Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhədlərimiz necə qorunur?

Sərhədlərimiz necə qorunur?

05.11.2021 [10:18]

Azərbaycan elə sərhədlər yaradır ki, buradan heç quş da səkə bilməz

Qonşu ölkələr arasında sərhədlərin müəyyənləşdirilməsi və etibarlı şəkildə qorunması dövlətlər üçün tarixin bütün dönəmlərində aktual olub. Çox doğru olaraq dövlət sərhədləri hər bir ölkənin müstəqilliyinin əsas rəmzlərindən biri kimi dəyərləndirilir. Tarixdən o da bəllidir ki, ayrı-ayrı ölkələr öz sərhədləri boyunca “Çin sədləri”, daş-beton divarlar çəkərək bədxah qonşularından gözlənilən təhlükələrdən bu yolla qorunmağa çalışmışlar. Tale elə gətirib ki, Azərbaycanın qismətinə də Ermənistanın timsalında XXI əsrdə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən, “dənizdən-dənizə dövlət qurmaq”, “yeni ərazilər uğrunda yeni müharibələr” aparmaq təfəkkürü ilə yaşayan bədxah qonşu düşüb. O qonşu ki, bu yerlərə gəlmədir, tarixi torpaqlarımızda qərar tutub və burada “özümə yer etdikdən sonra gör sənə nə edirəm” prinsipi ilə davranmağa başlayıb.

30 illik işğal dövründə nəzarətsiz qalan dövlət sərhədlərimiz Vətən müharibəsində bərpa olundu

Azərbaycan müstəqilliyinin lap əvvəlindən bədxah qonşusunun - Ermənistanın işğalçılıq siyasətinə görə sərhədlərinin böyük bir hissəsinə nəzarət etmək imkanından məhrum qalmışdı. Ermənistan havadarlarının köməyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində ərazilərimizin 20 faizini, o cümlədən də Qubadlı, Kəlbəcər, Laçın rayonlarını zəbt etməklə bu forpost ölkə ilə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Eyni zamanda, işğal faktına görə Azərbaycanın İranla 132 kilometrlik dövlət sərhədi də düşmənin nəzarətində qalmışdı. İşğal altına alınan ərazilərimizdə qurulan separatçı rejim Ermənistan hakimiyyəti ilə birlikdə Azərbaycanın nəzarətindən kənarda qalan sərhədlər boyunca transmilli cinayətlərə, o cümlədən də qaçaqmalçılığa, qanunsuz silah dövriyyəsinə, Avropayadək uzanan marşrut üzrə narkotik tranzitinə rəvac verirdi. Keçmiş Dağlıq Qarabağın ərazisi terrorçular yetişdirilən və narkotik becərilən təhlükəli bir bölgəyə çevrilmişdi. Azərbaycan zamanında bütün bu faktlar barədə müvafiq beynəlxalq qurumlara məlumatlar ünvanlasa da, Ermənistan cəzalandırılmırdı və bu da işğalçıları öz cinayətlərinin miqyasını daha da genişləndirməyə ruhlandırırdı. “Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”, - deyə Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Nəhayət, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadəti sayəsində işğalçı dövləti özü  cəzalandırdı. Başına dəyən “Dəmir yumruq”dan sarsılan, diz çökən mənfur düşmən ötən il noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Tarixi ədaləti, ərazi bütövlüyünü təmin edən Azərbaycan həmçinin dövlət sərhədlərinin bərpasına nail oldu.

