Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik

Prezident İlham Əliyev: Biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik

30.04.2020 [11:09]

Azərbaycan pandemiya şəraitində geniş sosial paket həyata keçirərkən özünün güclü iqtisadi-maliyyə imkanlarına əsaslanır

Hazırda bütün dünyada həm qlobal, həm də milli səviyyələrdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı mübarizə aparılır. Bu baxımdan, Azərbaycanda həyata keçirilən siyasət fərqli məqamları ilə diqqəti cəlb edir. Belə ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində bir sıra prioritetlər müəyyənləşdirilib ki, burada da sosial sfera xüsusi yer tutur. Bu çətin günlərdə Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalaraq yenə də vətəndaşların yanındadır. Ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqları əsasında əhalinin, ələlxüsus da həssas qruplardan olan insanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimindəki çıxışında Azərbaycan dövlətinin bundan sonra da özünün dərinməzmunlu sosial siyasətini davam etdirəcəyini bildirərək vurğulayıb ki, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. “Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə müxtəlif dəstək proqramları vasitəsilə böyük həcmlərdə vəsait yönəldilir

Respublikamızda vətəndaşları pandemiyanın mənfi təsirlərindən qorumaq üçün reallaşdırılan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Sosial sferada müəyyənləşdirilən hədəflər sırasında vətəndaşların sağlamlığının qorunması, əməkhaqlarının və iş yerlərinin saxlanılması yolu ilə pandemiyadan zərər çəkən sahələrdə çalışanların gəlir imkanlarının təmin edilməsi, həssas qruplardan olan insanlara diqqət və qayğının artırılması xüsusi yer tutur. Prezidenti İlham Əliyev bəhs olunan çıxışında ölkəmizdə vətəndaşların sosial müdafiəsinin təmin edilməsinə müxtəlif dəstək proqramları vasitəsilə böyük həcmlərdə maliyyə vəsaiti yönəldildiyinə diqqət çəkərək vurğulayıb: “Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur”.

Respublikamızda pandemiya şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə reallaşdırılan proqramlarda məşğulluğun və sosial rifahın dəstəklənməsi ilə bağlı tədbirlər xüsusi yer tutur. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. O cümlədən dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu proqram 1 milyon 629 min işçini əhatə edir ki, onların da 910 min nəfəri dövlət, 719 min nəfəri isə özəl sektorda çalışanlardır. Öz növbəsində, Azərbaycanın qeyri-formal məşğulluğa qarşı həyata keçirdiyi məqsədyönlü siyasət bəhrəsini verir. Əlamətdar haldır ki, son vaxtlarda məlum çətinliklərə baxmayaraq, əmək müqavilələrinin sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, təkcə aprelin 1-dən 17-dək olan dövrdə respublika üzrə əmək müqavilələrinin bağlanmasında 55 min artım müşahidə edilib.

Respublikamızda müvafiq proqramlar çərçivəsində 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahovun verdiyi məlumata əsasən, indiyədək 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramlardan yararlanıblar. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13.722 vergi ödəyicisinə 138.422 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 31,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Eyni zamanda, artıq 26,71 mln. manat vəsaitin 35.223 fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Artıq respublikamızda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə birdəfəlik ödəmə alacaq vətəndaşların sayı 200 mindən 600 minədək artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə  66,5 milyon manat vəsait ödənilib.

Ölkəmizdə pandemiya şəraitində xüsusi həssas təbəqələrin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Məlumat üçün bildirək ki, bu ödənişləri 2,3 milyon şəxs alır.

Pandemiyanın ölkə əhalisinin sosial vəziyyətinə mənfi təsirlərini azaltmaq üçün digər dəstək tədbirləri də reallaşdırılır. Məsələn, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Bu məqsədlə 2 ay üçün tələb olunan vəsait 10 milyon manatdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Bəhs olunan proqramın icrasına il ərzində 40 milyon manat vəsait tələb olunur.

