Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım

Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım

19.11.2019 [10:11]

Yaxud Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin ABŞ-a səfəri Los-Ancelesdəki erməni lobbisini narahat edib
Məlum olduğu kimi, son vaxtlar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi öz fəaliyyətini xeyli dərəcədə gücləndirib. İcmanın fəallığının artması, təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasında vacib rol oynayır. Bu mənada icma üzvlərinin xarici ölkələrə səfər edərək müxtəlif tədbirdə iştirak etmələri, görüş keçirmələri də önəmlidir.
Yeri gəlmişkən qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-a səfər edib. Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin, həmçinin Gülməmməd Məmmədovun, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın və Ceyhun Ələkbərovun da daxil olduğu nümayəndə heyəti səfər zamanı Los-Ancelesdə yerli ictimai-siyasi dairələr, tədqiqat mərkəzləri və jurnalistlərlə görüşlər keçirib, həmçinin bir sıra tədbirlərə qatılıblar. Qeyd edək ki, bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının həmin tərkibdə ilk xarici səfəridir.
Belə ki, noyabrın 15-də Los-Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib. 400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə təşkil olunub.
Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, yarım milyon erməninin yaşadığı və Nikol Paşinyanın “erməni diasporunun paytaxtı” adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Ancaq erməni lobbisinin tədbirin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib.
Tədbirdə çıxış edən sinaqoqun baş ravvini Devid Şofet, sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan Prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev multikulturalizmin ölkəmizdə bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük uğurla həyata keçirildiyini, Azərbaycan tolerantlığının bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən N.Ağayev bu ədalətsizliyin bu gün də davam etdiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar insan haqlarının Ermənistan tərəfindən kobudcasına pozulması barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icması Los-Ancelesə səfərə gəlib və bu, onların icma olaraq xaricə ilk səfəridir.
Daha sonra çıxış edən Tural Gəncəliyev, Gülməmməd Məmmədov və Dürdanə Ağayeva Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin məruz qaldıqları iztirabları, işğal olunmuş ərazilərdə məcburi köçkünlərə məxsus evlərin dağıdılması, ya da satışa çıxarılması, tarixi, dini və mədəniyyət abidələrimizin, qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşilikləri konkret faktlarla bölüşüblər.
Tədbir iştirakçıları Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını söyləyərək, bu haqda əldə etdikləri məlumata görə təşəkkürlərini bildiriblər.
Bundan başqa, səfər çərçivəsində Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ilə Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman görüşüblər. Coşua Kaufmanın evində baş tutan görüşdə hər iki şəxsin başlarına gələn işgəncə və təhqirlərə rəğmən soyqırımdan sağ çıxmaqlarının hekayəsi dinlənilib. “Soyqırımlar bir daha hec vaxt təkrarlanmasın!” mesajı verilib.
Eyni zamanda, nümayəndə heyətinin Los-Anceles Tolerantlıq Muzeyinin direktoru xanım Liebe Geft ilə görüşü olub. Görüşdə qarşı tərəfə Qarabağ həqiqətləri barədə geniş məlumat verilib. “Heç şübhəmiz yoxdur ki, erməni işğalı başa çatdıqdan sonra Qarabağda tolerantlıq mühiti yenidən bərpa olunacaq”, - deyə T.Gəncəliyev görüşdə bildirib.
Səfər çərçivəsində həmçinin nümayəndə heyəti Cənubi Kaliforniyanın ən böyük müsəlman icması - Orange County İslam Mərkəzində olublar. Burada da Ermənistanın azərabaycanlılara qarşı təcavüzü və Azərbaycan torpaqlarının işğalı haqqında ətraflı məlumat verilib.
Ümumiyyətlə, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin bu tipli səfərləri həm erməni yalanlarının beynəlxalq miqyasda ifşası, həm də münaqişənin həlli ilə bağlı icmanın mövqeyinin təqdim olunması baxımından da önəmlidir. Məlumdur ki, Ermənistan öz işğalçı siyasətini pərdələmək, beynəlxalq ictimaiyyəti aldatmaq üçün “Dağlıq Qarabağ xalqı” kimi uydurma məsələni ortaya atır. Bununla da işğalçı tərəf dünyada Qarabağ həqiqətləri ilə bağlı yanlış rəy formalaşdırmağa çalışır. Məhz belə bir zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallıq göstərməsi, xarici ölkələrə səfər etmələri, müxtəliş görüşlər keçirmələri erməni yalanlarını ifşa edir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31