Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niyə məhz Nazarbayev? Və ya o niyə susur?

Niyə məhz Nazarbayev? Və ya o niyə susur?

07.01.2022 [09:57]

Qazaxıstanda baş verənlər birmənalı qarşılanmır

Pərviz SADAYOĞLU

Nurlan QƏLƏNDƏRLİ

Qazaxıstanda başlayan aksiyalar maraqlı və gözlənilməz nəticələrə yol açdı. Etirazçıların tələbi ilə hökuməti istefaya göndərən prezident Kasım-Jomart Tokayev xalqa müraciətində bəlkə də sensasion bir açıqlama ilə yadda qaldı: “Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib”. Müasir Qazaxıstanın yaranmasında və inkişafında mühüm rola malik olan Nursultan Nazarbayev uzun müddət bu ölkəyə rəhbərlik edib. 2019-cu il martın 20-də isə prezident postundan gedən Nazarbayev ölkəsinin Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini və qurucusu olduğu “Nur Otan” partiyasının liderliyini özündə saxlamışdı. Son illərdə dinamik inkişafı ilə yadda qalan Qazaxıstan istər yerləşdiyi regionun, istərsə də böyük bir coğrafiyanın aparıcı siyasi-iqtisadi qüvvəsidir. Bütün bu nailiyyətlərdə isə Nazarbayevin xidmətləri danılmazdır. Bu baxımdan, küçə etirazlarının elə birinci dalğasında N.Nazarbayevin vəzifəsindən uzaqlaşması olduqca böyük təəccüb və maraq kəsb edir. Hətta xalqına bir müraciət belə etmədən vəzifəsindən imtina edən Nazarbayevin bu addımı siyasi kuluarlarda birmənalı qarşılanmadı.

İndi ekspertlərin üzərində durduqları məsələ Nazarbayevin nə üçün susqun olması və ya atdığı addımlara dair açıqlama verməməsi, hadisələrə münasibət bildirməməsidir. Diqqət yetirilən əsas məqamlardan biri budur ki, 30 il ərzində ölkəni idarə edən, müasir Qazaxıstanın təməlini yaradan, dövlətin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ qazanan, “millət lideri” (Elbasi) titulunu daşıyan Nazarbayev nə üçün belə kritik məqamda və xalqı, dövləti üçün taleyüklü məsələdə kənara çəkildi. Bu, milli-tarixi məsuliyyətdən yayınmaqdır, yoxsa bilinməyən digər səbəblər - amillər var? Bununla yanaşı, Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ daşıdığı halda, Tokayevin bir açıqlaması ilə bu hüquqdan necə məhrum oldu? Məgər bu hüquq keçmiş və ilk prezidentə şifahi formada verilmişdi ki, indi də bir açıqlama ilə alınır? Mediada bu barədə hansısa qərarın mətninə və yaxud sənədə isə rast gəlinməyib. Xatırlatmaq yerinə düşər ki, Nazarbayevə bəhs olunan hüquq bu ölkə parlamentinin təsdiqlədiyi “Qazaxıstan Təhlükəsizlik Şurası haqqında” qanun əsasında verilmişdi. Həmin qanunun 2-ci maddəsinin 4-cü bəndində deyilir: “Qazaxıstanın ilk prezidenti Elbasi ömürlük olaraq Təhlükəsizlik Şurasının rəhbərliyinə seçilmə haqqına sahibdir”.  O da vurğulanmalıdır ki, Qazaxıstanın Təhlükəsizlik Şurası ölkə prezidentinin yaratdığı bir məsləhət orqanıdır. Təhlükəsizlik Şurası müdafiə qabiliyyəti, milli təhlükəsizlik, dövlət suverenliyi və Qazaxıstanın ərazi bütövlüyünün qorunması ilə bağlı məsələləri həll etmək hüququna malikdir. Burada yeni suallar meydana çıxır: birincisi, hüquq-mühafizə orqanları üzərində tam səlahiyyətə malik olan Nazarbayev nə üçün etiraz aksiyalarının qarşısının alınması üçün öz hüququndan istifadə etmədi, yaxud müvafiq qərar qəbul etmədi? İkincisi, parlamentin ona verdiyi ömürlük hüquqa necə bir anda hər hansı bir rəsmi sənəd olmadan xitam verildi?

Hər halda, bütün bu qeyri-müəyyənliklərin aradan qalxması və müəmmalı vəziyyətə aydınlıq gətirilməsi sözügedən suallara cavab tapılmasından asılıdır. Hər kəsdən öncə Qazaxıstan xalqı üçün maraqlı və önəmli olan bu sualların cavabını verəcək şəxs isə elə Nazarbayevin özüdür. O isə hələ də susur...

Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Qazaxıstanın Orta Asiyanın ən böyük ölkəsi olduğunu və siyasi-iqtisadi məsələlərdə fəal iştirakını qeyd edib. Millət vəkili bildirib ki, SSRİ-nin dağılmasının ardından bu ölkəyə rəhbərlik edən N.Nazarbayev müasir Qazaxıstan dövlətinin inkişafında mühüm addımları ilə seçilib. Son illərdə bu ölkənin dövlət siyasətində daha çox milliliyə önəm verildiyini, latın qrafikasına keçidlə bağlı qərarların qəbul olunduğunu deyən A.Badamovun fikrincə, bu kimi hallar bəzi xarici mərkəzlər tərəfindən müsbət qəbul olunmadı. “Qazaxıstan, həmçinin Türk Dövlətləri Təşkilatına üzvü olaraq da türk milli kimliyinə daha çox meyillənib. Dövlətin belə siyasəti bəzi xarici dairələrin xoşuna gəlmir, onlar Qazaxıstanın öz təsir dairələrindən çıxmasını istəmirlər. Bu mənada, qazın qiymət artımından fürsət kimi istifadə edərək müəyyən destabillik elementləri formalaşdırırlar. Təbii ki, baş verənlərə, o cümlədən Nursultan Nazarbayevin istefasına müəyyən qiymət vermək mümkündür. Bununla belə, fikrimcə, baş verənlər bir dövlətin daxili işləridir və kənardan qəti fikir söyləmək, hansısa siyasi qiymətləndirmə aparmaq yanlış ola bilər. Düşünürəm ki, baş verənlərdə günahı olan bütün təxribatçılar qısa zamanda müəyyən edilərək cəzalandırılacaq və ölkədə sabitlik bərpa ediləcək. Qazax xalqının da bu prosesdə səbir və təmkin nümayiş etdirəcəyinə ümid edirəm”.

Politoloq İlqar Vəlizadə isə baş verənlərin daxili proseslərdən qaynaqlandığı fikrindədir. Onun sözlərinə görə, N.Nazarbayevin prezident postundan gedişinin və Təhlükəsizlik Şurasına sədrliyinin ardından ölkədə faktiki ikihakimiyyətlilik yaranmışdı. Bu mənada, baş verənlər heç də birmənalı qiymətləndirilməməlidir. Baş verənlərin kökündə subyektiv amillərin və maraqların dayandığını düşünən politoloq qeyd edib ki, hadisələrin qazın qiymətinin artırılıması ilə əlaqədar başlaması da təsadüfi sayıla bilməz: “Belə demək mümkündürsə, Qazaxıstanın hakimiyyət tranziti uğurlu olmadı. Bu gün baş verənlər də bunu təsdiqləyir. Tokayev ölkə prezidenti olsa da, Qazaxıstanın bütünlüklə təhlükəsizliyinə cavabdeh dövlət orqanları Nazarbayevin nəzarətində idi. O, Təhlükəsizlik Şurasının sədri idi. Bəli, bu sxem uğursuzluqla nəticələndi. Prosesi müşahidə etdikdə bir nüans diqqət çəkir: Sanki, Qazaxıstanda baş vermə ehtimalı olan hər hansı bir daxili iğtişaşı yatırtmaq üçün xüsusi təyinatlı və ya xüsusi qoşun növü yoxdur. Amma əslində var, sadəcə onlar işə salınmadı. İğtişaşçılara qarşı hər hansı bir müqavimətin şahidi olmadıq. Sanki, müdaxilə olunmaması ilə bağlı bir göstəriş verilmişdi. Tokayev bu məsələyə birbaşa müdaxilə edə bilməzdi. Çünki həmin qüvvələr Nazarbayevin əlində idi. Bəs niyə onlar hərəkətə keçmədi? Deməli, onlara dayanmaları üçün göstəriş verilmişdi. Burada dövlət çevrilişi elementləri mövcud deyil. Faktiki olaraq bir hakimiyyət digərini üstələdi”.

İ.Vəlizadənin fikrincə, baş verənlərdə birbaşa xarici müdaxilə ehtimalı çox azdır. Belə ki, bu gün ABŞ-ın iri neft-qaz şirkətləri Qazaxıstanda fəaliyyət göstərir. Ölkədəki qeyri-sabitlik isə, ilk növbədə, bu kampaniyaların maraqlarına ziddir. “İnanmıram ki, bu şirkətlər hansısa qarışıqlıqda maraqlı olsunlar. O cümlədən Rusiya ilə Çin də destabillikdə maraqlı görünmürlər. Çünki baş verənlər həmin ölkələrə də təsir göstərə bilər. Nəzərə alınmalıdır ki, prosesdə xaos elementləri mövcuddur. Rusiya ilə Qazaxıstan arasındakı sərhəd isə şəffafdır. Əgər orada hansısa ekstremist elementlər kök salsalar, onlar rahatlıqla bu sərhədi keçəcəklər. Fikrimcə, Rusiya bunu istəməz. Bu mənada, məsələdə Rusiyanın barmağını axtarmaq düzgün deyil”, - deyən İ.Vəlizadə əlavə edib ki, sonrakı proseslər bu və ya digər formada kimlər tərəfindənsə idarə oluna bilər. Çünki prosesi nəzarətsiz buraxmaq istəməzlər və artıq nəzarət elementləri gücləndirilir. Xüsusilə də, KTMT tərəfindən sülhməramlı qüvvələrin göndərilməsi və nəzarət mexanizminin işə salınması buna misaldır.

 

 

 

Paylaş
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31