Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünya mediası hərbi cani Sarkisyanın BMT-dəki ifşasından yazır

Dünya mediası hərbi cani Sarkisyanın BMT-dəki ifşasından yazır

23.09.2017 [10:48]

Oleq Kuznetsov: Ermənistanın hazırkı prezidenti beynəlxalq terrorçudur


Sergey Markov: Prezident İlham Əliyevin Serj Sarkisyanı ifşa etməsi Ermənistanın zəif mövqeyini daha da zəiflətdi

Ermənistan prezidenti Serj Sarkisyanın Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasında həm Azərbaycanı, həm də qardaş Türkiyəni hədəfə alaraq sərsəm fikirlər söyləməsi onun nə qədər rəzil və şərəfsiz bir insan olduğunu yenidən təsdiq etmiş oldu. Xüsusilə onun çıxışında işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “dağlıq qarabağ respublikası” rejimini müstəqil göstərməyə cəhd edərək dünyanı öz yalanlarına inandırmağa çalışması insanlarda ikrah hissi yaradır. Sarkisyan yazıq görkəm alaraq bildirib ki, “Qarabağ xalqı”nın vəziyyəti dözülməz səviyyədədir. Eyni zamanda, o, ermənilərin Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf edərək, ondan qorunmaq üçün kömək istəyib.
Daha bir neçə əsassız iddia ilə çıxış edən Serj Sarkisyana isə ən sərt cavab məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilib. Həmin sessiyadakı çıxışında ölkəmizin başçısı İlham Əliyev Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapa bilməməsinə xüsusi diqqət yönəldərək bildirib ki, işğalçı Ermənistanın bu günədək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsini yerinə yetirməməsinin əsas səbəbi beynəlxalq birliyin bu məsələyə ikili standartlarla yanaşmasıdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət çəkərək deyib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır və Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir”.
Ölkəmizin Prezidenti onu da xüsusi vurğulayıb ki, Ermənistan BMT qətnamələrini yerinə yetirmir, 24 ildir ki, bu qətnamələrə əhəmiyyət vermir. Əvəzində isə cəzalandırılmır: “Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir”.
Ölkəmizin başçısı Ermənistanı terrorçu dövlət adlandıraraq onun hazırkı prezidentinin Xocalı soyqırımının törədilməsində birbaşa əlinin olduğunu bildirib. Azərbaycanın dövlət başçısı həmçinin ölkəmizin Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə sadiq olduğunu, konfliktin beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri əsasında yoluna qoyulmalı olduğunu vurğulayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu əsaslı və möhtəşəm çıxışı dünya mediasında geniş şərh edilir. Belə şərhlərdən biri də Rusiyanın tanınmış tarixçi-alimi, siyasi şərhçi Oleq Kuznetsova məxsusdur. O, “Vestnik Kavkaza” nəşrinə bildirib ki, beynəlxalq birlik əslində BMT timsalında Ermənistanı qətnamələri yerinə yetirməyə məcbur eləmək gücündədir: “İstənilən kiçik dövlət bu və ya digər dərəcədə daha iri dövlətdən asılıdır - o dövlət həmin kiçik dövlətin ya sahibi, ya da himayədarıdır. Bu, beynəlxalq münasibətlərin iniversal qanunudur. Yəni ortada iradə olarsa, Ermənistan da qətnamələri yerinə yetirməyə məcbur edilə bilər. Sual ortaya çıxır ki, bəs, İrəvan üçün patron ölkə qismində kim çıxış edəcək?”
