Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan öz işğalçı, terrorçu mahiyyətini nümayiş etdirir

Ermənistan öz işğalçı, terrorçu mahiyyətini nümayiş etdirir

14.08.2017 [10:26]

Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolu tapılmayanadək Ermənistan dinc sakinləri atəşə tutmaqda davam edəcək
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması, eləcə də mülki insanları hədəfə almasının nəticəsi kimi avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramil Yusifov xəsarətlər alıb. Ekspertlərin qənaətincə, təcavüzkar Ermənistan mülki şəxsləri hədəfə almaqla öz işğalçı, terrorçu mahiyyətini nümayiş etdirir.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, beynəlxalq təşkilatlar bu hadisəyə səssiz qalmamalı, Minsk qrupu bu hadisəyə obyektiv qiymət verməlidir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasında BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürərək ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə məşğul olmalıdır.
M.İbrahimqızı bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozub, başqa bir dövlətin ərazisini işğal edib. Onun sözlərinə görə, Minsk qrupu öz missiyasını beynəlxalq hüquq əsasında qurmalıdır: “Amma bunun əvəzində biz həmsədrlərin işğalçı Ermənistana qarşı loyal münasibətini görürük. Əslində, onlar öz fəaliyyətlərini beynəlxalq hüquq normaları və BMT TŞ-nin qərarları əsasında qurmalıdırlar. Əks halda həmsədrlərin regiona turist səfərlərinin heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, həmsədrlər indiyə qədər münaqişənin həllinə heç bir töhfə verə bilməyiblər. İşğalçı Ermənistana qarşı ciddi təpkilər olmadığı halda o, təxribatlarını davam etdirəcək. Ona görə də dünya birliyi beynəlxalq hüquq normaları çərçivəsində işğalçıya qarşı addımlar atmalıdır”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov da bildirib ki, 13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır. Millət vəkili deyib ki, Ermənistan tərəfinin dinc əhalini hədəfə alması artıq adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını pozurlar: “Tovuz rayonunun Qaralar kəndi və sərhəddə yerləşən digər ərazilərdə yaşayan dinc sakinlər Ermənistan tərəfindən mütəmadi atəşə tutulurlar. Ermənilər bu hərəkətləri ilə gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışırlar. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə - Zəhra Quliyevanın öldürülməsi və bu hadisənin dünyada yaratdığı əks-sədadan ermənilər nəticə çıxarmayıblar. Bu təxribatların baş verməsinin əsas səbəbi isə Ermənistanın beynəlxalq səviyyədə həmin əməllərə görə cəzalandırılmamasıdır”.
A.Hüseynovun sözlərinə görə, 2 yaşlı Zəhranın öldürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: “13 yaşlı Ramil Yusifovun yaralanması isə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verib. Bu fakt bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və torpaqlarımızın işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə ATƏT-in Minsk qrupu başda olmaqla, beynəlxalq səviyyədə Ermənistana yetərincə təzyiqlər olunmur. Onlar isə belə təxribatçı əməllərinə davam edirlər”.
Millət vəkili Tahir Rzayev isə deyib ki, beynəlxalq ictimaiyyət, ilk növbədə, BMT və ATƏT işğalçı Ermənistanın mülki əhaliyə qarşı addımlarına sərt reaksiya verməlidir. Onun fikrincə, bu təşkilatlar baş verən beynəlxalq hüquq pozuntularına biganə qalmamalıdır: “Azərbaycan tərəf, müharibə istəmir. Amma diplomatik laqeydlik və passivlik beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc nizamlanmaya gətirib çıxarmır. Münaqişədə ədalətli həll yolu tapılmayanadək işğalçı tərəf dinc sakinləri atəşə tutmaqda davam edəcək. Çünki bu hərəkətlər Sarkisyan rejiminin xislətidir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31