Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın “yeni vətəndaş” siyasəti

Rusiyanın “yeni vətəndaş” siyasəti

08.01.2022 [00:15]

Problemdən çıxış yolu, yoxsa siyasi oyun qaydaları dəyişir?

Pərviz 

Ötən ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” federal qanun layihəsi təqdim edib. Layihədə vətəndaşlığa qəbul prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Qeyd edilir ki, dövlət başçısı yalnız müstəsna qaydada Rusiya Federasiyasına vətəndaşlığın verilməsi ilə məşğul olacaq, digər kateqoriyalı müraciət edənlərə münasibətdə isə qərarverici orqan Rusiya Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi sayılacaq. Bu, həm də vətəndaşlığa qəbulun ümumi prosedurunu bir ildən üç aya qədər qısaldacaq. İstisna əsaslarla qəbul isə keçmiş SSRİ vətəndaşı olan Böyük Vətən Müharibəsi veteranlarına, Rusiyaya xüsusi xidmətləri olan, peşəsinə, ixtisasına və ya digər səbəblərə görə Rusiya Federasiyasına maraq göstərən şəxslərə şamil olunacaq. Bundan başqa, sənəddə vətəndaşlıq üçün namizəd kateqoriyasına qoyulan tələblərin sayının azaldılması da nəzərdə tutulur. Artıq 6 fevral 1992-ci il tarixinə qədər Rusiya Federasiyasının (RSFSR) ərazisində anadan olanlar, doğulan zaman valideynlərindən ən azı biri keçmiş SSRİ vətəndaşı olan və Rusiya Federasiyasının (RSFSR) ərazisində daimi yaşayan şəxslər, SSRİ və ya Rusiya Federasiyasına sədaqət andı içmiş və 6 fevral 1992-ci il tarixinə Rusiya Federasiyasının yurisdiksiyasında olan və digər dövlətlərin ərazilərində yerləşən hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçular da bu güzəştlərdən istifadə edə biləcəklər. Hətta həmin şəxslərin xarici vətəndaşlığının olması da onları rusiyalı kimi tanımaqdan imtina etmək üçün əsas yaratmayacaq. Qeyd edək ki, 2002-ci ildə qəbul olunmuş “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanunla indiyə qədər 7,3 milyondan çox insan rusiyalı olub. 2021-ci ilin yanvar-noyabr aylarında Rusiya Federasiyasının vətəndaşlığını təxminən 668 min nəfər qəbul edib.

Bu sənədin hazırlanması bəzi siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Belə ki, asan şəkildə Rusiya vətəndaşlığına “qovuşmaq” bu ölkənin bəzi siyasətçilərinin “SSRİ-nin bərpası” kimi ideyalarının artıq real şəkildə tətbiqi kimi dəyərləndirilir. Ümumiyyətlə, belə addımların  arxasında siyasi məqsədlər dayanırmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hər hansı bir ölkənin pasport verməsinin artıq vətəndaşlığa qəbul etmək demək olduğunu bildirib. Bu hüququn müstəsna olaraq prezidentlərə məxsus olduğunu önə çəkən Ç.Qənizadə bəzi dövlətlərin kütləvi şəkildə pasport paylamaq, vətəndaşlığa qəbul etmək niyyətlərinin başadüşülən olmadığını dilə gətirib. Onun sözlərinə görə, Rusiyanın da bu yöndə atdığı addımlar birmənalı qarşılanmır. “Azərbaycan ikili vətəndaşlığı qəbul etməyən dövlətdir. Bunun da siyasi tərəfləri və səbəbləri mövcuddur. Bəzi dövlətlərin, xüsusilə də Rusiyanın bu cür addımları bəzən fərqli istiqamətlərdə qiymətləndirilir. Məsələn, bəzilərində “SSRİ-ni bərpa etmək” adı altında fikirlər formalaşır, hətta Qazaxıstanda baş verən hadisələrə də bu yöndə qiymət verənlər tapılır. Mən bunu inandırıcı hesab etmirəm. Çünki bunun hüquqi prosedur qaydaları yoxdur. Düşünürəm ki, bütün bunlar şayiələr, insanlar arasında çaşqınlıq, hətta narazılıq yaratmaq üçün ortaya atılan fikirlərdir. Təbii ki, bu məsələdə də razı və narazı olan tərəflər tapılacaq. Ziddiyyət, fikir ayrılığı olan yerdə isə müzakirələr, hətta bəzən konfliktlər olur. Görünür, kimlərsə belə müzakirələr açmaq niyyətindədirlər”.

Ç.Qənizadənin sözlərinə görə, bəzi ölkələrin analoji addımlarının arxasında siyasi çalarlar da durur. “Təbii ki, hər bir dövlət vətəndaşlıq vermək prosedurlarını asanlaşdıra və ya çətinləşdirə bilər. Bu, onların daxili işlərdir. Amma hər hansı bir dövlətin ərazisində yaşayan insanlara başqa bir dövlətin pasport verərək “bizimkidir” deyə orada yaşamasına şərait yaratması yolverilməzdir. Onda qanunla həmin şəxslərin müraciətləri olmalıdır. Onlar ikili vətəndaşlıq  almalıdırlar. Buna isə hansı dövlətlərdə qanun icazə verirsə, edə bilərlər. Azərbaycanda ikili vətəndaşlıq qadağandır”, - deyə Ç.Qənizadə əlavə edib. 

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev demoqrafik problemlər yaşayan ölkələrin zaman-zaman bu kimi addımlar atdığını diqqətə çatdırıb. Bildirib ki, Rusiyada da hazırda demoqrafiya ilə bağlı böyük problemlər mövcuddur. Bu baxımdan, rəsmi Moskva problemini həll etmək üçün bu yola əl atır: postsovet məkanında yaşayan şəxslərin vətəndaşlığa qəbulu prosesini həm asanlaşdırmağa, həm də sürətləndirməyə çalışır. Təbii ki, bu məsələnin siyasi tərəfdən də izahı mövcuddur.  Rusiyanın xüsusilə Orta Asiya ölkələrinin vətəndaşları üçün cəlbedici olduğunu deyən Ə.Nuriyev bildirib ki, Rusiya həmin şəxslər üçün işləmək, sosial vəziyyətlərini düzəltmək üçün imkan kimi görünür. “Bu baxımdan, belə təkliflər xüsusən də keçmiş SSRİ respublikalarında doğulmuş şəxslər üçün cəlbedici görünə bilər. Hətta Rusiya bu günlərdə Tacikistan vətəndaşları üçün böyük imkanlar yaradaraq onlara əmək vizası ilə bağlı güzəştlər verdi. Bu, anlaşılandır. Rusiyaya iqtisadiyyatını dirçəltmək üçün insan resursları lazımdır. Eyni zamanda, Rusiyanın siyasi elitasında təmsil olunan bəzi şəxslər var ki, onlar yenidən SSRİ-ni bərpa etmək fikrinə düşürlər, hətta bu fikirləri ilə də çəkinmədən ayrı-ayrı ölkələrə təsir göstərməyə çalışırlar. Fikrimcə, hər kəs diqqətli olmalıdır. Təbii ki, bunun qarşısının alınması da mümkündür. Məsələn, başqa ölkənin vətəndaşlığını alan şəxsin öz dövlətinin vətəndaşlığının itirilməsi kimi. Bu isə özünümüdafiə sistemidir”, - deyə Ə.Nuriyev bildirib.

 

Paylaş
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31