Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir

05.06.2019 [08:02]

Prezident İlham Əliyev: Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!
Artıq 28 ildir ki, ölkəmiz müstəqillik şəraitində yaşayır. Bu, dövlət quruculuğu baxımından çox da böyük zaman kəsiyi olmasa da, respublikamız qısa müstəqillik tarixində böyük inkişafa nail olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində ölkəmizin müstəqillik yolunda inamlı inkişafına xüsusi diqqət çəkib. Son 16 ildə qazanılan uğurlardan bəhs edən dövlət başçımız “Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir”, - deyə vurğulayıb.
Müstəqil Azərbaycan AXC-nin varisidir
Tarix boyu Azərbaycanın ərazisində müxtəlif dövlətlər qurulsa da, ayrı-ayrı səbəblər üzündən uzun müddət yaşaya bilməyib. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-”Müsavat” iqtidarının təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri də çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartmışdı. Naşı idarəçilik, səngimək bilməyən siyasi çəkişmələr ölkə həyatını əslində iflic etmişdi. Çox haqlı olaraq AXC-”Müsavat” iqtidarının sırf korporativ maraqlara əsaslanan birillik fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinə xəyanət kimi dəyərləndirilir. Vəziyyət o həddə çatmışdı ki, AXC-nin acı taleyi təkrarlana, XX yüzillikdə ikinci dəfə qazanılan müstəqillik yenidən tarixin arxivinə qovuşa bilərdi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolunu Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü və bir daha öz müdrikliyini təsdiqlədi.
Ulu Öndər Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi və Cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu Öndərin müstəsna xidməti idi. Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan qərarlar Ulu Öndərin milli təəssübkeşliyinin, Cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Bu gün zamanında Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul olunmasına qərar verilməsi kimlərəsə adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi. Bundan başqa, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirildi. Eyni zamanda, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxardıldı.
Sonrakı mərhələdə də Ümummilli Lider Heydər Əliyev Cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirdi. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət son 16 ildə də eyni ardıcıllıqla davam etdirilib. Respublikamızda dövlət başçısı İlham Əliyev tərəfindən Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında müvafiq sərəncamların imzalanması deyilənlərin təsdiqidir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Eyni zamanda, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bütün ölkə boyu müxtəlif məzmunlu tədbirlər keçirilib və Cümhuriyyət ideyaları yüksək səviyyədə təbliğ olunub. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olacağına böyük inamını ifadə edərək vurğulayıb: “Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Azərbaycan xalqı yalnız müstəqillik dövründə özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi
Azərbaycan tarixən zəngin neft-qaz ehtiyatlarına malik diyar kimi tanınıb. Ancaq onilliklər ərzində respublikamızın ərazisində həm dənizdə, həm də quruda böyük həcmlərdə neft hasil edilməsinə baxmayaraq, bunun xalqımıza faydası çox az olub. Əksinə, “qara qızıl” çıxarılan bir sıra ərazilərimizdə, o cümlədən də Abşeron yarımadasında, Bakı buxtasında neftlə çirklənmiş ölü zonalar yaranıb.
Birmənalı şəkildə vurğulaya bilərik ki, Azərbaycan xalqı yalnız müstəqillik illərində özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi və bunun bəhrəsini görməyə başladı. Müstəqil Azərbaycanda uğurlu enerji siyasətinin əsasını isə yenə də xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Ölkəmiz 1994-cü ildən etibarən enerji sektoruna böyük həcmlərdə sərmayə cəlb edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilmişdir.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı. Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” uğurla icra edilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
Enerji sektoru perspektivdə də milli iqtisadiyyatımızın lokomotivi rolunda çıxış edəcək. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.
Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır
Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.
Qısa müstəqillik tarixində respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Ölkəmizin iqtisadi sahədə qazandığı uğurlardan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da, Azərbaycan böyük yol keçmişdir”, - deyə vurğulayıb.
Müstəqillik illərində Azərbaycan sərbəst bazar iqtisadiyyatına transformasiya proseslərini uğurla yekunlaşdırıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və son 16 ildə Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar kursu milli iqtisadiyyatımıza yeni nəfəs verib, ölkədə qeyri-neft sektoru üzrə istehsalın həcminin və çeşidinin artırılması üçün yeni imkanlar açıb. O cümlədən ölkədə aparılan yeni nəsil islahatlar çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində yaxın, orta və uzunmüddətli dövrdə ölkəmizin strateji inkişaf kursunun hədəf çərçivələri müəyyənləşdirilib.
Milli iqtisadiyyatımızın inkişafına göstərilən davamlı siyasi və maddi dəstək tədbirləri yaxşı nəticələr verir. Son 16 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Respublikamız Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilib. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31