqliyyatında 2,2 dəfə artmışdır. Avtomobil nəqliyyatının inkişaf etdirilməsi, regionlararası və beynəlxalq daşımaların keyfiyyətlə yerinə yetirilməsi üçün bərk örtüklü yollar salınmışdır. 1969-cu ildə bərk örtüklü yolların uzunluğu 12,7 min km olduğu halda, 1970-1982-ci illərdə çəkilmiş 7,7 min km yeni yolların hesabına bu göstərici 20,4 min km-ə çatdırılmışdır.
XX əsrin 70-ci illərində vüsət almış istehsalın sürətli artımı ilə yanaşı, iqtisadiyyatın bütün sahələrində təsərrüfatçılığın təkmilləşdirilməsi, maddi və əmək ehtiyatlarından səmərəli istifadə müəssisə və təşkilatların daha yüksək mənfəətlə fəaliyyət göstərmələrinə imkan yaratmışdır. Belə ki, 1969-1975-ci illərdə Azərbaycan Respublikasının müəssisə və təşkilatlarının mənfəəti 63,2 faiz, növbəti yeddi il ərzində isə 69,1 faiz artmışdır.
Ölkə iqtisadiyyatının bütün sahələrində gəlirlərin artması dövlət büdcəsinin də ilbəil böyüməsini təmin etmişdir. 1969-cu illə müqayisədə 1982-ci ildə büdcənin gəlirləri 1,9 dəfə artmış, onun əsas hissəsi dövlət və kooperativ müəssisə və təşkilatlarının gəlir, mənfəət və dövriyyələrindən tutulan vergilərin hesabına formalaşmışdır. Həmin dövrdə kolxoz, kooperativ müəssisələr və ictimai təşkilatlardan gəlir vergisi üzrə daxilolmalar 4,7 dəfə, dövlət müəssisə və təşkilatlarından mənfəət və dövriyyədən vergilər üzrə daxilolmalar isə müvafiq olaraq 2,0 və 1,6 dəfə artmışdır. Dövlət büdcəsinin vəsaitləri, əsasən, ölkənin istehsal qüvvələrinin inkişafına və əhalinin maddi və mədəni tələbatlarının ödənilməsinə xərclənmişdir. 1969-cu ildə büdcə vəsaitlərinin 95,5 faizi, 1982-ci ildə isə 93,6 faizi iqtisadiyyatın və sosial-mədəni sahələrin (elm, təhsil, idman, səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri və sosial təminat da daxil olmaqla) inkişafına sərf olunmuşdur.
1982-ci ildə məşğul əhalinin sayı 1969-cu illə müqayisədə 1,4 dəfə artaraq 2428,2 min nəfərə çatmış, nəqliyyat və rabitədə, mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində, təhsil, mədəniyyət və incəsənətdə, elm və elmi xidmətdə və digər sahələrdə işləyənlərin sayı xeyli artmışdır. Fəhlə və qulluqçuların əməkhaqqının artırılması və tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilmişdir.
1969-1982-ci illər ərzində əhalinin təhsil səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. 1970-ci ildə keçirilmiş əhalinin siyahıyaalınması məlumatlarına əsasən 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərinə 327 nəfər ali və tam orta təhsilli düşürdüsə, 1979-cu ildə belə şəxslərin sayı 501 nəfərə çatmışdır. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərin aparıcı ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı ilbəil artmışdır. Artıq 1978-ci ildə Sovetlər İttifaqının 151 ali məktəbində Azərbaycandan üç mindən çox tələbə təhsil alırdı.
Ulu öndər Heydər Əliyevin yeni nəslə qayğısı məktəbəqədər müəssisələrin sayının artmasında da özünü göstərmişdir. 1969-1982-ci illər ərzində məktəbəqədər müəssisələrin sayı 26 faiz artaraq 1956-nı, onlarda tərbiyə edilən uşaqların sayı isə 42 faiz çoxalaraq 153 min nəfəri keçmişdir. 1969-cu ildə 6 yaşında olanlar da nəzərə alınmaqla uşaqların yalnız 12 faizi məktəbəqədər müəssisələrdə yerləşdirilirdisə, 1982-ci ildə bu göstərici 20 faiz təşkil edirdi. 1970-1982-ci illər ərzində Bakı şəhərində Pedaqoji, Xarici Dillər və İnşaat Mühəndisləri institutları, Naxçıvan və Xankəndi şəhərlərində Pedaqoji institutlar, Gəncə şəhərində isə Texnologiya İnstitutu fəaliyyətə başlamışdır.
