Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə yüksəlib

Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə yüksəlib

14.08.2017 [10:10]

Prezident İlham Əliyev: Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Ölkəmiz fəal şəkildə regional və qlobal əməkdaşlığın dərinləşməsinə, beynəlxalq miqyasda həmrəyliyin güclənməsinə, terrorizmə qarşı mübarizənin səmərəliliyinin artmasına töhfə verən təşəbbüslərlə çıxış edir. Respublikamızın təcavüzkar Ermənistan istisna olmaqla nə regional, nə də qlobal miqyasda heç bir dövlətlə problemi yoxdur. Bu kontekstdə Azərbaycanın Türkmənistanla münasibətlərinin dərinləşməsi və yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
Azərbaycan-Türkmənistan münasibətləri möhkəm tarixi köklərə əsaslanır
Daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan Prezidenti İlham Əliyev və qardaş ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədov istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
İki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə Azərbaycana baş tutan səfəri də böyük aktuallıq daşıyır. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov öz ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində, yeni çalarlarla zənginləşdirilməsində maraqlı olduğunu xüsusi olaraq diqqətə çatdırıblar.
Həqiqətən də, Azərbaycanla Türkmənistanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər iki ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdırlar. Hər iki ölkə davamlı olaraq o mövqedən çıxış edirlər ki, enerji amili heç vaxt istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir və beynəlxalq hüquq bütün regional və qlobal məsələlərin həllində əsas istinad amili kimi götürülməlidir.
Əsas məqamlardan biri isə odur ki, Azərbaycanla Türkmənistanı çoxəsrlik ortaq dəyərlər, o cümlədən dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır. Müstəqil Azərbaycanla müstəqil Türkmənistan arasında diplomatik münasibətlər 25 il bundan əvvəl yaranıb. Ötən 25 ildə bir sıra yeni çalarlarla zənginləşən münasibətlərin dərinləşməsinə tarixdən gələn ənənələr öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatda bu amilə xüsusi diqqət çəkərək vurğulayıb: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir”.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qarşılıqlı maraqlara xidmət edir
Müstəqillik illərində sosial-iqtisadi, mədəni-humanitar sahələrdə bir sıra diqqətəlayiq uğurlara imza atan Azərbaycan və Türkmənistan regional və qlobal məsələlərə yanaşmada oxşar mövqedən çıxış edirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə qeyd edildiyi kimi, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyaların yaxınlaşması, həmrəyliyin gücləndirilməsi, milli-dini-irqi dözümsüzlüyün aradan qaldırılması naminə çoxsaylı təşəbbüslərlə çıxış etməsi bütün dünyada böyük rəğbətlə qarşılanıb. Eyni zamanda, bir sıra transmilli layihələrin moderatoru və yaxud fəal iştirakçısı olan respublikamız iqtisadi sahədə də qlobal əməkdaşlığa daim yeni töhfələr vermək əzmi nümayiş etdirir. Türkmənistan da regional və qlobal əməkdaşlıq sahəsində qarşısına qoyduğu hədəflərdə oxşar prinsiplərdən çıxış edir. Beləliklə, Azərbaycanın və Türkmənistanın nümunəsi Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin inkişafına, sabitliyin və tərəqqinin təmin olunmasına müsbət təsir göstərir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə müzakirə edilən məsələlərin kifayət qədər geniş spektri, tərəflərin xoş niyyət ifadə etmələri bir daha təsdiqləyir ki, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb. Azərbaycanın və Türkmənistanın getdikcə artan iqtisadi potensialı əməkdaşlığı yeni istiqamətlərdə inkişaf etdirmək üçün böyük imkanlar açıb. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əməkdaşlığın daha geniş perspektivi barədə konkret təsəvvür yaradır. Bəhs olunan Bəyannamədə gələcək birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilib. Sənəddə siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Prezident İlham Əliyev hazırda iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəlməsindən məmnunluq ifadə edərək bildirib: “İmzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır”.
Getdikcə dərinləşən əlaqələr sayəsində strateji səviyyəyə yüksələn Azərbaycan-Türkmənistan münasibətləri ikitərəfli çərçivədə uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bunu bir daha təsdiqləyir. İndiyədək Azərbaycanla Türkmənistan arasında müxtəlif istiqamətləri əhatə edən 45 sənədin imzalanması ölkələrimizin əlaqələrinin dinamikasına geniş hüquqi əsaslar yaradır. Ekspertlərin də vurğuladıqları kimi, iki ölkə arasında əlaqələrin getdikcə yüksələn dinamikası qarşılıqlı maraqlara, regionun rifahına və təhlükəsizliyinə xidmət edir.
Eyni zamanda, Azərbaycanla Türkmənistan çoxtərəfli platformada da daim bir-birinə dəstək nümayiş etdirirlər. Hər iki ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe nümayiş etdirirlər və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. Prezident İlham Əliyev Onun adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında Azərbaycanla Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birlərini dəstəklədiklərini vurğulayaraq deyib: “Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur”.