Dövlət sərhədlərini möhkəmlətmək və onu etibarlı şəkildə qorumaq Azərbaycanın müstəsna hüququdur

Vətən müharibəsində böyük Qələbənin təmin olunmasına digər qoşun növlərinin şəxsi heyəti kimi, sərhədçilərimiz də özlərinin sanballı töhfələrini veriblər. Təsadüfi deyildir ki, müharibə başa çatandan sonra çoxlu sayda sərhədçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yüksək dövlət təltiflərinə layiq görülüb. Sərhədçilərimiz postmüharibə dövründə də özlərinin şərəfli missiyalarını həyata keçirərək dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Eyni zamanda, Azərbaycan həm İranla, həm də Ermənistanla dövlət sərhədlərinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Prezident İlham Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışındakı çıxışında bildirib ki, bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm də Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki sərhədlərinin möhkəmləndirilməsi istiqamətində işlərə 44 günlük müharibə başa çatandan dərhal sonra başlanılıb. İranla sərhədlərin möhkəmləndirilməsində indiyədək hər hansı bir problem yaşanmayıb. Çünki bu istiqamətdə sərhədlərin keçdiyi xətlər hələ keçmiş sovet dönəmində müəyyənləşdirilib və Azərbaycan müharibədən sonra sərhəd məntəqələrini məhz bəlli xətlər boyunca qurub.

Ermənistanla 500 kilometrlik sərhədlərə gəldikdə isə, burada vəziyyət fərqlidir. Müstəqillik dövründə iki ölkə arasında işğal səbəbinə görə sərhədlər heç vaxt müəyyənləşdirilməyib. Bundan başqa, Ermənistan  ayrı-ayrı yerlərdə sərhəd xətlərini Azərbaycanın işğal olunmuş ərazilərinə doğru irəli çəkib. Azərbaycan isə, təbii ki, ermənilərin “çoxbilmişliyi” ilə razılaşmayaraq sərhəd xətlərinin geri çəkilməsini istəyir və buna nail olur. Ümumiyyətlə, Azərbaycan iki ölkə arasında sərhədlərin beynəlxalq səviyyədə qəbul olunan prinsiplər əsasında delimitasiya və demarkasiyasının qısa müddətdə başa çatdırılmasının tərəfdarıdır. Ermənistandakı revanşist qüvvələr isə Azərbaycanın dövlət sərhədlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə qarşı çıxaraq buna hansı yollarlasa maneçilik törətməyə çalışırlar. Lakin belə cəhdlərin heç bir əsası yoxdur. Dövlət sərhədlərini möhkəmlətmək və onu etibarlı şəkildə qorumaq Azərbaycanın müstəsna hüququdur.

Hazırda işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə işlər davam etdirilir. Son bir ildə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində həm İran, həm də Ermənistanla olan sərhədlərimizin etibarlı şəkildə qorunması üçün yaradılan çoxsaylı yeni hərbi hissə komplekslərinin açılışına qatılıb.  Sərhədlərimizin qorunması üçün yaradılan mühüm infrastruktur obyektlərindən biri oktyabr ayının sonuncu ongünlüyündə Qubadlı rayonunda istifadəyə verilib. Dövlət başçımızın xeyir-duası ilə açılışı baş tutan Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var. Dövlət Sərhəd Xidmətinin ötən ay Zəngilanda və Cəbrayılda Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan hərbi hissə komplekslərində də sərhədçilərin öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmələri, həmçinin asudə vaxtlarını mənalı keçirmələri, dincəlmələri üçün hər cür şərait yaradılıb.

Bir sözlə, Azərbaycan Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə elə sərhədlər qurur ki, buradan heç quş da səkə bilməz. Yeri gəlmişkən, müharibədən sonrakı mərhələdə erməni hərbi birləşmələri sərhədlərimizdə bir neçə dəfə təxribatlar törətməyə cəhd göstəriblər. Lakin belə cəhdlərin qarşısı sərhədçilərimiz tərəfindən qətiyyətlə alınıb.

İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu da Azərbaycanın dövlət sərhədlərində möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Qeyd edək ki, hazırda işğaldan azad olunmuş ərazilərdə sərhədlərə gedən 700 kilometr uzunluğunda yolların inşası həyata keçirilir. 2021-ci ilin sonlarınadək bu işlərin 80 faizinin tamamlanması nəzərdə tutulub. Prezident İlham Əliyev belə bir qənaətini ifadə edib ki, yeni yollar bizim bəhs olunan bölgədə hərbi nöqteyi-nəzərdən daha da möhkəmlənməyimizi təmin edəcək.

Mübariz ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31