Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanın gücünü göstərir

Həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanın gücünü göstərir

03.12.2019 [10:02]

Prezident İlham Əliyev: TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir
Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanın moderatorluğu ilə reallaşdırılan irimiqyaslı layihələr bütövlükdə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Deyə bilərik ki, müstəqil respublikamız tərəfdaş dövlətlərlə birlikdə uzun illər ərzində enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşayan Avropanın enerji xəritəsini yenidən cızıb. Hazırda daha bir transmilli layihə - Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağının qaz ehtiyatlarının işlənməsinə hesablanan Cənub Qaz Dəhlizinin inşası da uğurla davam etdirilir. Bəhs olunan layihənin ayrı-ayrı seqmentləri üzrə işlər artıq tamamlanıb. Bu günlərdə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin çox mühüm seqmenti olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP-ın önəminə diqqət çəkərək vurğulayıb: “TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir”.
TANAP Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq
Bəhs olunan mərasimdə də bildirildiyi kimi, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.
TANAP-ın inşasının tamamlanması ilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. 2019-cu il noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatıb. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Azərbaycan qazı Avropa ölkələrinə TANAP-dan keçməklə Trans-Adriatik təbii qaz boru kəməri - TAP vasitəsilə çatdırılacaq. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 90 faizi icra edilib və onun inşasının 2020-ci ildə başa çatdırılması gözlənilir.
Ancaq belə önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Layihə ətrafında müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələnmişdi. İnvestorlar az gəlirli “mavi yanacaq” layihələrinə sərmayələr yönəltməyə olduqca skeptik yanaşma ortaya qoyurdular. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb. Layihənin icrasında Azərbaycanla Türkiyənin həlledici rol oynadıqlarını bir daha nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”.
Ümumiyyətlə, Azərbaycanla qardaş Türkiyə arasında münasibətlər həyatın bütün sahələrini əhatə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə təsəvvür etmək mümkün deyil. “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şübhə yoxdur ki, Azərbaycanla Türkiyə indiyədək qoyulan möhkəm təməl üzərində qarşılıqlı əlaqələrini daha yüksək zirvələrə qaldıracaqlar. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. “Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Cənub Qaz Dəhlizi ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq
Azərbaycan daim öz imkanlarını təqdim edərək regional və qlobal səviyyədə əməkdaşlığın dərinləşməsinə töhfələr verməyə çalışır. Biz bunu ölkəmizin moderatorluğu ilə reallaşdırılan transmilli nəqliyyat və enerji layihələrinin timsalında aydın şəkildə görürük. Hazırda iki il bundan əvvəl - 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, eləcə də Əfqanıstanın və Çinin yükləri daşınır.
Oxşar sözləri ixrac boru kəmərləri və digər enerji layihələri barədə də söyləmək mümkündür. Götürək elə Bakı-Tbilisi-Ceyhan neft kəmərini. Bəhs olunan ixrac boru kəmərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. BTC 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istismara verilib. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər də bu ixrac marşrutundan bəhrələnirlər. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın, eləcə də başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilib. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistan, 12 milyon tonunu Qazaxıstan, 7 milyon tonunu isə Rusiya nefti təşkil edir.
Azərbaycan bundan əvvəlki nəqliyyat və enerji layihələrində olduğu kimi, Cənub Qaz Dəhlizində də xoş məram nümayiş etdirir. Layihənin reallaşdırılmasının tərəfdaş ölkələrin və şirkətlərin birgə səylərinin nəticəsində mümkün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bildirməliyəm ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya hökumətləri, o cümlədən Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir.
Maraqların balansı Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. Məlumdur ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31