/ / Azərbaycanın iqtisadi inkişaf modelinin strateji prioritetləri yeni mərhələdə qeyri-neft sektorunun uğurlu inkişafını təmin edir
Azərbaycanın iqtisadi inkişaf modelinin strateji prioritetləri yeni mərhələdə qeyri-neft sektorunun uğurlu inkişafını təmin edir
14.09.2017 [08:08]
Azərbaycanın iqtisadi inkişaf perspektivlərinə yeni baxış
Müasir dövrdə qlobal miqyasda baş verən iqtisadi kataklizmlər bir çox ölkələrin böhran kimi səciyyələndirilən mürəkkəb şəraitlə, tənəzzül və ciddi maliyyə problemləri ilə qarşı-qarşıya qalmasına səbəb olub. Ayrı-ayrı sahələrin strateji inkişaf planına və konseptual tərəqqi strategiyasına malik olan dövlətlər isə yeni iqtisadi perspektivlər formalaşdıra, inkişaf üçün əlverişli zəmin yarada biliblər. Bu mənada, Azərbaycanın təcrübəsi də mütərəqqi nümunə kimi səciyyələndirilə bilər.
Yeni mərhələdə qarşıya çıxan qlobal çağırışlar və tələblərə müvafiq strateji yol xəritəsi formalaşdıran Azərbaycan bütün sahələrin tərəqqisini nəzərdə tutan kompleks tədbirlər vasitəsilə uzunmüddətli hədəflərə çatmağı inkişaf strategiyasının ana xətti kimi müəyyənləşdirib. Ümumiyyətlə, uzunmüddətli perspektivdə müstəqil Azərbaycanın strateji inkişaf paradiqmalarının əsasını mütəmadi surətdə dayanıqlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların paralel aparılması, eyni zamanda, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi təşkil edir. Məhz bu, yeni mərhələdə - postneft dövründə strateji zərurət kimi çıxış edir.
İqtisadi tərəqqi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yeni inkişaf perspektivləri yaranıb
Sadalananlar fonunda bir nüansı xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi bazis əsaslı olduğuna - fundamental xarakter daşıdığına görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək mümkündür. Bəllidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib, mühüm məsafə qət edilib. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib. Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa əsas yaradır. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında avanqard göstəricidir. 2004-cü ildən bəri respublikamız investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrilib. 2004-cü ildən bəri 70 mindən çox yeni müəssisənin yaradılması və təxminən 1,6 milyondan çox yeni iş yerinin açılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Bir sözlə, dünya miqyasında ortaya çıxan neqativ tendensiyaların ölkəmizə təsiri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində minimuma endirilib, iqtisadiyyatın dayanıqlılığı formalaşıb, yeni iqtisadi hədəflərin reallaşması üçün əlverişli zəmin yaranıb.
Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir
Yeni iqtisadi şərait çərçivəsində isə müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar qlobal çağırışlara adekvat cavab verməklə özündə kompleks məsələləri ehtiva edir, uzunmüddətli və dayanıqlı inkişafın fundamental əsasını təşkil edir. Ümumiyyətlə, iqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Məhz ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar.
Yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı da mühüm əhəmiyyətə malikdir. Fərmanda ayrı-ayrı sahələrdə islahat xarakterli davamlı işlərin həyata keçirilməsi nəzərdə tutulub ki, bu da qeyri-neft sektorunun inkişafını, əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasını, iqtisadi aktivliyin artmasını təmin edəcək. Digər tərəfdən, yeni iqtisadi çağırışlara uyğun nəzərdə tutulan hədəflər qısa, orta və uzunmüddətli xarakter daşıyır ki, bu da uzunmüddətli perspektivdə pozitiv nəticələr vəd edir. Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Ümumiyyətlə, strateji yol xəritələri ölkənin iqtisadi sektorunda həyata keçirilən reformaların ardıcıllığı nəzərə alınmaqla hazırlanıb. İndiyə qədər reallaşdırılan islahatların, həyata keçirilən sosial-iqtisadi kursun nəticələri nəzərə alınmaqla hazırlanan strateji yol xəritələri özündə sistemli hədəfləri birləşdirir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir ki, bu da mərhələli tədbirlər vasitəsilə dayanıqlı iqtisadi inkişafa nail olmaq məqsədinə xidmət edir.
