Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib

Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib

20.02.2020 [09:51]

Prezident İlham Əliyev: Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir
Son illərdə “yaşıl iqtisadiyyat”ın inkişafı dünyanın böyük marağa səbəb olan trendlərindən birinə çevrilib. Öz növbəsində müasir dövlət kimi uğurla inkişaf edən Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biri ölkənin enerji təhlükəsizliyini alternativ və bərpaolunan enerji hesabına daha da möhkəmlətməkdən ibarətdir. Son illərdə ölkəmiz bu istiqamətdə daim yeni təşəbbüslərlə çıxış edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən həftə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın alternativ və bərpaolunan enerji ilə bağlı niyyətini bir daha diqqətə çatdırıb. Dövlət başçımız Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”dakı çıxışında vurğulayıb: “Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir”.
Bu gün Azərbaycanda istehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edilirlər
Yeni şəraitdə Azərbaycanda ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən güclü siyasi iradə göstərilməsi daha çox iki mühüm amillə şərtlənir. Bu, bir tərəfdən, respublikamızdakı davamlı və dinamik iqtisadi inkişafla bağlıdır. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq milli iqtisadiyyatımız daim genişlənir, hər il yeni istehsal gücləri işə salınır. Ölkəmiz innovativ əsaslı sənaye quruculuğunu hədəfləyib. Təsadüfi deyil ki, 2019-cu ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi 14 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Digər tərəfdən, Azərbaycan dünyada yüksək əhali artımı müşahidə edilən azsaylı ölkələrdən biridir. Aparılan uğurlu siyasətin sayəsində Azərbaycanda müsbət demoqrafik vəziyyət yaranıb. Respublikamızın əhalisi hər il təxminən 100 min nəfər artır. 2019-cu ildə Azərbaycanın 10 milyonuncu sakini dünyaya göz açdı. Əhali artımı özlüyündə çox müsbət göstəricidir və ölkəmizin böyük üstünlüyüdür.
Ancaq onu da nəzərə almaq lazımdır ki, genişlənən iqtisadiyyat və artan əhali həm də yeni tələbat, yeni qayğılar deməkdir. O cümlədən iqtisadiyyatın və əhalinin enerjiyə getdikcə artan tələbatını dolğun şəkildə qarşılamaq üçün daim yeni güclərin yaradılması barədə düşünmək lazımdır. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində öz gündəliyində bu kimi strateji önəm daşıyan məsələləri məharətlə uzlaşdırır. Bütövlükdə, respublikamızda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. 2019-cu ildə 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın enerji generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. “Azərişıq” ASC-dən verilən məlumata əsasən, indiyədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və yaxud əsaslı təmir edilib. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb.
Respublikamızda enerjiyə olan tələbatın dolğun şəkildə ödənilməsi üçün həmçinin “Azərenerji” ASC tərəfindən yeni-yeni layihələr həyata keçirilir. Qurumun Mingəçevir İstilik Elektrik Stansiyasında 2018-ci ildə baş verən qəzadan sonra həyata keçirdiyi layihələr nəticəsində stansiyanın 5 bloku əsaslı şəkildə yenidən qurulub və 400 meqavatlıq itirilmiş güclər bərpa edilib. Stansiyanın qalan 3 blokunda isə 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə generasiya gücü əldə ediləcək.
Həyata keçirilən bütün bu kimi tədbirlər sayəsində ölkəmizdə enerji istehsalı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını tam şəkildə yerli istehsal hesabına ödəyir, həmçinin ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb.
Azərbaycan alternativ enerji resursları ilə zəngin olan ölkədir
Azərbaycanın özünün enerji təhlükəsizliyini alternativ və bərpaolunan enerji hesabına daha da möhkəmləndirməyi hədəfləməsi heç də təsadüfi deyil. Respublikamızın bu sahədə geniş potensialı var - ölkəmiz, necə deyərlər, külək və günəşlə zəngin olan bir diyardır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerji ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir.
Bu tükənməz potensialdan səmərəli istifadə edilməsi respublikamızın enerji istehsalının daha da artması deməkdir. Qeyd edək ki, indiyədək Azərbaycanda alternativ və bərpaolunan enerji sektorunda bir sıra önəmli layihələr uğurla reallaşdırılıb. Məsələn, ilin bütün fəsillərində günəş və külək sarıdan heç bir korluq çəkməyən Pirallahı rayonunun gələcək inkişafı baxımından burada 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Stansiyada ümumilikdə 4400 günəş paneli quraşdırılıb.
Alternativ və bərpaolunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpaolunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir.
Respublikamızda 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir. Hazırda Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Burada 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsal edilib. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizin alternativ və bərpaolunan enerji sektorunun inkişafına güclü siyasi iradə göstərməsi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirlərdə və müzakirələrdə təqdir edilib. Belə ki, Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol dövlətimizin başçısı ilə görüşdə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”dakı çıxışını çox yüksək qiymətləndirib. Bəhs olunan görüşdə son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi də xüsusi vurğulanıb.
Xarici investorlar ölkəmizdə alternativ enerji sektoruna sərmayələr yönəltməyə böyük maraq göstərirlər
Ölkəmizin böyük alternativ və bərpaolunan enerji resurslarına malik olması xarici investorların da diqqətini cəlb edib. Onlar respublikamızda bu sektorda yeni layihələrin icrasına böyük həcmlərdə sərmayələr yönəltməyə ciddi maraq göstərirlər. Cari ilin yanvar ayında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəhs olunan müqaviləyə diqqət çəkərək vurğulayıb: “Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin”.
Nazirlər Kabinetində imzalanan müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31