Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

23.10.2019 [09:37]

İclasda millət vəkilləri radikal müxalifətin oktyabrın 19-da qanunsuz aksiya keçirmək cəhdlərini kəskin pisləyiblər
Oktyabrın 22-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlik haqqında məlumat verib. Gündəlik təsdiq olunduqdan sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanuni aksiyaya öz münasibətimizi bildirməliyik: “Radikal müxalifət Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi tərəfindən verilmiş sifariş əsasında ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün qeyri-qanuni aksiya keçirərək polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi”.
S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst toplaşmaq haqqında” qanunu və Azərbaycan Konstutusiyasının müddəalarını pozub: “Hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir”.
Onun sözlərinə görə, indi 1990-cı illər deyil: “Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Azərbaycan demokratik dövlətdir, ölkəmizdə söz azadlığı, siyasi plüralizm mövcuddur. Bütün bunlar, qazanılan uğurlar Azərbaycanı sevməyən qüvvələri narahat edir”.
YAP İcra katibinin müavini deyib ki, radikallar bəzən dindarların adından da danışırlar. Ona görə də, dindarlar da, möminlər də baş verən son hadisələrə, radikalların əməllərinə münasibət bildirməlidirlər.
S.Novruzov həmçinin bəzi deputatların Milli Məclis haqqında əsassız çıxış etmələrini də tənqid edib.
Millət vəkili İlham Məmmədov da çıxışında radikal müxalifətin ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlərini pisləyib. O deyib ki, Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində mühüm bəyanatlarla çıxış etdi. Bundan sonra “Milli şura” adlanan qurumda birləşən radikal müxalifət qanunsuz aksiya keçirməyə cəhd göstərdi. Millət vəkilinin fikrincə, bu hadisə təsadüfi deyil. Onun sözlərinə görə, radikallar xaricdən aldıqları sifariş əsasında belə qanunsuz hərəkət edirlər: “Amma onlar baxsınlar ki, xaricdəki havadarlarının demokratiya “ixrac” etdiyi ölkələr bu gün hansı vəziyyətdədir. Bundan nəticə çıxarılmalıdır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da çıxışında “Milli şura” ətrafında birləşən radikal qüvvələrin kənar dairələrdən maliyyələşdirildiyini və onların bir çoxunun dəbdəbəli həyat sürdüyünü söyləyib. O bildirib ki, radikalları Azərbaycan xalqı və dövləti, onun maraq və mənafeləri maraqlandırmır: “Onları yalnız öz cılız, dar, şəxsi maraqları maraqlandırır və bu istiqamətdə də, təəssüf ki, hər şeyə getməyə hazırdırlar. Ancaq bir məsələni unudurlar ki, indi əvvəlki dövr deyil ki, istədiklərini etsinlər, xaos, anarxiya yaratsınlar. Bu gün onların qarşılarnda güclü, qüdrətli dövlət, böyük siyasi iradə var. Artıq onların istəkləri, niyyətləri baş tutan deyil və bundan sonra da baş tutmayacaq”.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında deyib ki, radikal müxalifətin məqsədi təxribatlar törətmək, sabit ölkəmizi xaosa, anarxiyaya sürükləməkdir: “Əslində, onlar xaricdən aldıqları sifarişi yerinə yetirirlər. 30 il əvvəlki düşüncə ilə hərəkət edirlər. Yəni icraçılar da, sifarişçilər də eynidir. Özlərini “qəhrəman” kimi təqdim etməyə çalışan şəxslərin qorxaq olduğu isə hamıya bəllidir. Xalq həqiqəti bilir və bu tipli siyasətçilərə əsla güvənmir, onların arxasınca getmir. Xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün təxribatlara qarşı birlikdə mübarizə aparır. Heç bir qüvvə xalqın iradəsinə qarşı çıxa bilməz”.
“Destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etmələri onların xarici dairələr tərəfindən idarə olunduqlarını bir daha ortaya qoydu. Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu günlərdə Onun yanında keçirilən iqtisadi müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə göşünündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil”. Bu fikirləri isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunmasına, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu, mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyi olubdur.
“Qeyd etmək istəyirəm ki, daxili işlər orqanları həmişə olduğu kimi, bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər. Mən bir vətəndaş kimi, qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaq. Qoy onların ağaları da bunu yaxşı başa düşsünlər və anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, destruktiv qruplar Azərbaycanda qanunsuz aksiya keçirməyə cəhd göstərməklə bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular: “Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə zərbə vurmaq, ölkəmizin imicini beynəlxalq səviyyədə dəyişdirmək istəyirlər. Onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər”.
O bildirib ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət dünyada ən yüksək səviyyədə qəbul olunur: “Bir neçə gün sonra ən mühüm beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının Azərbaycanda zirvə toplantısı keçiriləcək. Həmin qüvvələr, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirmək istəyirlər. Lakin bu, mümkün olan məsələ deyil. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
Komitə sədri söyləyib ki, Azərbaycan dünyada qəbul olunan siyasət həyata keçirir: “Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan Prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın siyasətidir və heç kim bunun qarşısını ala bilməz”.