 

Pandemiya şəraitində ölkədə iqtisadi sabitliyin qorunmasına xüsusi diqqət göstərilir 

Hazırda dünyanın ayrı-ayrı ölkələri pandemiyaya qarşı mübarizədə böyük çətinliklər çəkirlər. Verilən məlumatlarda bildirilir ki, bir sıra dövlətlər pandemiya ilə mübarizədə getdikcə artan xərcləri sadəcə qarşılaya bilmirlər. Artıq 150-dək ölkə yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib.

Azərbaycanın pandemiyaya qarşı mübarizədə, o cümlədən də öz vətəndaşlarının qorunması məqsədi ilə genişmiqyaslı sosial tədbirlərin reallaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəltməsindən də göründüyü kimi, indiki çətin şəraitdə də ölkəmiz öz resurslarına arxalanır. Təsadüfi deyil ki, respublikamız yardım üçün heç bir beynəlxalq təşkilata müraciət etməyib və pandemiyaya qarşı milli səviyyədə apardığı mübarizədə sırf öz gücünə əsaslanır. Bunu şərtləndirən əsas amil isə ölkəmizin güclü iqtisadi potensialıdır. Məlum olduğu kimi, son 16 ildə respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. O cümlədən ölkəmizdə postneft iqtisadiyyatının qurulmasına hədəflənən məqsədyönlü siyasət aparılıb. Belə ki, transmilli şirkətlərlə imzalanan neft-qaz  müqavilələrinin icrası nəticəsində ölkəmizin qazandığı gəlirlər mqsədyönlü şəkildə qeyri-neft sektorunun, özəl bölmənin inkişafına, bütün respublika boyunca müasir infrastruktur quruculuğuna yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına dəstək tədbirləri genişmiqyaslı islahatlarla, müxtəlif təşviq mexanizmləri ilə tamamlanıb. Bütün bu kimi siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsi olaraq Azərbaycan son 16 ildə bütün dünya miqyasında ən dinamik iqtisadi inkişaf göstəricilərinə malik olan ölkəyə çevrilib.

Paralel olaraq Azərbaycan özünün maliyyə imkanlarını artırıb. Belə ki, son 16 ildə respublika boyunca müxtəlif infrastruktur layihələrinə böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu həyata keçirilməsinə baxmayaraq, ölkəmizin strateji valyuta ehtiyatları təxminən 50 milyard dollara çatdırılıb. Ötən dövrdə yaradılan belə güclü “təhlükəsizlik yastığı” pandemiya şəraitində də Azərbaycanın heç kimdən asılı olmayan siyasət həyata keçirməsini, xəstəliyə qarşı effektiv mübarizə aparmasını, o cümlədən də sosial sferada genişmiqyaslı tədbirlər reallaşdırmasını, əhalinin məşğulluğuna dəstək verilməsini şərtləndirir. Yuxarıda bəhs olunan açılış mərasimində Prezident İlham Əliyev son illərdə Sumqayıtda yaradılan iki nəhəng sənaye müəssisəsinin pandemiya şəraitində milli iqtisadiyyatımızın funksionallığının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkib. “Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb” , - deyə dövlətimizin başçısı vurğulayıb.

Şübhəsiz ki, indiki şəraitdə əsas hədəf mənfi xarici tendensiyaların iqtisadiyyatımıza mümkün təsirlərini azaltmaqdan ibarətdir. Qeyd edək ki, həm Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında, həm də müvafiq  dəstək proqramlarında pandemiya şəraitində iqtisadiyyatın sabitliyinin təmin edilməsinə hesablanan bir sıra tədbirlər nəzərdə tutulub.  O cümlədən dövlət başçısının tapşırığına uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. Mövcud vəziyyətlə əlaqədar sahibkarların vergi yükünün azaldılması və digər dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulub. Şübhə yoxdur ki, belə effektiv tədbirlər indiki mərhələdə iqtisadi sabitliyi qorumaq və postpandemiya dövründə iqtisadi fəallığı bərpa etmək üçün real zəmin formalaşdıracaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31