Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncləri yüksək vətənpərvərlik nümunəsi göstərirlər

Azərbaycan gəncləri yüksək vətənpərvərlik nümunəsi göstərirlər

21.07.2020 [09:16]

Prezident İlham Əliyev: Bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır
Müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır. Bu da, ilk növbədə, onunla bağlıdır ki, gənclər bütün dönəmlərdə cəmiyyətin avanqard hissəsi olublar və baş verən hadisələrə, cərəyan edən proseslərə dinamizm gətiriblər. Bunu Azərbaycan gənclərinin timsalında da görmək mümkündür. Azərbaycan gənclərini qısa şəkildə təqdim etsək, belə deyə bilərik: gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər və daim yeniliklərə, bilikli olmağa böyük səy göstərirlər. Gənclərimizi fərqləndirən üstün cəhətlərdən biri isə onların müstəqillik ideyalarına daim sədaqətli qalmaları ilə bağlıdır. Azərbaycanın yaxın tarixinə nəzər salsaq, görərik ki, gənclər hər zaman azərbaycançılıq ideyalarına bağlı olublar və müstəqilliyimizin möhkəmlənməsinə həmişə özlərinin töhfələrini veriblər. Prezident İlham Əliyev cari il mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində gənclərimiz barədə yüksək fikirlərini diqqətə çatdıraraq deyib: “Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır”.
Ölkəmizdə gənclərin milli ruhda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır
Bu gün Azərbaycan gənclərinin hər birimizdə sonsuz qürur doğuran üstün keyfiyyətlərindən söhbət açarkən, ilk növbədə, ölkəmizdə ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq uğurlu gənclər siyasəti həyata keçirilir və gənclərin yüksək səviyyədə təhsil almaları, əmək bazarına inteqrasiya olunmaları, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, asudə vaxtlarını mənalı keçirmələri daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Dövlət Proqramında müasir reallıqlar və meydana çıxan çağırışlarla bağlı qarşıya yeni hədəflər qoyulub.
XXI əsr elm, təhsil, innovativ təşəbbüslər əsridir. Bu mənada ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Respublikamızda tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla icra edilir.
Gənclərin milli ruhda formalaşmaları ölkəmizdə reallaşdırılan uğurlu gənclər siyasətinin mühüm bir istiqamətini təşkil edir. Prezident İlham Əliyev müxtəlif dövlət tədbirlərində, gənclərlə çoxsaylı görüşlərində bununla bağlı fikirlərini dəfələrlə nəzərə çatdırıb. “Bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir”, - deyə dövlətimizin başçısı Tovuzda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışında vurğulayıb.
Milli dəyərlərin qorunmasının ölkəmizdə reallaşdırılan uğurlu gənclər siyasətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Beynəlxalq miqyasda müşahidə edilən bir sıra proseslər, o cümlədən də qloballaşma qarşıya gənclər siyasəti ilə bağlı yeni çağırışlar çıxardıb. Məlumdur ki, hazırda ayrı-ayrı xalqlarda, ələlxüsus da Avropa məkanında nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur, həmin cəmiyyətlərdə “ağbirçək”, “ağsaqqal” anlayışları arxaikləşməkdədir. Azərbaycan cəmiyyəti isə konservativ cəmiyyətdir. Xalqımız əsrlər boyu öz dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər daşıyıb və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Qloballaşan dünyada bu amil böyük önəm daşıyır və xalqımızın identikliyini təmin edir. Deyə bilərik ki, nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluğun sintezi, monolit cəmiyyət müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biri qismində çıxış edir. Sirr deyil ki, hazırda bir sıra antimilli mərkəzlər müxtəlif yollarla Azərbaycanın inkişafına, dünyada getdikcə artan nüfuzuna xələl gətirməyə çalışırlar. Xaricdəki erməni diaspor təşkilatlarına bağlı olan belə mərkəzlərin əl atdıqları vasitələrdən biri də gəncləri Azərbaycan dövlətinə qarşı qoymaqdır. Ancaq Azərbaycan gəncləri onların ələ alınması cəhdlərinə sərt təpki göstərərək hər zaman, hər yerdə dövlətimizə və xalqımıza bağlılıq nümunəsi sərgiləyirlər. Burada heç şübhəsiz ki, gənclərimizə vaxtında tarixdən gələn gözəl ənənələrimizin, milli-mənəvi dəyərlərimizin dolğun şəkildə təlqin edilməsi müstəsna rol oynayır.
Şəhidlərimizin qəhrəmanlığı gənclər üçün əsl vətənpərvərlik nümunəsidir
Müharibə şəraitində yaşayan Azərbaycanda gənclərə hansısa mücərrəd qəhrəmanların nümunəsində vətənpərvərlik hissləri aşılamağa heç bir lüzum yoxdur. Təxminən 30 ildir ki, davam edən Qarabağ müharibəsi çoxlu sayda milli qəhrəmanlarımızı yetişdirib. Torpaq uğurunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı gənclər üçün əsil vətənpərvərlik nümunəsidir. Azərbaycan Ordusu getdikcə güclənir. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək.
Milli ordumuzun getdikcə artan gücündən söhbət açarkən silahlı qüvvələrimizdə xidmət göstərən əsgər və zabitlərimizin vətənpərvərliyini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Ermənistan ərazilərində hər hansı bir hərbi planı yoxdur, bizim niyyətimiz ancaq ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməkdir. Ölkəmiz belə prinsipial yanaşmadan çıxış edərkən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Ordumuzun döyüşlərə işğala məruz qalan torpaqlarımızın azad olunması uğurunda qatılması hərbiçilərimizi yeni-yeni şücaətlərə, qəhrəmanlıqlara sövq edir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb. Şəhidlərimiz olsa da, ordumuzun rəşadəti qürur doğurur. Verilən məlumata görə, onlarla erməni hərbçisi öldürülüb, düşmənin hərbi birləşmələrinin sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi sıradan çıxardılıb. Düşmən tərəfin təxribatlara əl atmaqda məqsədi yeni mövqelərdə möhkəmlənmək olub. Ancaq ordumuzun şəxsi heyətinin şücaəti sayəsində Ermənistanın hərbi birləşmələri geri otuzdurulub. Düşmənin son təxribatlarının qarşısının alınmasında müxtəlif ranqlardan olan hərbiçilərin, o cümlədən də general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin qəhrəmancasına həlak olması bir daha onu göstərir ki, Azərbaycan Ordusunda ayrı-seçkiçilik yoxdur, əksinə döyüş ruhu kifayət qədər yüksəkdir, lazım gəldikdə yüksək rütbəli zabitlərimiz də döyüşlərə atılırlar. Azərbaycan xalqı belə qəhrəman oğulları ilə fəxr edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqində gənclərimizi qəhrəmanlarımıza oxşamağa səsləyərək vurğulayıb: “Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.
Qeyd edək ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alan ordumuza yüksək həmrəylik göstərirlər. Təsadüfi deyildir ki, Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda minlərlə insan, o cümlədən də gənclər küçələrə çıxıblar, uzun yolu piyada qət edərək Şəhidlər xiyabanına üz tutublar. Həmin yürüşlərdə gənclərimiz milli orduya, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dəstək xarakterli şüarlar səsləndiriblər, vətənpərvərlik hisslərininümayiş etdiriblər. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz bu günlərdə könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirir, ön xəttə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ünvanlayıblar. Qurumdan verilən məlumata əsasən, bütövlükdə indiyədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 38000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü surətdə orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31