Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan iqtisadiyyatı daxili və xarici investisiyalar üçün olduqca cəlbedicidir

Azərbaycan iqtisadiyyatı daxili və xarici investisiyalar üçün olduqca cəlbedicidir

30.08.2017 [10:09]

Prezident İlham Əliyev: Əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək
Son illərdə dünyada müşahidə edilən gərginliklər fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri problemlərdən biri də iqtisadiyyata yönəldilən investisiyaların getdikcə azalması ilə bağlıdır. Daxili sabitliyin olmaması, sərmayələrin qorunmasına lazımi səviyyədə hüquqi təminatlar verilməməsi, regional təhdidlər və digər bu kimi neqativ amillər investorları bu və ya digər ölkəyə sərmayələr yönəltməkdən çəkindirir. Belə vəziyyətlə müqayisədə Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Azərbaycan iqtisadiyyatı daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın sərmayə iqliminin cəlbedici olmasından məmnunluğunu bildirərək vurğulayıb ki, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Xüsusi olaraq nəzərə çatdırmaq lazımdır ki, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Azərbaycanın müsbət reallıqları ölkənin sərmayə cəlbediciliyini artıran fundamental amillər rolunda çıxış edir
Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza bəhs olunan həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Respublikadakı sabitlik ölkə iqtisadiyyatının daxili və xarici sərmayələr üçün cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Məhz bu kimi amillər respublikada iqtisadi aktivliyin təmin olunmasına müsbət təsir göstərir. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi prosedurları müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. Prezident İlham Əliyev investisiya təşviqi mexanizminin işə salınmasının əhəmiyyətindən bəhs edərək vurğulayıb: “İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı, bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var”.
Ölkə daxilində özəl bölmənin təmsilçiləri sənayedə və aqrar sektorda yeni layihələrə məmnuniyyətlə sərmayələr yönəldirlər
Müvafiq təşviq mexanizmi işə salındıqdan sonra ölkəmizdə özəl bölmə təmsilçilərinə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması sayəsində 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 40 faizə qədəri kənd təsərrüfatını, 60 faizdən çoxu isə sənaye sektorunu əhatə edir. Onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Respublikamızda özəl bölmə təmsilçilərinin investisiya fəallığının artması ilk növbədə sahibkarlıq subyektlərinin dövlət tərəfindən güclü şəkildə dəstəklənməsinin nəticəsidir. Məlumdur ki, ölkəmizdə dövlət sahibkarlara həm siyasi, həm də maddi cəhətdən böyük dəstək göstərir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir, o cümlədən sahibkarların vergi yükü azaldılıb, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, daxili istehsalın qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Son 13 ildə özəl bölmə təmsilçilərinə təxminən 2 milyard manat həcmində güzəştli kreditlər ayrılıb.
Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Azərbaycanda özəl sektorun imkanlarının getdikcə artmasına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər”.
Öz növbəsində dövlət qayğısından bəhrələnən sahibkarlar bütün ölkə miqyasında müxtəlif sahələrə sərmayə qoyuluşunu artırıblar. Son illərdə dövlətin güzəştli kreditlərindən bəhrələnən sahibkarlar 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılmasında fəal iştirak ediblər.
Sahibkarlıq subyektləri tərəfindən iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq 20 rayonda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən ümumi dəyəri 181 milyon manat olan 32 iri fermer təsərrüfatı yaradılıb. Qeyd edək ki, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Regionlarda dövlət dəstəyindən bəhrələnən özəl bölmə təmsilçilərinin fəal iştirakı ilə aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark Şəmkir rayonunda yaradılır. Bir qədər bundan əvvəl Prezident İlham Əliyev regionlara səfəri çərçivəsində “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışına qatılıb. Şabran rayonunda isə 1740 hektar ərazidə “Şabran Aqroparkı”nın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq. Prezident İlham Əliyev aqroparkların yaradılması ilə bağlı irəli sürülən təşəbbüsə özəl sektorun çox məsuliyyətlə yanaşdığını bildirərək deyib: “Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”.
Ölkəmizdə daxili sərmayə qoyuluşu hesabına həmçinin sənaye sektorunda yeni müəssisələr yaradılır. Kiçik və orta sahibkarların fəal iştirakı ilə texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir. Qeyd edək ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib.
Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, həmçinin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Sənaye Parkında daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq. Ümumiyyətlə, investorların Sumqayıt Sənaye Parkına marağı böyükdür. Prezident İlham Əliyev bu amilə diqqət çəkərək deyib: “Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edib”.
Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Son bir ildə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.
Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyalar Azərbaycana olan marağı və inamı əks etdirir
Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, 2016-cı ildə olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizə yönəldilən sərmayələrin yarıdan çoxunu xarici investisiyalar təşkil edib. İndiki narahat dünyada respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir. Bu, Azərbaycana olan marağı və inamı əks etdirir. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, gələcəkdə ölkəmizə sərmayələr yönəltmək istəyən xarici investorların sayı daha da artacaq: “Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.
Əlamətdar haldır ki, respublikamıza yönəldilən xarici sərmayələrin böyük qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Azərbaycan Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, eyni zamanda, qurumda təmsil olunan 9 dövlətlə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Xarici investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltməkdə maraqlıdırlar. Pirallahı Sənaye Parkında xarici tərəfdaşların iştirakı ilə dərman istehsalına qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Pirallahı Sənaye Parkında yaradılan dərman istehsalı fabrikləri respublikamızın müxtəlif adda dərman vasitələrinə tələbatının ödənilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılması qərara alınıb.
Ötən ilin noyabrında Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin, həmçinin “Vita-A”, Rusiyanın “R-Farm” şirkətinin, Azərbaycan İnvestisiya Şirkətinin təmsilçilərinin iştirakı ilə ilk əczaçılıq zavodunun təməli qoyulub. Layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Cari ilin yanvarında isə Pirallahı Sənaye Parkında növbəti müəssisənin - “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” və İranın “TPİCO Holding”i arasında saziş imzalanıb. Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Caspian Pharmed” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 25, “Azərsun Holdinq” 26, İranın “TPİCO” şirkəti isə 49 faiz iştirak payına malikdir. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq.
Beləliklə, deyilənlər ölkə iqtisadiyyatına daxili və xarici investisiya qoyuluşunun müsbət dinamikası barədə konkret təsəvvür yaradır. Statistik rəqəmlər onu deməyə əsas yaradır ki, getdikcə artan sərmayə qoyuluşu hesabına milli iqtisadiyytımızda yeni istehsal və ixrac imkanları yaranacaq.
Bununla belə, respublikamızda investisiya qoyuluşu imkanları daha genişdir. Sirr deyil ki, yerli icra hakimiyyəti orqanları çalışdıqları sahənin və yaxud ərazinin investisiya qoyuluşu imkanlarını daha yaxşı dəyərləndirə bilərlər. Prezident İlham Əliyev də bununla bağlı tapşırıq verərək bildirib ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: “Yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30