Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə ilk dəfə - Xalqın 30 ildir gözlədiyi Zəfər bəyanatı

Milli Məclisdə ilk dəfə - Xalqın 30 ildir gözlədiyi Zəfər bəyanatı

06.11.2021 [10:22]

Tarix 5 noyabr, saatlar isə 11:00-ı göstərirdi. Milli Məclisdə payız sessiyasının növbəti plenar iclası başlamışdı.

Gündəliyə daxil olan 10 məsələdən biri bu iclası əvvəlkilərdən fərqləndirirdi. Bu, Milli Məclisin 8 noyabr - Zəfər Günü ilə əlaqədar bəyanatı idi.

Monitor qarşısında əyləşən media nümayəndələri deputatların iclasa hazırlıq prosesini izləyirdilər.

Prezidentə və Birinci vitse-prezidentə təbrik məktubu

Sahibə Qafarova əlamətdar gün münasibətilə xalqımızı, Zəfəri bizlərə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik etdi. Təklif etdi ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclisin üzvləri tərəfindən təbrik məktubu ünvanlansın.

Deputatlar spikerin bu təklifini alqışlarla qarşıladılar.

Sonra Vətən müharibəsi və I Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sükut bitəndən sonra sözə başlayan sədr Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu gün Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır.

S.Qafarova Zəfər Günü ilə bağlı parlamentə daxil olan saysız-hesabsız təbrik məktublarından da söz açdı.

I məsələ - 8 noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı

Ardınca Milli Məclis 8 noyabr - Zəfər Günü bəyanatının hazırlanması üçün komissiya yaratdı. Komissiyanın sədri vəzifəsinə Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin namizədliyi irəli sürüldü və təsdiqləndi.

Nəhayət xalqın 30 ildir gözlədiyi həmin bəyanat ilk dəfə Milli Məclisdə qəbul edildi.

Bəyanatın mətnini Milli Məclisin deputatı Cavid Osmanov səsləndirdi.

Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin bu il ilk ildönümü qeyd ediləcək. Azərbaycan dövlətinin və xalqının qeyrət rəmzinə çevrilmiş bu Qələbə ilə son 200 ilə yaxın dövrdə erməni şovinizminə sarsıdıcı zərbələr vurulmuş və xalqımız üçün mühüm taleyüklü məsələ öz həllini tapmışdır. Ermənilər “dənizdən-dənizə” siyasətini yürüdərək müxtəlif illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı düşmənçilik siyasəti davam etdirilib. Ermənilərin havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, qərbi azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. 1988-ci ildə başladıqları və 1992-ci ildə yekunlaşdırdıqları işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt olunub. İşğal nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb, XX əsrin ən dəhşətli qətliamı - Xocalı faciəsi törədilib. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışsa da, Ermənistan bununla heç vaxt razılaşmayıb, ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürərək yeni müharibə niyyətində olduğunu bildirib. Nəhayət, Azərbaycan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarına riayət edərək əks-hücum əməliyyatına başlayıb və 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa edib. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Azərbaycan Zəfərdən sonra regionda yeni reallıq yaradıb.

Zəfər Bəyanatı qədər möhtəşəm, ən boyük amnistiya aktı

II məsələ - 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi

Amnistiya haqqında qərar layihəsini təqdim edən Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu qərar minlərlə şəxsin azadlığa qovuşmasına şərait yaradacaq.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin dünənki iclasında müzakirəyə çıxarıldı. Parlamentin sədri Sahibə Qafarova 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya və əfv sərəncamları verilməsi haqda danışdı. Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli qərarın şəhid ailələrinə və qohumlarına da şamil olunacağını qeyd etdi. Bununla bağlı onlar Əfv Komissiyasının parlamentdən olan deputatlarına müraciət edə bilərlər.

Sədrin birinci müavininin sözlərinə görə, 4 hissədən ibarət olan bu sənəd olduqca dürüst hazırlanıb. Həmçinin, preambulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti də xüsusi qeyd olunub. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənildiyi də diqqətə çatdırıldı.

Amnistiya qərarlarının ənənəvi olaraq bayram günləri ilə bağlı qəbul olunduğu vurğulandı. Qeyd edək ki, akta əsasən, təxminən, 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər və təxminən, 100 qadın amnistiyaya düşəcək.

Deputat Kamal Cəfərovun sözlərinə görə, amnistiya aktı həm əhatə dairəsinə, həm də mahiyyətinə görə qarşıdan gələn Zəfər gününə layiq bir aktdır. Bu akt həm də Prezidentin xalqa hədiyyəsidir.

Müzakirələrdən sonra qərar layihəsi səsverməyə qoyularaq qəbul edildi.

İclasda üçüncü oxunuşda olan “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə də qəbul edildi.

İclasın sonuna yaxın Milli Məclisin deputatı Aydın Hüseynov şəhid ailələri ilə bağlı yaranan bir sıra problemləri də spikerin diqqətinə çatdırdı.

Milli Məclis iki yeni medalın təsis olunması barədə qərar layihəsini qəbul etdi

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edildi. Bu dəyişikliklə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)”, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunması nəzərdə tutulur.

Deputatlar öz çıxışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkəmizin təhsilindəki önəmindən söz açdılar.

Milli Məclisin sədrinin I müavini Əli Hüseynli Müdafiə Sənayəsi Nazirliyinin 15 illik fəaliyyətinin təqdirəlayiq olduğunu vurğuladı.

Dəyişiklik layihələri səsvermə əsasında qəbul olundu.

Sonda Milli Məclisin sədri Azərbaycan xalqını, dövlətimizin başçısını və Milli Məclisin üzvlərini bir daha 8 noyabr - Zəfər Günü münasibətilə təbrik etdi.

Günel Abbas

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31