Ölkədə geniş elmi müəssisələr şəbəkəsi yaradılmışdır. Ali təhsil ocaqlarında və elmi müəssisələrdə elmi işlərlə məşğul olan 23 min nəfər elmi, elmi-pedaqoji işçi və mütəxəssis çalışırdı. 1969-1982-ci illərdə elmi, elmi-pedaqoji işçilərin və mütəxəssislərin sayı 33,0 faiz, o cümlədən elmlər doktorlarının sayı 60 faiz, elmlər namizədlərinin sayı isə 77 faiz artmışdır.
Vurğulamaq lazımdır ki, Heydər Əliyevin həmin illərdə ölkəyə rəhbərliyi dövründə həyata keçirilmiş genişmiqyaslı tədbirlərin nəticəsidir ki, O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da Azərbaycanda davamlı inkişaf müşahidə olundu. 1982-1987-ci illərdə SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etməklə Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirən Heydər Əliyev Azərbaycandan da Öz diqqətini əsirgəmirdi.
Təəssüflə qeyd etmək lazımdır ki, 1987-ci ildə Ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra, eləcə də bazar münasibətlərinə keçid zamanı plan iqtisadiyyatı üçün nəzərdə tutulmuş idarəetmə və iqtisadi mexanizmlərin və əlaqələrin pozulması, iqtisadi və siyasi qeyri-sabitlik ölkə iqtisadiyyatının bir çox sahəsini iflic vəziyyətinə saldı. İqtisadiyyatda artıq 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşdi. Belə ki, 1989-1991-ci illərdə ümumi daxili məhsulun həcmi hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində bu azalmanın sürəti 3,8 dəfə artmışdır. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında 1993-cü ildə 1990-cı ilə nisbətən 2,0 dəfə az məhsul istehsal edilmişdir.
Belə bir dövrdə geriləmə prosesinin qarşısının alınması, iqtisadi-siyasi sabitliyin bərpa edilməsi və yeni iqtisadi dirçəlişin təməlinin qoyulması tələb olunurdu. İqtisadiyyatda islahatların aparılması, qanunvericiliyin, vergi və bank sistemlərinin iqtisadi şəraitə uyğunlaşdırılması, beynəlxalq münasibətlər fonunda yeni iqtisadi siyasətin həyata keçirilməsi zərurəti yaransa da, ölkə rəhbərliyinin səriştəsizliyi, idarəetmə orqanlarının fəaliyyətsizliyi, strateji planların olmaması səbəbindən böhran getdikcə dərinləşməyə başlamışdır. Qeyd olunanlarla yanaşı, Azərbaycanın xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması, dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımız yenidən öz taleyini məhz Heydər Əliyevə etibar etməklə müdrik qərar qəbul etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində nəinki ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, eyni zamanda, sosial-iqtisadi islahatlara start verməklə bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsinin əsasını qoydu. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl Dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülməklə bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı. Bir sözlə, Ulu öndər Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoydu.
Ümummilli liderin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasətin sayəsində sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlərin nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illər ərzində 71,0 faiz artmış və 2002-ci ildə 6,1 milyard manata çatmışdır.
1996-cı ilə qədər sənayedə davam edən istehsalın azalması prosesinin qarşısı alınmış və 1997-ci ildən başlayaraq bu sahədə dönüş yaranmışdır. 1994-cü ildə imzalanmış, Ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə sərmayələrin yönəldilməsi, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməlini qoymuşdur. Nəticədə, sənayedə yaranmış əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etmişdir.
1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu siyasət MDB məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin formalaşması ilə başlanılmış, aqrar sahənin inkişafı yönümündə ciddi islahatlar həyata keçirilmişdir. Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı məqsədilə verilmiş qərarlar öz müsbət təsirini göstərmiş, əhalinin əkinə marağı yüksəlmiş, əkin sahələri artırılmış, mal-qaranın sayı çoxalmışdır. Tənəzzülün qarşısı tədricən alınmış, əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.
1993-cü ilin ikinci yarısından başlayaraq, ölkədə ictimai siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün öz investisiyalarından məqsədyönlü istifadə etməyə əlverişli şərait yaratmış və 1993-2002-ci illər ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni tikililərin və obyektlərin inşası təmin edilmişdir. 1993-2002-ci illərdə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldilmişdir. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə çox olmuşdur. 1993-2002-ci illərdə xarici investorlar tərəfindən əsas kapitala 5,3 milyard manat və ya ümumi investisiyanın 63,8 faizi qədər investisiya yönəldilmişdir.
