Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Paşinyan hədəfdə: tənqid oxları ona tuşlanıb

Paşinyan hədəfdə: tənqid oxları ona tuşlanıb

11.01.2022 [10:24]

Baş nazir KTMT çərçivəsində fəallıq nümayiş etdirməyə çalışsa da, bumeranq effekti ilə üzləşib

Pərviz Sadayoğlu

Nurlan Qələndərli

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin bu ölkəyə gəlməsi müxtəlif aspektlərdən ciddi müzakirə olunur. Bu, həm dünya miqyasında, həm də KTMT-yə üzv ölkələrin daxili auditoriyalarında da müəyyən mübahisələrə səbəb olub.

Yanlış siyasi qərar və qanun pozuntusu

Məsələ Ermənistanda isə ictimai və siyasi gərginliyə səbəb olub.  Hazırda KTMT-yə sədrlik edən Ermənistanın 70 nəfərdən ibarət qrupu kontingentin tərkibində Qazaxıstana göndərməsi həm cəmiyyətdə, həm də siyasi  dairələrdə birmənalı qarşılanmayıb, qəzəb və tənqid oxları Paşinyana tuşlanıb. Məsələn, bəzi eks­pertlər, ictimai fəallar Ermənistanın baş nazirinin yanlış addım atdığını düşünürlər. Hüquqşünaslar isə iddia edirlər ki, Paşinyan bu qərarla qanunvericiliyin tələblərini pozub, çünki hərbi qüvvələrin sülhməramlı kontingentin tərkibində Qazaxıstana göndərilməsi barədə parlament tərəfindən hər hansı qərar verilməyib. “Hrapark” qəzeti yazır ki, bu, Paşinyan avtoritarizminin növbəti nümunəsidir. Bildirilib ki, Paşinyan həm prezidentin iradəsini, həm parlamentin mövqeyini, həm də ictimai rəyi heçə sayır - o, özünü mütləq səlahiyyət sahibi hesab edir. Bu isə Ermənistanda həm hakimiyyət daxilində, həm siyasi qüvvələr arasında, həm də cəmiyyətdə gərginliyi artırır: “KTMT-də sədrlik formal olaraq Ermənistan baş nazirinə məxsusdur. O, müraciətə cavab verərək məsələ ilə əlaqədar koordinasiya fəaliyyəti ilə məşğul ola bilər. Amma Paşinyan hərbi qüvvə göndərmək məcburiyyətində deyildi”.

Xarici siyasətdə dəqiq istiqamət yoxdur

“Suveren Ermənistan” partiyasının rəhbəri David Sanasaryan isə bildirib ki, baş nazir Paşinyan Ermənistanın dövlət olmaq şansının tam şəkildə qarşısını alır. Erməni bloggerlər isə sosial şəbəkələrdə baş nazir Paşinyanı Qazaxıstanın daxili işlərinə qarışmamağı məsləhət görüblər. Erməni ekspertlər, həmçinin Paşinyanın xarici siyasətdə dəqiq istiqamət seçə bilmədiyini qeyd edirlər: “Baş nazir bir müddət əvvəl Qərbpərəst mövqe açıqlamışdı, indi isə KTMT-nin fəaliyyətində aktiv iştirak görüntüsü yaradır. Hansına inanaq? Deməli, hadisə və proseslər Paşinyanı istənilən səmtə sürükləyir”.

Məqsəd görüntü yaratmaqdır

Məsələ ilə bağlı, fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ermənistan hazırda KTMT-yə rotasiya ilə sədrlik edir. Qazaxıstana göndərilən kontingentin tərkibində erməni əsgərlərinin də olması isə yalnız görüntü xarakteri daşıyır: “Baş nazir Paşinyan özünü həm Rusiyaya, həm də digər KTMT üzvlərinə sübut etməyə çalışır. Hətta sosial şəbəkələrdə KTMT-nin sülhməramlılarının tərkibində Qazaxıstana gedən 70 erməni əsgərinin mühüm obyektləri qoruyacağı yazılıb. 70 nəfər erməni əsgəri Qazaxıstan kimi böyük ərazisi olan və ciddi gərginliyin hökm sürdüyü ölkədə hansı strateji obyekti qoruyacaq? Bir daha deyirəm ki, burada əsas məqsəd görüntü yaratmaqdır. Paşinyan bununla da Rusiyaya yaxın olduğunu göstərməyə çalışır”.

Baş nazirin fəaliyyəti ictimai rəydə ciddi təftiş olunur

Ermənistanda müxalifətin bu məsələ ilə bağlı Paşinyana etirazına gəlincə isə, A.Nağıyev bildirib ki, bu, daxili auditoriyaya hesablanmış bir məsələdir. “Onlar bununla erməni xalqına Paşinyanın “demokratiya sammiti”nə getməklə Qərbpərəst, gah da Rusiyanın yanında hansısa bir problemin həllində iştiraka can atan birisi olduğunu göstərirlər”, - deyə A.Nağıyev  əlavə edib.

Beləliklə, Paşinyan KTMT-nin fəaliyyəti çərçivəsində fəallıq nümayiş etdirməyə çalışsa da, bumeranq effekti ilə üzləşib. İndi Ermənistan cəmiyyətində - siyasi dairələr tərəfindən və ictimai rəydə onun fəaliyyəti - mövqeyi və atdığı addımlar ciddi təftiş olunur.

 

 

Paylaş
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31