Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2017-ci ilin birinci yarısında Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirib

2017-ci ilin birinci yarısında Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirib

20.07.2017 [09:11]

Prezident İlham Əliyev: Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir
Xarici mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycan özünün inkişaf dinamikasını davam etdirmək əzmi nümayiş etdirir. Ötən ilin əvvəlindən ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilib, milli iqtisadiyyat və onun 11 əsas sektoru üzrə yaxın, orta və uzunmüddətli dövrü əhatə edən strateji yol xəritələri qəbul olunub. Respublikada yeni çağırışlara uyğun görülən tədbirlər artıq öz müsbət nəticələrini verir. Cari ilin birinci rübünün nəticələrindən də göründüyü kimi, respublikamızda yeni çağırışlara adaptasiya prosesi çox uğurlu keçib və ölkə inkişafa istiqamətlənib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə maliyyə və iqtisadi sahədə sabitliyin təmin olunmasından məmnunluq ifadə edərək vurğulayıb: “Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün, əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir”.
2017-ci ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə mümkün olan ən yaxşı göstəricilər əldə olunub
Qeyd etdiyimiz kimi, ötən ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Bu islahatlar iqtisadi sektora aid prioritet istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.
Ölkədə aparılan islahatlar sayəsində Azərbaycanın bir sıra spesifik cəhətləri ilə səciyyələnən yeni iqtisadi inkişaf modeli formalaşıb. O cümlədən burada daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft əsas rol oynamasın. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə bu nisbət əhəmiyyətli dərəcədə dəyişib və milli iqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi 70 faizədək yüksəlib. Təsadüfi deyil ki, respublikamızda cari ilin birinci yarısının əsas iqtisadi inkişaf göstəriciləri də məhz qeyri-neft sektoru ilə bağlıdır. Prezident İlham Əliyev 2017-ci ilin əvvəlindən bəri qeyri-neft iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə mümkün olan ən yaxşı nəticələr əldə edildiyinə diqqət çəkərək bildirib: “Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Öz növbəsində ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolu var. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Ötən 13 ildə fond tərəfindən sahibkarlara təxminən 2 milyard manat güzəştli kreditlər verilib. Həmçinin ölkəmizdə ötən ildən başlayan islahatlar çərçivəsində özəl bölmənin dəstəklənməsi, ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin önəmini xüsusi qeyd etmək lazımdır. Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və maddi imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit formalaşdırır.
Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetləri bundan sonra da məhz qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlı olacaq. Bununla bağlı mesajlarını çatdıran Prezident İlham Əliyev deyib: “Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir”.
Xarici ticarət dövriyyəsinin göstəriciləri də olduqca müsbətdir
Respublikamız məqsədyönlü diversifikasiya siyasətinə uyğun olaraq həmçinin ixracın şaxələndirilməsinə nail olmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.
Ölkədə neftdənkənar iqtisadiyyat üzrə ixracın genişləndirilməsinə nail olmaq üçün məqsədyönlü tədbirlər görülür. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. Qeyd edək ki, ixrac təşviqi şamil olunan məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizindən 6 faizinədək büdcə vəsaitləri hesabına təşviq vəsaiti verilir.
Respublikamızda ötən il işə salınan ixracın səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb.
Həyata keçirilən bu və ya digər tədbirlər ölkənin ticarət dövriyyəsinə müsbət təsir göstərib. Cari ilin birinci yarısında respublikanın ticarət dövriyyəsində 1,9 milyard dollar həcmində müsbət saldo yaranıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, istənilən ölkə üçün arzuedilən nəticədir: “Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir”.
Perspektivdə isə ölkənin ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.
Eyni zamanda, daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir ki, bütün bunlar da idxalın azalmasına və ixracın genişlənməsinə müsbət təsir göstərir. İndiyədək ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir.
Azərbaycandakı sabitlik ölkənin investisiya cəlbediciliyini daha da artırır
Qlobal miqyasda kəskin maliyyə qıtlığı yaşandığı indiki şəraitdə investisiya cəlbediciliyinin kifayət qədər yüksək olması Azərbaycanı iqtisadi aktivlik baxımından diqqəti çəkən ölkə kimi fərqləndirən əsas cəhətlərdən biridir. Hazırda adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Təbii ki, ölkəmizin investisiya cəlbediciliyi, necə deyərlər, sehrli çubuğun sayəsində baş vermir. Bunu şərtləndirən bir sıra fundamental amillər var. Yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. Ötən bir ildə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya yönəldilib. Əlamətdar haldır ki, cari ilin birinci yarısında ölkəmizə yönəldilən investisiyaların strukturunda xarici sərmayələr üstünlük təşkil edir. İndiki narahat dünyada respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev məqsədyönlü siyasət sayəsində Azərbaycanın sabitlik məkanı kimi fərqlənməsinin xarici investorların ölkəmizə sərmayələr yönəltmələrini şərtləndirən vacib faktor olduğunu xüsusi nəzərə çatdırıb: “Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.
6 ayda valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir
Azərbaycanda davamlı inkişafın təməlində dayanan vacib amillərdən biri də ölkənin valyuta ehtiyatlarından səmərəli istifadə edilməsidir. Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyasının reallaşdırılması sayəsində ölkəmizə böyük həcmlərdə maliyyə vəsaiti daxil olub. Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycan iqtidarı ölkəyə daxil olan neft vəsaitlərinin milli maraqlara uyğun idarə edilməsi üçün səmərəli mexanizm formalaşdırıb. Neft Fonduna daxil olan vəsaitlərin bir hissəsi sosial məqsədlərə, iri investisiya tutumlu infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib. Eyni zamanda, xalqımızın sərvəti olan valyuta ehtiyatları maksimum dərəcədə qorunub və davamlı şəkildə artırılıb.
Respublikamızı fərqləndirən başqa bir məqam da məmnunluq doğurur. Söhbət xarici borclanmanın optimal səviyyədə olmasından gedir. Məlumdur ki, bir sıra beynəlxalq səviyyəli maliyyə qurumları ölkəmizə aşağı faizlə kreditlər ayırmağa hazır olduqlarını bildiriblər. Azərbaycan isə milli maraqlardan çıxış edərək hər hansı risk yarada biləcək borclanmaya getmir, müxtəlif investisiya layihələrini həyata keçirərkən ilk növbədə daxili resurslarına əsaslanır. Ümumiyyətlə, ölkənin valyuta ehtiyatlarının xarici borcu 4-5 dəfə üstələməsi kifayət qədər yaxşı göstəricidir. Prezident İlham Əliyev cari ilin 6 ayı ərzində ölkənin valyuta ehtiyatlarının 3 milyard dollar həcmində artmasını mükəmməl nəticə kimi səciyyələndirib: “Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30