“Azərbaycan dövlətinin gücü və ona qarşı yönəlmiş cəhdlərin qarşılığında davamlılığı məsələsi söhbət mövzusu deyil. Bu, birmənalıdır. Azərbaycan özünü təsdiq etmiş, özünü və vətəndaşlarının hüquqlarını qorumaq imkanında olan dövlətdir və biz bunu şübhə altına alan müzakirədən də belə kənar durmalıyıq. Əsas odur ki, buna qarşı yönəlmiş cəhdləri həyata keçirənlərin arxasında hansı dairələr dayanır və hansı məqsədlə bunu edirlər”. Bu fikirləri isə Milli Məclisin Sədr müavini Bahar Muradova çıxışı zamanı deyib. B.Muradova bildirib ki, oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arxasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Onlar qanundankənar, qanunazidd fəaliyyət həyata keçirmək istədilər. Arxasında erməni maliyyəsi dayanan, beynəlxalq erməni maraqlarına və erməniçiliyə xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər.
Vitse-spiker deyib ki, həmin qüvvələrin Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək kimi məqsədinin olduğu bildirilir: “Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa dəstə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur”.
Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundankənar hərəkətlər nəyə gətirib çıxara bilər: “Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Polisi gözdən salmağa, yalan məlumatlar yaymağa, polisi hədəfə çevirməyə yönələn səylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda, dövlətimiz Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycan var, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezidentimiz, Prezident-xalq birliyi, vətəndaşların həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi. Bugünkü Azərbaycana məhz belə aksiyalar yaraşır”.
“Radikal müxalifət nümayəndələrinin 1990-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində, doğrudanmı, bu insanlarda heç bir inkişaf yoxdur? Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var. Bu illər ərzində hansı işlə məşğul olmusunuz?”. Bu fikirləri isə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycan artıq kosmik dövlətdir, ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, Olimpiada səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük humanitar, siyasi tədbirlərə ev sahibliyi edib: “Oktyabrın 25-26-da Azərbaycanda böyük beynəlxalq tədbir - Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Vacib idimi ki, belə bir vəziyyətdə “28 May” metrostansiyasının yanında qarışıqlıq yaradılsın? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki, sizin sifarişçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısınız. Demək, Azərbaycana nə qədər pisdirsə, onlara o qədər də yaxşıdır”.
Z.Əsgərov söyləyib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və bundan sonra da dünyanın ən seçilən dövlətlərindən biri olacaq: “Onlar qəsdən belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. 1992-ci ildə mülki və siyasi hüquqlar haqqında paktı Əbülfəz Elçibəy imzalamışdı. Həmin paktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir. Onlar bilirlər ki, metronun yaxınlığında, 200 metr civarında mitinq keçirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq, çağırış edirlər ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək. Sən kimsən axı hakimyyətin üstünə gedəsən. Avopadan, Aİ-dən bununla bağlı səslər gəlir. Əvvəla, bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ökələrdə baş verən biabırçıqlıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa, cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq. Biz ölkə başçısını, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq”.
Milli Məclisin vitse-spikeri radikalların gəncləri təxribata çəkməyə cəhd göstərdiklərini deyib: “Bəzi gəncləri öz tərəfinizə çəkmək istəyirsiniz. Qoy onlar gedib elmlə, təhsillə, faydalı işlərlə məşğul olsunlar. Gəncləri yoldan çıxarmağa çalışmayın”.
Sonra gündəlikdəki məsələlər müzakirə edilib. Millət vəkilləri R.Qasımovun Mərkəzi Seçki Komissiyasının üzvü, H.İsmayılbəylinin isə Hesablama Palatasının auditoru təyin edilməsi haqqında qərar qəbul ediblər.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Saziş təsdiq edilib.
Millət vəkilləri həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər. Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib. O bildirib ki, sənəd Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin üçüncü zirvə toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb. Komitə sədrinin sözlərinə görə, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub. Bəyanatda deyilir: “Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir. Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaqlar”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sənədin əhəmiyyətini vurğulayıb. S.Novruzov bildirib ki, zorakılıq hallarının aradan qaldırılmasında maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var. Çünki bəzən televiziyalarda, seriallarda elə zorakılıq elementləri əks olunur ki, bu da insanların, o cümlədən uşaqların psixoloji durumuna mənfi təsir edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi istiqamətində bir sıra sənədlər qəbul edilib və bunlar nəzərə alınıb. Bu baxımdan, ölkəmizin bu konvensiyaya qoşulması da böyük əhəmiyyət kəsb edir.
Müzakirələrdən sonra sənəd qəbul olunub.
Daha sonra millət vəkilləri gündəlikdə olan digər məsələləri də müzakirə edərək qəbul ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31