Artıq strateji yol xəritələrində müəyyən olunmuş prioritet istiqamətlər və vəzifələrə müvafiq şəkildə həyata keçirilən tədbirlərin ilkin nəticələri bəllidir. Diqqətə çatdırmaq lazımdır ki, 2017-ci ilin 7 ayı ərzində ixracda 36 faiz yüksəliş, qeyri-neft ixracında 27, kənd təsərrüfatı sahəsində ixracda isə 40 faiz artım qeydə alınıb, idxal isə 15 faiz azalıb. Həmin müddət ərzində daxil olan valyutanın həcmi 3 milyard 600 milyon ABŞ dolları həcmində olub.
Bütövlükdə, strateji yol xəritələrində 11 sektoral yanaşma ilə bərabər 4 əsas prioritet istiqamət müəyyən olunub ki, bu istiqamətlər 11 sektoral yanaşmanın hər birinə aiddir. Buraya fiskal və monetar siyasətin uzlaşdırılması; insan kapitalının inkişafı və əmək bazarının milli, regional və qlobal iqtisadi inkişaf tələbatlarına uyğunlaşdırılması; biznes mühitinin yaxşılaşdırılması və nəhayət, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi aiddir. Bütövlükdə, 4 başlıca prioritet istiqamət əsasında 11 sektoral yanaşmadan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizdə iqtisadiyyatın bütün sahələrində mühüm irəliləyiş və nailiyyətlərin əldə olunması nəzərdə tutulub. Artıq əldə olunan ilkin nəticələr qarşıdakı dövr üçün optimist proqnozlar ifadə etməyə imkan verir.
Qeyri-neft sektorunun inkişafı strateji prioritet kimi
Başlıca strateji məqam budur ki, yeni mərhələdə iqtisadi tərəqqi ilə bağlı prioritetlər məhz qeyri-neft sektorunun inkişafı üzərində qurulub. Başqa sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir”.
Ümumiyyətlə, postneft dövründə başlıca strateji vəzifə kimi müəyyənləşdirilən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində bu sahədə müsbət göstəricilər əldə olunub. Şübhəsiz ki, son zamanlar qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi iqtisadi tərəqqi perspektivləri kontekstində müstəsna əhəmiyyət kəsb edir. Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi 70 faizədək yüksəlib ki, bu da neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunu əhatə edən müxtəlif sahələrdə dinamizmin təmin edilməsi baxımından böyük önəmə sahibdir. Bir nüansa toxunmaq lazımdır ki, 2017-ci ilin birinci yarısının əsas iqtisadi inkişaf göstəriciləri məhz qeyri-neft sektoru ilə bağlıdır. Prezident İlham Əliyev 2017-ci ilin əvvəlindən bəri qeyri-neft iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə mümkün olan ən yaxşı nəticələr əldə edildiyinə diqqət çəkərək bildirib: “Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Bütövlükdə, 2017-ci ilin birinci yarısında respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkənar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib. Hesabat dövründə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 1,7 faiz genişlənib, o cümlədən qeyri-neft sənayesi 4,4, kənd təsərrüfatı 2,2 faiz artıb. İlin birinci yarısında ölkənin xarici ticarət dövriyyəsinin göstəriciləri kifayət qədər müsbət olub. Qeyd etdiyimiz kimi, ilin əvvəlindən ixrac 36, qeyri-neft ixracı 27 faiz artıb, idxal isə 15 faiz azalıb. Beləliklə, xarici ticarət dövriyyəsində 1,9 milyard dollar həcmində müsbət saldo yaranıb. Qısacası, Azərbaycanın 2017-ci ilin birinci yarısının iqtisadi inkişaf göstəricilərinə dair statistika dayanıqlı inkişafı ifadə edir.
