Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağda səpilmiş separatizm toxumları...

Qarabağda səpilmiş separatizm toxumları...

11.12.2021 [10:29]

İndi dünyanın müxtəlif regionlarında cücərir

Mübariz ABDULLAYEV

Pis nümunə tez yayılır. Xalqları, regionları, ölkələri bölücülüyə doğru çəkən separatizm kimi. Dünyanın gah bu, gah da digər bir bölgəsi vaxtaşırı separatizm dalğasından silkələnir, bir sıra hallarda münasibətlər uzun sürən müharibələrədək gedib çıxır. Bunun acı fəsadlarını isə insanlar, xalqlar, ölkələr öz talelərində yaşayırlar. İnkişafla bağlı problemlər yaşanır, təhlükəsizliyə təhdid halları artır, resurslar insanların rifahına, iqtisadi layihələrin reallaşdırılmasına deyil, aylar, illər ərzində münasibətlərin çözülməsinə yönəldilir.

Separatizmin yaratdığı təhlükələri, onun acı fəsadlarını Azərbaycan xalqından yaxşı heç kim təsəvvür edə bilməz. Həyatımız düz otuz il ərzində separatizmlə mübarizədə keçib. Ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəllərində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Vilayətində  ermənilərin əli ilə separatizm alovu yandırıldı. Xarici dairələrdən direktivlər alan ermənilər Azərbaycana məxsus ərazilərin Ermənistana birləşdirilməsinin “zəruriliyini əsaslandırırdılar”. Sübut etməyə çalışırdılar ki, keçmiş Dağlıq Qarabağ guya nə vaxtsa Ermənistana məxsus olub, ermənilər burada aborigen sakinlərdir və s. Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda danışanlara dəfələrlə arxivlərə baş vurmağı, tarixi sənədlərlə tanış olmağı, onları öyrənməyi məsləhət görürdü. Həmin sənədlərin heç birində “Dağlıq Qarabağın Ermənistandan ayrılaraq Azərbaycana verilməsi”ndən bəhs olunmayıb, əksinə, bu ərazinin Azərbaycanın tərkibində saxlanılması qeyd olunub və əsaslandırılıb. Lakin işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri Azərbaycanın dövlət başçısının müxtəlif beynəlxalq toplantılarda, o cümlədən Münxen Təhlükəsizlik Konfransında, “Valday” Diskussiya Klubunda və digər mötəbər auditoriyalarda onlara verdiyi tarix dərslərindən nəticə çıxarmırdılar, tarixi həqiqətlər barədə deyilənləri daim qulaqardına vururdular. Ermənistanın bu separatizm əməli düz otuz il davam etdi. Bu müddət ərzində Azərbaycanın ərazisinin 20 faizi işğal altında saxlanıldı, bir milyon azərbaycanlı doğma ev-eşiyindən didərgin salındı, şəhər və kəndlərimiz, mədəni irsimiz, təbii sərvətlərimiz heç bir ölçüyə, heç bir insanlıq normasına sığmayan vandalizm əməllərinə məruz qaldı.

Əlbəttə, separatçılıq siyasətini faktiki olaraq otuz il ərzində davam etdirməsi kiçik və zəif  Ermənistanın imkanları daxilində olan bir məsələ deyildi. Bu separatizmin uzun illər ərzində “sağalmayan yaraya” çevrilməsi, regionda daim gərginlik ocağının alovlanması ssenarilərində rol alan qüvvələr var idi. Bunlar bölgədə imperialist ambisiyalarından geri çəkilməyən, müəyyən siyasi və iqtisadi maraqlar güdən ölkələr və güc mərkəzləri idi. Uzun müddət bölgəni təhlükə və təhdid altında saxlayan separatizm məhz bu qüvvələrin “dirijor çubuğu” ilə idarə olunurdu. Həmin güclər işğalçı Ermənistanı bir halda silah təchizatı, digər halda isə “sülhyaratma missiyaları” adı altında daim dəstəkləyirdilər. Əks halda, dünyada ən yüksək səviyyəli qurum olan BMT TŞ-nin Ermənistana məxsus hərbi birləşmələrin Azərbaycanın işğala məruz qalan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnaməsinin üç onillik ərzində yerinə yetirilməməsini, işğalçı ölkənin özünü əmin-arxayın aparmasını heç təsəvvürə də gətirmək mümkün deyil. Axı dünya ictimaiyyəti başqa dövlətə qarşı silahlı təcavüzə yol verən digər ölkələrin qısa müddətdə və çox sərt şəkildə cəzalandırıldığının şahidi olub. Ermənistan isə BMT-nin sanksiyalarından kənarda qalırdı. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupu da hadisələrin yedəyində gedərək işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaq üçün davamlı səylər göstərirdi.

İkili standartların tətbiqi təhlükəli presedentlərə yol açır. Azərbaycan Prezidenti İlham Əliyev bunu həmişə xatırladırdı. Lakin təəssüf doğuran haldır ki, verilən mesajlar, belə demək mümkünsə, zamanında ünvanına çatmadı və yaxud maraqlı dairələr, Ermənistanın himayədarları buna məhəl qoymadılar. Bunun acı nəticələri isə özünü göstərməkdədir. Yoluxucu xəstəliyin çöpləri region ölkələrinə də sıçrayıb.

Müxtəlif analitik mərkəzlərdən verilən məlumatlara əsasən, hazırda dünyada təxminən 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşayiət olunur. Etnik və dini zəmində baş qaldıran münaqişələrin Yaxın Şərqdə doğurduğu fəsadlar hər kəsə yaxşı bəllidir. Bu coğrafiyada milli, dini zəmində alovlanan münaqişələr hətta dövlətlərarası müharibələr səviyyəsinədək yüksəlib və belə qanlı müharibə ocaqlarının nə vaxt sönəcəyini proqnozlaşdırmaq mümkün deyil. Tunelin sonunda işıq görünmür ki, görünmür.

Separatizm toxumları, həmçinin Avropada, ABŞ-da, Çində və digər dünya nəhənglərinin ərazilərində də cücərti verməkdədir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransada Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir.

Bu siyahını uzatmaq da mümkündür. Lakin söhbət separatizm ocaqlarının sayında deyil. Əsas sual belə münaqişə ocaqlarının necə yaranması və qarşısıalınmaz sel kimi dünyanı ağuşuna götürməsi, həmçinin perspektivlə bağlıdır. Otuz il davam edən və insanların həyatına məşəqqətlər gətirən, bəşəriyyətin bir parçası olan Azərbaycanın mədəni irsinə böyük ziyan vuran keçmiş Dağlıq Qarabağ münaqişəsi dünyanın bütün ölkələri, dövlətləri və xalqları üçün bir ibrət nümunəsi olmalıdır. Heç bir halda bu münaqişənin timsalında olduğu kimi, milli-dini separatizm ocaqlarına ikili standartlardan yanaşma sərgilənməməlidir. Əks halda, dünya yeni münaqişələrlə sınağa çəkiləcək. Azərbaycan 44 günlük Vətən müharibəsində Cənubi Qafqazda milli zəmində separatizmə rəvac verənləri öz gücü ilə məhv etdi. Digər ölkələr bunu bacaracaqlarmı?!

 

 

Paylaş
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31