Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa dilemma qarşısında...

Avropa dilemma qarşısında...

28.01.2022 [09:53]

“Qoca qitə” üçün enerji təhlükəsizliyi, yoxsa Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi önəmlidir?

Mübariz ABDULLAYEV

Artıq xeyli vaxtdır ki, Ukrayna ətrafında cərəyan edən proseslər, daha dəqiq desək, Rusiyanın bu ölkəyə hücum ehtimalının artması dünya gündəminin əsas mövzusuna çevrilib. Hər ötən gün Ukraynaya hərbi müdaxilənin yolverilməz olduğunu bildirən ABŞ və Avropa İttifaqı ilə Rusiya arasında gərginliyin artması müşahidə edilir. Rusiya NATO-nun onun sərhədlərinə doğru genişlənməsinə yol verməyəcəyini bildirir. ABŞ və Avropa İttifaqı isə Rusiyanın addımlarını “qoca qitə”nin təhlükəsizliyi üçün “qırmızı xətt” kimi dəyərləndirir.

Konsensus yoxdur və ya sanksiyalar hansı sahələri əhatə edir?

Geosiyasi müstəvidə yaranan qarşıdurmaların aradan qaldırılması və yaxud yumşaldılması istiqamətində çoxsaylı cəhdlər göstərilib və müxtəlif səviyyələrdə danışıqlar aparılıb. Bununla belə, ortada konsensus yoxdur. Rusiyanın davranışlarından narazılıq ifadə edən ABŞ və onun Qərb müttəfiqləri siyasi dialoqun davam etdirilməsi ilə paralel olaraq iqtisadi-maliyyə  təzyiqlərinə - sanksiyalara da əl atıb. Müttəfiqlərin Rusiyaya münasibətdə tətbiq etdikləri iqtisadi sanksiyaların tarixi isə səkkiz il bundan əvvələ - 2014-cü ilə gedib çıxır. Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları 2014-cü ildə Krımda və Ukraynanın şərqində yaranmış vəziyyətlə bağlı tətbiq etmişdi. O vaxtdan keçən müddətdə sanksiyalar dəfələrlə genişləndilib və müddəti uzadılıb.

Avropa İttifaqı ötən ilin deka­brında keçirilən Brüssel sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması barədə yekdil qərar qəbul edib. Bəhs olunan iqtisadi sanksiyalar Rusiyanın maliyyə, enerji və müdafiə sənayesi sahələrini, həmçinin ikili məqsədlər üçün istifadə oluna biləcək texnologiyaları əhatə edir. Qadağalara əsasən, Avropa İttifaqına üzv ölkələr Rusiyaya silah satmır. Sanksiyalar Rusiyanın neft və qaz sənayesində istifadə olunan bəzi həssas texnologiyaların Aİ-yə üzv ölkələrdən alınmasını məhdudlaşdırır. Bundan əlavə, Rusiya dövlət bankları Avropadakı maliyyə sektorundan kənarda qalıb.

Rusiya şəraitə adaptasiya olunub

Rusiyanın siyasi elitası və iqtisadi-maliyyə institutlarının rəsmiləri bu ölkəyə qarşı yönələn sanksiyaların daha çox siyasi xarakter daşıdığını və beynəlxalq hüquqa əsaslanmadığını bildirirlər. Vurğulanır ki, Qərb iqtisadi təzyiqlərlə Rusiyanı milli maraqlarından geri çəkilməyə vadar etməyə çalışır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda KİV-ə açıqlamasında Aİ ölkələrindən Rusiyaya ərzaq məhsullarının idxalına qadağa qoyulması barədə danışıb: “Biz indi də düşünürük ki, bu, beynəlxalq hüquq baxımından qanunsuzdur. Ən əsası, heç yerdə sanksiyalar onların müəlliflərinin öz məqsədlərinə çatması ilə nəticələnməyib”.

“Rusiya mövcud şəraitə mükəmməl şəkildə uyğunlaşıb: “Rusiya bundan səmərələr (yerli istehsalın inkişafı, idxalın əvəzlənməsi və s.) əldə edib”, - deyə D.Peskov vurğulayıb.

Sanksiyalar sərtləşdiriləcəkmi?

ABŞ Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinin tərəfdarıdır. Bu ölkənin müxtəlif ranqlı rəsmiləri bildirirlər ki, Ukraynaya hərbi müdaxilə baş tutsa, Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək və onların əhatə dairəsi genişləndiriləcək. Bu arada, ABŞ-da yeni sanksiyaların tətbiqi də gündəmə gəlib.  Belə ki, Rusiya rəhbərliyinə qarşı sanksiyalarla bağlı daha bir layihə təklif edilib. Respublikaçı senator Mark Rubio Rusiya qoşunlarının Ukraynaya hücumu halında Rusiya Prezidentinə qarşı şəxsi sanksiyalar, iqtisadi tədbirlər haqqında yeni qanun layihəsi təqdim edib. Moskvanın bəhs olunan qanun layihəsi ilə bağlı cavabı da kifayət qədər sərt olub. Dmitri Peskov deyib ki, bir dövlət başçısına sanksiya tətbiq etmək iki ölkə arasında əlaqələri bitirməyə bərabər olar.

“Qoca qitə”nin tərəddüdləri

Ötən ilin dekabrında keçirilən Brüssel sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə bağlı səslənən bəyanatlar heç də Avropa dövlətlərinin vahid mövqeyi deyil. Avropanın ayrı-ayrı ölkələri bu məsələyə birmənalı yanaşma sərgiləmirlər. Bəzi ölkələrin tərəddüdləri və ehtiyatlı davranışı diqqət çəkir. Məsələn, “qoca qitə”nin önəmli dövlətlərindən olan Fransadan və Almaniyadan Rusiyaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə bağlı daha loyal açıqlamalar gəlir. Bəli, sözügedən ölkələr Aİ üzrə müttəfiqlərini dəstəklədiklərini bildirirlər, ancaq bu dəstək mesajı çox ehtiyatla səsləndirilir. Açıq-aydın görünür ki, Fransa prezidenti və Almaniya kansleri birmənalı şəkildə sərt ifadələr işlətməkdən və ritorikalar nümayiş etdirməkdən çəkinirlər.

Əslində, indiki məqamda Avropa dövlətlərinin Rusiyaya həm də loyallıq nümayiş etdirmələri səbəbsiz deyil. Ortada enerji təhlükəsizliyi, daha dəqiq desək, sərt qış və “mavi yanacaq” təminatı kimi ciddi məsələ var. Avropa qaz təchizatının təxminən 40 faizini Rusiyadan idxal hesabına qarşılayır. Hazırda Avropa üçün Rusiya qazını əvəzləyəcək mənbələr yoxdur.  Yeni təchizat mənbələri tapmaq və infrastruktur qurmaq uzun və bahalı bir prosesdir. Avropa ölkələri isə Rusiyadan “mavi yanacaq” idxalının azalmasının nə demək olduğunu yaxşı bilirlər. Avropa  bir neçə il bundan əvvəl üzləşdiyi imtahandan “iki” qiyməti ilə çıxmışdı. İndi həmin ölkələrin hökumətləri yenidən oxşar böhranla qarşılaşmağı arzulamırlar. Belə bir mühüm faktı da əlavə edək ki,  Avropanın ayrı-ayrı ölkələri  pandemiyaya və digər səbəblərə görə cari qış mövsümü üçün lazımi həcmlərdə qaz tədarük etməyiblər. Anbarlar yarıya qədər boşdur.  Ekspertlər belə bir şəraitdə Avropanın Rusiyaya daha çox ehtiyacının olduğunu bildirirlər.

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31