Digər tərəfdən, özəl sektorun inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən işlər də qeyri-neft sektorunu əhatə edən tədbirlərin səmərəliliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada, ölkədə iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində görülən işlər də qeyri-neft sektorunun inkişafını təşviq edən strateji faktorlardır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən səmərəli, məqsədyönlü və ardıcıl tədbirlərdən bəhs edərkən kənd təsərrüfatı sahəsində görülən işləri də xüsusi vurğulamaq lazımdır. Reallaşdırılan tədbirlər sayəsində aqrar sektorun inkişafında yeni mərhələ başlanıb. Kənd təsərrüfatının inkişafı, ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, eləcə də 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrdə aqrar sektorun ənənəvi sahələrinin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır”.
2017-ci ilin birinci yarısında aqrar sektorda 2,2 faiz artıma nail olunması da qarşıya qoyulan məqsədlər kontekstində görülən işlərin qanunauyğun nəticəsidir. Xüsusilə, yeni yaradılan aqroparkların hesabına aqrar sektorda yeni ixrac imkanlarının yaranması isə bu sahədə əsaslı dönüşə imkan verir. İxracın artmasını görülən işlərin nəticəsi kimi qiymətləndirən Prezident İlham Əliyev deyib: “Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq”.
İndiki mərhələdə qeyri-neft sektorunun inkişafı fonunda tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsi də xüsusi yer tutur. Şübhəsiz ki, həyata keçirilən islahat xarakterli tədbirlər, eləcə də regionların sosial-iqtisadi inkişafı, sahibkarlığın təşviqi sahəsində görülən işlər qeyri-neft ixracının artırılmasına təkan verib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik.
Regionların sosial-iqtisadi tərəqqisi yeni mərhələdə milli inkişafa fundamental töhfələr verir
Bir məqamı da qeyd edək ki, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır.
Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Bölgələrdə davamlı inkişafın təmin olunmasına nail olmaq və müəyyənləşdirilən hədəflərə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələri dirçəldən konseptual əsas kimi səciyyələndirilir. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə hətta müəyyən olunmuş zaman müddətindən, yəni vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirilib. Hazırda isə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla həyata keçirilir, əldə edilən nailiyyətlər qarşıdakı dövr üçün nəzərdə tutulan dayanıqlı inkişafa real zəmin yaradır.
Ötən müddət ərzində iqtisadi inkişaf strategiyasının uğurla tətbiq olunmasına paralel olaraq həm respublika səviyyəsində, həm də regionlarda müxtəlif sahələri əhatə edən layihələr müvəffəqiyyətlə icra olunub. Bu kontekstdə respublikada infrastruktur quruculuğu istiqamətində görülən işlər - müasir və dünya standartlarına cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin mühüm kommunikasiya layihələrinin həyata keçirilməsi xüsusi vurğulanmalıdır.
Ümumiyyətlə, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin, zəruri infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Bununla yanaşı, regionlarda yeni sənaye məhəllələrinin yaradılması da böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanda sənayeləşmənin yeni mərhələsinin başlanmasına dəlalət edir.
Şübhəsiz, regionların sosial-iqtisadi inkişafına dair proqmaların tam həcmdə və uğurlu icrası milli inkişafın daha intensiv xarakter almasına xidmət edən mühüm faktordur. Prezident İlham Əliyev Regional İnkişaf proqramlarının əhəmiyyətinə toxunaraq deyib: “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik? İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk”.
Hazırkı dövrdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədləri sırasında tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsi xüsusi yer tutur. O da qeyd edilməlidir ki, həyata keçirilən islahat xarakterli tədbirlər, eləcə də regionların sosial-iqtisadi inkişafı, sahibkarlığın təşviqi sahəsində görülən işlər qeyri-neft ixracının artırılmasına təkan verib. Prezident İlham Əliyev bu məqamlara diqqət çəkərək deyib: “Son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik”.
Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası sahibkarlığın inkişafına əhəmiyyətli töhfələr verir. Ümumiyyətlə, ölkədə milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Bu, özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil, öz növbəsində, ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunmasında mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında əhəmiyyətli vasitə rolunu oynayır. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında da yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri nəticəsində sahibkarlar aqrar və sənaye sahələrində yeni müəssisələr yaradırlar. Prezident İlham Əliyev diqqətə çatdırıb: “Sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək”.
Yeni mərhələdə də iqtisadi siyasət sosialyönümlü olması ilə fərqlənir
Şübhəsiz ki, bütün sahələri əhatə edən iqtisadi inkişaf strategiyası yeni mərhələdə də sosialyönümlü olması ilə fərqlənir. Yəni milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır.
Ümumiyyətlə, Azərbaycanda sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və reformaları davam etdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək”.
O da diqqətə çatdırılmalıdır ki, Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri, yəni ölkə əhalisinin 38 faizini əhatə edib. Bu faktın özü Azərbaycanın yeni mərhələdə sosial siyasətinin mahiyyətini aşkar şəkildə ifadə edir.
Bütövlükdə, Azərbaycanın yeni şəraitdə iqtisadi inkişaf kursu sosial məzmunludur. Başqa sözlə, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial məsuliyyətdir. Bu, o deməkdir ki, qarşıdakı dövrdə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanacaq.
Azərbaycanın kosmik sənayeyə malik dövlətə çevrilməsi strateji əhəmiyyət kəsb edir
Şübhəsiz ki, iqtisadi tərəqqinin yeni strateji paradiqmalarından bəhs edərkən yeni sənaye quruculuğu və qeyri-neft sektorunun inkişafına xidmət edən bir sıra müstəsna əhəmiyyətli istiqamətlərə də toxunmaq məqsədəmüvafiqdir. Bu istiqamətlər yeni strateji prioritetləri özündə ehtiva etməklə müasir qlobal çağırışlar fonunda ölkənin dayanıqlı inkişaf perspektivləri baxımından böyük əhəmiyyətə malikdir.
Qeyri-neft sektorunun inkişafından bəhs edərkən, heç şübhəsiz, xüsusi bir məqama toxunmaq lazımdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət proqramları və strateji tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Bu sahələrdən biri də informasiya-kommunikasiya texnologiyaları sektorudur. Bu istiqamətdə görülən tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanın kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması olduqca təqdirəlayiqdir. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inteqrasiyasını təmin edib.
Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra - 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib. Bundan sonra isə Azərbaycan özünün növbəti “Azerspace-2” peykinin orbitə çıxarılması istiqamətində intensiv iş aparıb. “BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb.
Bütövlükdə, Azərbaycanın kosmik sənayeyə malik dövlətə çevrilməsi strateji əhəmiyyət kəsb edir.