Oleq Kuznetsovun qənaətincə, yaxın zamanlara kimi belə bir ölkə qismində Rusiya çıxış edib: “Ancaq Moskva Ermənistanı qətnamələri yerinə yetirməyə tələsdirmədi. İndi isə biz görürük ki, Ermənistan Avroatlantik oriyentasiyaya doğru de-marş etməyə çalışır, sözdə deyil, məhz işdə Rusiyanın ondan ötrü artıq patron-ölkə olmadığını göstərmək istəyir. Əgər nəzərə alsaq ki, Ermənistan ərazisində sayca dünyada ikinci olan 1500 nəfərlik ABŞ səfirliyi yerləşir (bundan böyüyü Bağdaddadır), o zaman söyləmək olar ki, Rusiya yalnız sözdə Ermənistanın arxası sayılır, İrəvan hakimiyyətinə əsas təsir rıçaqları isə ABŞ-ın əlindədir. Lakin ABŞ və Rusiya indi qarşıdurma vəziyyətindədir və onlardan heç biri Ermənistanı qətnamələri yerinə yetirməyə vadar etmək üçün danışıqlara getməyəcək”.
Serj Sarkisyanın Xocalıda törədilən kütləvi qətliamda əlinin olmasını şərh edən Oleq Kuznetsov qeyd edib ki, hüquqi nöqteyi-nəzərdən Ermənistanın hazırkı prezidenti beynəlxalq terrorçudur: “Sarkisyan Qarabağ klanının başçısı, hazırda Ermənistanda hakimiyyətdə olan hərbi-siyasi xuntanın rəhbəridir. Bu xunta isə Dağlıq Qarabağdakı qanunsuz separatçı qüvvələrin hərbi səhra komandirlərindən ibarətdir. Ermənistanın özünü belə, Qarabağ klanı işğal edib”.
Oleq Kuznetsov bildirib ki, Dağlıq Qarabağ konfliktinin coğrafi şərtləri elədir ki, hələlik beynəlxalq ictimaiyyət Ermənistanın qətnamələri yerinə yetirməsi üçün lazımi siyasi iradə göstərmir: “Qarabağda müharibə gedir. Sülhməramlıların ora yeridilməsi heç bir effekt verməyəcək. Düşünmürəm ki, hansısa ölkə eni 20 km, uzunluğu 500 km olan bir zolağı nəzarətdə saxlamaq üçün öz hərbi qulluqçularını buraya göndərsin”.
Rusiyanın digər tanınmış siyasi şərhçisi, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Prezident Vladimir Putinin səlahiyyətli şəxslərindən hesab edilən Sergey Markov isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, konfliktin nizamlanmasına “Kazan formulu” kömək edə bilər: “Burada Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz və bölgənin hərbsizləşdirilməsi qarşılığında azad edilməlidir. Bundan sonra Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibində mərhələli şəkildə iqtisadi, sosial və humanitar re-inteqrasiyası başlaya bilər. Aydındır ki, Qarabağın qaytarılmasından sonra erməni icması orada üstünlükdə olacaq. Və bu da məhz elə hardasa kondominimum - belə münaqişələrin həllində müasir dinc həll yolu deməkdir”.
Prezident İlham Əliyevin hazırda Ermənistana hərbi cinayətkarın, Xocalı hərbi canisinin rəhbərlik etməsi barədə sözlərini şərh edən Markov hesab edir ki, bu məqam onsuz da Ermənistanın zəif mövqeyini daha da zəiflədir: “Bir yandan, Xocalı məsələsi daha yüksəyə qaldırılır, ümumi diqqəti daha çox çəkir, böyük nəticələr çıxarmağa, daha geniş miqyasda onu tanımağa imkan verir - o mənada ki, orada böyük cinayət törədilib - başqa yandan isə, Ermənistan rəhbərliyi daha radikal bir situasiyaya salınmış olur. Bütövlükdə Ermənistan rəhbərliyi üçün məntiqli olardı ki, “Kazan formulu” üzrə dinc həll yoluna çıxsın. Di gəl, o, öz radikal diasporundan qorxduğu üçün bu məsələlərdən qaçır”.
Şərhlərdən də aydın görünür ki, Prezident İlham Əliyevin BMT-nin Nyu-Yorkda keçirilən 72-ci sessiyasındakı arqumentli çıxışı Ermənistan prezidentinə ən kəskin cavab kimi qiymətləndirilib. Məhz faktlara söykənərək çıxış edən ölkəmizin başçısının bu nitqi hələ uzun müddət dünya mediasının müzakirə mövzusu olacaq. Çünki uşaq qatili Serj Sarkisyanın sərsəmləmələrini, yalan və böhtanlarını ali tribunadan ifşa edən Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan güclüdür, haqlıdır və işğal atındakı torpaqlarını azad etməyə qadirdir.
Elçin Zaman

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31