Öz növbəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. Dost ölkənin dövlət başçısı Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğulayıb: “Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır”.
Energetika və nəqliyyat əməkdaşlığın prioritet istiqamətlərini təşkil edir
Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlarda hər iki tərəfdən bundan sonra əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsinə güclü siyasi iradə nümayiş etdirilib. Danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilib. O cümlədən qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması barədə razılıq əldə olunub. Vurğulanıb ki, yuxarıda deyilənlər baxımından iki ölkənin biznes qurumlarının qarşılıqlı fəaliyyəti mühüm rol oynaya bilər.
Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın prioritet istiqamətlərini isə, heç şübhəsiz ki, energetika və nəqliyyat sektorları təşkil edir. Məlumdur ki, Azərbaycan və Türkmənistan enerji ehtiyatlarının transmilli şirkətlərin iştirakı ilə işlənməsi sahəsində yaxşı təcrübəyə malikdirlər. Azərbaycan 1994-cü il sentyabrın 20-də 11 transmilli şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” ilə özünün uzunmüddətli dövrə hesablanan inkişafını təmin edib. Azərbaycanın karbohidrogen ehtiyatları milli maraqlar nəzərə alınmaqla işlənir və şaxələndirilmiş boru kəmərləri vasitəsilə Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına çıxardılır.
Eyni zamanda, hazırda respublikamızın təşəbbüsü və fəal iştirakı ilə “Cənub” qaz dəhlizi reallaşdırılır. “Cənub” qaz dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Layihənin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Yeni enerji dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. Layihə çərçivəsində nəzərdə tutulan işlər koordinasiya olunmuş beynəlxalq əməkdaşlıq sayəsində müxtəlif ölkələrdə həyata keçirilir. Ayrı-ayrı dövlətlər, müxtəlif transmilli şirkətlər və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub” qaz dəhlizinin uğurla həyata keçirilməsini şərtləndirən əsas amillər qismində çıxış edir. Azərbaycanın zəngin “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP, TAP kimi seqmentlərdən ibarət olan layihənin reallaşdırılmasına beynəlxalq komandanın bütün üzvləri tərəfindən güclü siyasi iradə göstərilir. “Cənub “ qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Türkmənistan da özünün zəngin resurslarının daha böyük həcmlərdə istehlakçılara çatdırılmasında maraqlıdır. Dost ölkə enerji marşrutlarının şaxələndirilməsinə davamlı səylər göstərir. Azərbaycanın iştirakı ilə yaradılan müvafiq infrastruktura bu ölkədə böyük maraq var. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin enerji sahəsində əməkdaşlığını dərinləşdirmək üçün bütün imkanlar mövcuddur: “Enerji sahəsində əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz bu sahədə işimizi daha da dərinləşdirmək əzmindəyik və bunun üçün də bütün imkanlar vardır”.
Nəqliyyat layihələri də eyni coğrafiyanı bölüşən Azərbaycanla Türkmənistanın ortaq maraqlarına daxildir. Son illərdə Azərbaycan qədim İpək Yolunun bərpası, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr reallaşdırır. Artıq Xəzər sahilində, Ələt qəsəbəsində inşa edilən nəhəng ticarət limanının bir hissəsi istismara verilib. Azərbaycanın moderatorluğu ilə tikilən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası tamamlanmaq üzrədir. Bu və ya digər layihələr Xəzər regionunu müxtəlif istiqamətlərdən, o cümlədən Avropadan, Asiyadan daşımalar üçün mühüm tranzit-nəqliyyat mərkəzinə çevirəcək. Yüklərin daşınma müddəti azalacaq, qiymətlər daha sərfəli olacaq. Ekspertlərin qənaəti budur ki, Azərbaycanın fəal təşəbbüsləri ilə yaradılan nəqliyyat dəhlizlərinə digər qonşu ölkələr kimi Türkmənistan da qoşula bilər. Prezident İlham Əliyev yuxarıda bəhs olunan bəyanatında Türkmənistanda və Azərbaycanda yaradılan müvafiq infrastrukturun hər iki ölkənin tranzit imkanlarını artıracağına əminliyini ifadə edərək bildirib: “Danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”.
İmzalanan sənədlər gələcək əməkdaşlıq üçün fundamental əsaslar yaradıb
Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində çoxlu sayda mühüm sənədlər imzalanıb. Biz yuxarıda Azərbaycan və Türkmənistan prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” barədə söhbət açdıq. Səfər çərçivəsində həmçinin “Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokol, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu” və digər mühüm sənədlər imzalanıb. İki dost ölkənin müvafiq qurumlarının məsul şəxsləri tərəfindən imzalanan sənədlər regiondakı reallıqları, meydana çıxan çağırışları özündə ehtiva edir və ölkələrimiz qarşısında yeni əməkdaşlıq perspektivləri açır. İmzalanan sənədlərin önəmindən bəhs edən Prezident İlham Əliyev deyib: “İmzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30