Hərbi sənaye sahəsinin inkişafı Azərbaycanın milli qüdrətinin artmasına xidmət edir
Milli mənafeyin qorunmasına, ölkəmizin qüdrətinin artmasına xidmət edən amillərdən biri də ordu quruculuğu kontekstində strateji əhəmiyyətə malik olan hərbi sənayenin formalaşdırılması və inkişafıdır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə ölkəmizdə hərbi sənaye sahəsində mühüm nailiyyətlərin əldə edilməsinin əsası qoyulmuş, ordu quruculuğunda keyfiyyət etibarilə yeni mərhələ başlamışdır. Bu, öz növbəsində, bir sıra nüanslara görə mühüm strateji əhəmiyyətə malikdir. Əvvəla, güclü hərbi-sənaye kompleksinin formalaşması ordunun bir sıra silahlara olan tələbatının yerli istehsal hesabına ödənilməsi baxımından böyük önəm kəsb edir. Bununla həm də ordumuzun xarici silah bazarlarından asılılığı ciddi dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr müvəffəqiyyətlə fəaliyyət göstərir. Bu müəssisələr vasitəsilə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı artırılır, həmçinin müasir texnologiyalar istehsalata tətbiq olunur. Digər bir mühüm məqam budur ki, hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ötən müddət ərzində dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb. Ən əsası, artıq Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası həm də xarici bazarlara çıxarılır. Ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. Prezident İlham Əliyev Azərbaycandan hərbi texnika ixracını ölkəmizin müasir reallıqlarından biri kimi səciyyələndirərək vurğulayıb: “Azərbaycan da həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranmışdır. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də, heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır”.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib
Müasir qlobal çağırışlar fonunda ölkənin dayanıqlı inkişaf perspektivləri baxımından böyük əhəmiyyətə malik olan faktorlardan biri alternativ və bərpa olunan enerjidən istifadə olunmasıdır. Yeni dövrün tələblərindən olan alternativ və bərpa olunan enerjidən istifadə olunması ölkəmizdə başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib. Son illərdə dünya miqyasında alternativ enerjidən istifadənin miqyası olduqca genişlənib. Bu, bir sıra iqtisadi, ekoloji, sosial səbəblərlə bağlıdır. “XXI əsrdə bərpa olunan enerji siyasəti şəbəkəsi”nin ekspertlər qrupunun hazırladığı hesabata əsasən, son 3 ildə dünyada istehlak olunan elektrik enerjisinin 25 faizə qədəri bərpa olunan enerjinin payına düşür.
Şübhəsiz ki, bütün bu reallıqlar fonunda ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Azərbaycanın əlverişli coğrafi mövqeyi alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Bununla yanaşı, Prezident İlham Əliyevin 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında imzaladığı Sərəncamda deyilir ki, müasir dövrdə enerji resurslarına tələbatın daim artması, enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər, dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə genişlənməsi regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolunu əhəmiyyətli dərəcədə artırır.
Bundan başqa, 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə yeni layihələrin həyata keçirilməsini sürətləndirib. 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk külək elektrik stansiyasının işə salınması bunun əyani nümunəsidir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bütövlükdə, bu sahədə görülən işlər yaxın gələcəkdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadə sahəsində mühüm praktik nəticələrin əldə olunacağına əminlik yaradır.
Bütün bunlarla yanaşı, Azərbaycanda nüvə texnologiyalarının tədqiqi, sənaye, kənd təsərrüfatı, tibb və başqa sahələrdə bu texnologiyalardan istifadə olunması məsələsi də böyük aktuallığa malikdir. Prezident İlham Əliyevin 8 may 2014-cü il tarixli Sərəncamı ilə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması bu baxımdan mühüm önəm kəsb edir. Bu sahədə görülən işlər ölkəmizin perspektiv üçün dayanıqlı inkişafının təmin olunması kontekstində böyük əhəmiyyətə malikdir.
Postneft dövründə fundamental islahatlar davamlı xarakter daşıyacaq: proqnozlar optimistdir
Nəticə etibarilə, postneft dövründə həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər qarşıya qoyulan inkişaf hədəflərinə çatmağa imkan verir. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır.
Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı tədqiqatlar aparan ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək. Yəni milli iqtisadi inkişafa xidmət edən bütün məqsəd və hədəflərin yerinə yetirilməsi mümkün olacaq ki, bu da ölkənin milli gücünün artması baxımından böyük önəmə malikdir.
Bütövlükdə, yeni mərhələdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri aydın, hədəflər bəlli, məqsədlər isə çoxşaxəlidir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kurs mahiyyət etibarilə yeni nəsil islahatların həyata keçirilməsini, kompleks tədbirlər vasitəsilə bütün sahələrin inkişafının təmin olunmasını özündə ehtiva edir. Bu isə Azərbaycanın öz iqtisadi potensialından, idarəetmə resurslarından səmərəli istifadə etməklə yaxın, orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişafa nail olacağını əminliklə deməyə əsas verir.
Ayaz Orucov
İqtisad elmləri doktoru
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