1993-2002-ci illərdə ümumi sahəsi 6,7 milyon kvadratmetr olan 74,1 min yeni mənzil, 31,1 min şagird yerlik 82 yeni ümumtəhsil məktəbi, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3,0 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verilmişdir.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid iqtisadiyyatına xas olan böhranlı proseslər başqa sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da baş vermişdir. Lakin bütün nəqliyyat növlərində müşahidə olunan geriliyin qarşısı 1996-cı ildə alınmış, bu sahədə görülmüş tədbirlər nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında müsbət meyillərin yaranmasına təsir etmişdir. 1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artmış və orta illik nisbi artım 13,5 faiz təşkil etmişdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bərpası Ulu öndərin Azərbaycan xalqına ən böyük töhfələrindən biridir və artıq bu dəhliz regional nəqliyyat dəhlizləri ilə rəqabət aparmaqla ölkə iqtisadiyyatının inkişafına, yerüstü nəqliyyat infrastrukturunun formalaşmasına ciddi təsir edən amillərdən birinə çevrilmişdir.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli və davamlı tədbirlər reallaşdırılmışdır. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənmiş, möhkəmlənmiş və inkişaf etmişdir. 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3832,9 milyon ABŞ dollarına çatmış və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdır.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, qiymətlərin və ticarətin sərbəstləşdirilməsinə də xüsusi diqqət yetirilmiş, azad rəqabət üçün əlverişli şərait yaradılmışdır. Bu tədbirlər nəticəsində istehlak bölməsində qiymətlərin aşağı salınmasına nail olunmuş, inflyasiyanın artım sürəti kəskin azalmış, bəzi illərdə isə deflyasiya baş vermişdir. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə - 330 faizdən 1887 faizə qədər artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın stabilləşməsi təmin edilmişdir.
Xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi məqsədilə düşünülmüş tədbirlərin həyata keçirilməsi Azərbaycanda xarici investisiyalı müəssisələrin sayının da kəskin surətdə artmasına gətirib çıxarmışdır. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuşdur. Bu dövr ərzində xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatmışdır.
Məlum olduğu kimi, 90-cı ilin əvvəllərində iqtisadiyyatda baş verən böhran və onun aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməməsi, habelə inflyasiyanın çox sürətlə artması əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. 1991-1994-cü illərdə əhalinin həyat səviyyəsini xarakterizə edən pul gəlirləri real ifadədə 3,6 dəfə aşağı düşmüşdür. Əhalinin gəlirlərində xüsusi rolu olan əməkhaqqının artması bu dövrdə pulun qiymətdən düşməsi ilə ayaqlaşa bilməmiş, 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8,2 dəfə aşağı düşmüşdür.
Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatmış, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etmişdir. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirilmişdir. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artmışdır. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat (ümumi büdcə xərclərinin 8,5 faizi) sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdırılmışdır ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabərdir.
Ulu öndər Heydər Əliyev əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə geniş yer vermiş, bu sahədə görülmüş tədbirlər hesabına iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artmasına nail olunmuşdur. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoymuşdur.
Ulu öndər tərəfindən 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra ölkədə təhsil islahatlarına başlanılmışdır. Həmin proqrama uyğun olaraq ali təhsildə struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali təhsil müəssisələri öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuş, təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət təhsil ocaqları ilə yanaşı, qeyri-dövlət təhsil müəssisələrinin şəbəkəsi də inkişaf etmişdir.1993-cü ildə 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 703 nəfərinin ali və tam orta təhsili olduğu halda, 2002-ci ildə bu göstərici 753-ə çatmışdır.
2002-ci ildə respublikada əhalinin sağlamlığının keşiyində 29,5 min həkimi və 59 min orta tibb işçisi duran 738 xəstəxana və 1603 ambulator-poliklinika müəssisəsi fəaliyyət göstərmişdir. 1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu qanunda əhalinin bir sıra təbəqələrinə, o cümlədən təqaüdçülərə, aztəminatlı insanlara pulsuz tibbi yardım, vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması kimi zəruri və son dərəcə mühüm məsələlər öz əksini tapmışdır.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarət olmuş, bu istiqamətdə Dövlət proqramları qəbul edilmişdir. Əhalinin mədəni tələbatını təmin etmək üçün 4,1 min kütləvi kitabxana, 3,1 min klub müəssisəsi, 27 peşəkar teatr, 13 konsert təşkilatı və 159 muzey fəaliyyət göstərmişdir.
Ulu öndər Heydər Əliyev bütün siyasi fəaliyyəti dövründə Azərbaycan təbiətinin mühafizəsinə böyük diqqət yetirmiş, məhz Onun rəhbərliyi ilə ekoloji siyasətin həyata keçirilməsi üçün genişmiqyaslı qanunvericilik bazası işlənib hazırlanmış və qəbul edilmişdir. Bunun nəticəsidir ki, stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarı 2002-ci ildə 1993-cü ilə nisbətən 7 dəfə azalmışdır.
Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunmuşdur.
Yuxarıda qeyd olunanlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə digər tədbirləri əhatə edən Fərman və sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Tahir Budaqov
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri,
YAP Siyasi Şurasının üzvü

Paylaş:
Baxılıb: 1411 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31