Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaradır

Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaradır

06.05.2020 [11:00]

Prezident İlham Əliyev: Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır

Xəbər verildiyi kimi, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır.

Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir

Son 16 ildə Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti, o cümlədən də ölkəmizin öz imkanlarını təqdim edərək regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı etimad və həmrəylik mühitinin yaranmasına, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməsi beynəlxalq miqyasda respublikamıza böyük nüfuz qazandırıb. Hazırda Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə və əksər xarici ölkələrlə münasibətlərini ikitərəfli və çoxtərəfli formatlarda uğurla inkişaf etdirir. Eyni zamanda, respublikamız bütün nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi tarixi hadisədir. Ölkəmiz, həmçinin 2014-cü ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib. Hazırda respublikamız Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrliyi uğurla həyata keçirir.

Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Məlum olduğu kimi, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilib. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapıb. Eyni zamanda, həmin sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bəhs olunan Zirvə görüşündə üzv dövlətlərin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Beləliklə, üç il ərzində respublikamız Qoşulmama Hərəkatına sədrlik edəcək. Prezident İlham Əliyev mayın 4-də videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bir daha bildirib ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin bu quruma sədrlik etməsi dövlətimizin dünyada nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Zirvə görüşündə biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

İndiki şəraitdə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi əlamətdar hadisədir. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqı Komissiyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir. Zirvə görüşünə BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlası, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Təsadüfi deyildir ki, BMT-nin Baş katibi video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, belə bir təşəbbüs irəli sürdüyünə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək BMT-nin dövlətimizin başçısının səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.

Bütövlükdə, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multikulturalizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair verdiyi vədlərinə qətiyyətlə əməl edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü həmçinin göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.

Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib

COVİD - 19  pandemiyasının sərhəd tanımayaraq dünyanın 210-dan çox ölkəsinə yayılması, qlobal miqyasda böyük təhlükələr yaratması, bütövlükdə, insanların həyat tərzini dəyişməsi indiki dövrdə həmrəylik çağırışlarının aktuallığını daha da artırıb. Bu baxımdan, respublikamızın yanaşması təqdirəlayiqdir. Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID - 19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Sirr deyil ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu indiki şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməmişlər. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirib. “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan yalnız xoş mərama əsaslanan təşəbbüsləri ilə deyil, həmçinin atdığı praktiki addımları ilə də qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir. Xatırlatmaq yerinə düşər ki, respublikamız  koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb. İndiki şəraitdə ehtiyacı olan ölkələrə yardım göstərilməsinin mühüm əhəmiyyət daşıdığını bildirən Prezident İlham Əliyev deyib: “Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Öz növbəsində Azərbaycan pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatına üzv olan dövlətləri dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırmaq niyyətini ifadə edib. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31