Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə səyahət və istirahət üçün Azərbaycanı seçən turistlərin sayı artıb

2019-cu ildə səyahət və istirahət üçün Azərbaycanı seçən turistlərin sayı artıb

29.12.2019 [10:00]

Prezident İlham Əliyev: Biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin
Verilən statistik hesabatlardan bəlli olur ki, bu gün qlobal iqtisadiyyatın inkişaf trendlərindən biri turizm sektoru ilə bağlıdır. Qeyri-neft iqtisadiyyatının bir qolu olan turizm bütün dünyada sürətlə inkişaf edir və ayrı-ayrı ölkələrin milli gəlirlərinin strukturunda bu sektordan daxilolmaların xüsusi çəkisi artır. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Yeni iqtisadi şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən Azərbaycan da ölkənin turizm sahəsindəki geniş potensialından daha səmərəli istifadə etməyə çalışır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Real Televiziyasına müsahibəsində turizm sektorunu iqtisadiyyatımızın önəmli istiqamətlərindən biri kimi səciyyələndirib. Turizmin ixrac növü olduğunu bildirən və bu sahənin Azərbaycana böyük gəlir gətirdiyini nəzərə çatdıran dövlət başçımız “Biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin”, - deyə vurğulayıb.
Azərbaycanda turizm sənayesinin imkanlarını genişləndirmək üçün bütün şərtlər var
İqtisadiyyatın gəlirli sahəsi olan turizmin inkişafı üçün ilk növbədə zəruri şərtlər təmin olunmalıdır. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Belə ki, respublikamızda turizm sənayesinin imkanlarını genişləndirmək üçün bütün şərtlər var. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda söylədiyi nitqində ölkəmizin turizmin inkişafı üçün malik olduğu üstünlüklərə diqqət çəkərək vurğulayıb: “Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.
Son illərdə respublikamızın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, o cümlədən də idman yarışları Azərbaycanın turist cəlbediciliyinin artmasında mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə keçirilmiş birinci “Formula 1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artıb. 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra isə respublikamıza müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin şəkildə artmağa başlayıb.
Turizm təşkilatlarının respublikamızda və ölkə hüdudlarından kənarda həyata keçirdikləri tanıtım tədbirləri, genişmiqyaslı təbliğat işi Azərbaycanın zəngin turizm potensialının təqdimatına öz müsbət təsirini göstərir. Deyilənlər baxımından Dövlət Turizm Agentliyinin gördüyü işlərin, Azərbaycan Turizm Bürosunun, Qoruqları İdarəetmə Mərkəzinin, Turizm informasiya mərkəzlərinin, Destinasiya Menecmenti təşkilatlarının (regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması), Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının koordinasiyalı şəkildə fəaliyyətinin önəmini xüsusi qeyd etmək lazımdır. Dövlət Turizm Agentliyinin “Bir daha bax” (Take another look) şüarı ilə tanınan Azərbaycanın yeni turizm brendinin ötən ilin noyabrında Londonda “Dünya səyahət bazarı” (World Travel Market) sərgisində beynəlxalq ictimaiyyətə təqdim edilməsi böyük uğurdur.
Eyni zamanda, son illərdə dövlətin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizin turizm potensialından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədilə zəruri hüquqi baza yaradılıb. Belə ki, respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. İndiyədək ölkəmizdə gəlirli sahə olan turizmin inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilərək böyük uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla ölkəmizdə ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması ilə bağlı ayrıca Strateji Yol Xəritəsi təsdiqlənib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 20 aprel 2018-ci il tarixində “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu sahədə dövlət siyasətini həyata keçirir. Dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən ASAN viza sisteminin tətbiqinə başlanılması turistlərin ölkəmizə marağını daha da artırıb.
2019-cu ilin 11 ayında Azərbaycana dünyanın 192 ölkəsindən 3 milyona yaxın turist gəlib
Artıq sona çatmaqda olan 2019-cu il Azərbaycanın turist cəlbediciliyinin artmasına müsbət təsir göstərən hadisələrlə əlamətdar olub. Cari ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox əlamətdar hadisədir. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində vurğulayıb ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.
Cari il iyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Burada aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi və parkinq turistlərin ixtiyarına verilib.
Azərbaycanın turizm imkanlarının təqdim olunması baxımından 2019-cu ilin noyabrında Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019”un keçirilməsi də böyük əhəmiyyət daşıyır. Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.
Həyata keçirilən dəstək tədbirlərinin nəticəsi olaraq ölkəmizə gələn turistlərin sayının ilbəil artması məmnunluq doğurur. 2019-cu ilin 11 ayında Azərbaycana dünyanın 192 ölkəsindən 3 milyona yaxın turist gəlib. Bu, 2018-ci ilin müvafiq göstəricisindən 11,0 faiz çoxdur. Dövlət Statistika Komitəsindən KİV-ə bildirilib ki, gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. 2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz artaraq 130,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1060,0 min nəfər təşkil edib.
“Şahdağ” Turizm Mərkəzi indi dünya səviyyəli xizək kurortudur
Son illərdə ölkəmizdə ayrı-ayrı turist marşrutları üzərində yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri “Şahdağ” qış-yay turizm kompleksidir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.
“Şahdağ” Turizm Mərkəzinin tikintisi mərhələlərlə həyata keçirilir. 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində “Şahdağ” Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik 20 saylı kanat yolu “Welcome Shahdag” ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya “Shahdag 2351” kafesi ilə birləşdirir.
Ümumiyyətlə, “Şahdağ” Turizm Mərkəzində reallaşdırılan layihələrin sayı kifayət qədər çoxdur. Yeri gəlmişkən, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar. “Şahdağ” Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı deyib ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31