Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan övladları İkinci Dünya Müharibəsi salnaməsinə qəhrəmanlıq səhifələri yazdılar

Azərbaycan övladları İkinci Dünya Müharibəsi salnaməsinə qəhrəmanlıq səhifələri yazdılar

09.05.2022 [11:46]

Taleh AĞAVERDİEV

Mayın 9-da İkinci Dünya Müharibəsinin başa çatmasından 77 il ötür. Bu müharibə dünya tarixinin gedişatını və milyonlarla insanın taleyini dəyişdi. Müharibə illəri Sovet İttifaqı tarixində ən çətin və eyni zamanda qəhrəmanlıq dövrü idi. Azərbaycan xalqı da bütün xalqlarla bir sırada qələbəyə doğru bütün sınaqlardan keçdi.

Azərbaycan faşizm üzərində qələbəyə mühüm töhfə verib. Buraya faşizm üzərində qələbənin əsas amillərindən birinə çevrilmiş Bakı nefti (müharibə illərində SSRİ-nin istehlak etdiyi neftin 70%-dən çoxu, benzinin 80%-i, motor yağlarının 90%-i Azərbaycanın payına düşürdü), arxa cəbhədə əmək şücaəti ( Bakıda 130-dan çox növ silah və döyüş sursatı, o cümlədən əfsanəvi "Katyuşa" üçün mərmilər istehsal olunurdu), və döyüş meydanlarında göstərilən qəhramanlıq aiddir.

Ümumi əhalisi 3,4 milyon nəfər olan (1941-ci il tarixinə) Azərbaycan SSR-dən cəbhəyə 600 mindən çox insan (müxtəlif mənbələrə görə 640 mindən 681 minə qədər) çağırılıb, onlardan 11 mindən çoxu qadınlar olub. 40 mini könüllü olaraq cəbhəyə gedib. İkinci Dünya Müharibəsi zamanı həlak olan azərbaycanlıların sayı təəssüf ki, hələ də dəqiqləşdirilməsə də, 300 mini ötüb. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı yüzlərlə başqa yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin işğaldan azad edilməsində də fəal iştirak ediblər.

Müharibə illərində göstərdiyi şücaətə görə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43-ü etnik azərbaycanlı) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər (onlardan 15-i etnik azərbaycanlı) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlılar həmçinin Fransa, İtaliya və digər ölkələrin orden və medalları ilə təltif ediliblər.

Azərbaycanın mərd övladları öz qəhrəmanlıqları ilə adlarını tarixə əbədi yazdırdılar. İsrafil Məmmədov Azərbaycandan olan ilk Sovet İttifaqı Qəhrəmanı oldu. 3 dekabr 1941-ci ildə Novqoroda gedən yolda İlmen gölü yaxınlığında Məmmədovun başçılıq etdiyi iyirmi nəfərlik dəstə qeyri-bərabər döyüş aparırdı. Əsgərlər 10 saat ərzində faşistlərin bütöv bir batalyonunun hücumlarını dəf etdilər və əlavə qüvvələr gələnə qədər tutduqları mövqeləri saxladılar. Bu döyüşdə 300-ə yaxın nasist məhv edildi. Şəxsən baş serjant Məmmədov düşmənin 70 əsgərini və 3 zabitini məhv edib. Göstərdiyi şücaət və qəhrəmanlığa görə İsrafil Məmmədov 11 dekabr 1941-ci il tarixli fərmanla Lenin ordeni və Qızıl Ulduz medalı ilə təltiflə yanaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanda general-mayor Həzi Aslanovu tanımayan və fəxr etməyən adam yoxdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Azərbaycanın əsl Milli Qəhrəmanına çevrildi. 1942-ci ilin dekabrında Aslanovun 55-ci tank alayı F.Paulüsun 6-cı ordusunun mühasirəsini yarıb keçməyə çalışan feldmarşal Manşteynin ordusunun aparıcı bölmələrinə qarşı çıxdı. Ən çətin və ən təhlükəli yerlərdə Aslanovun komandir tankı peyda olurdu. Stalinqrad döyüşlərinə görə Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1943-cü ilin yanvarında Həzi Aslanova polkovnik rütbəsi verilir və 35-ci qvardiya tank briqadasının komandiri təyin edilir. Aslanovun tankçıları Belqorod, Sumı, Axtırka, Poltava, Lebedin, Mirqorod şəhərlərinin azad edilməsində iştirak ediblər. Həzi Aslanovun tankçılarının Kiyevin cənubunda düşmənin arxa xəttində apardığı yürüş əfsanəyə çevrilib. Kursk döyüşlərdə isə onlar hərbi şöhrətlərini daha da artırdılar.

1944-cü ilin martında Həzi Aslanova tank qoşunlarının general-mayoru rütbəsi verilir. Qırmızı Ordunun yay hücum əməliyyatlarında Aslanovun tank briqadası yenidən özünü sönməz şöhrətə bürüdü. Aslanovun Belarusda döyüşdüyü bir ay ərzində onun briqadası 40-dan çox tankı, 200-ə yaxın texnikasını, onlarla təyyarəni məhv edib. Almanlar 2,5 mindən çox əsgər və zabi itirdilər. Həzi və onun tankçıları düşməni Borisov, Minsk, Vilnüs və digər şəhərlərdən qovdular. Aslanovun şücaəti 3-cü Belorusiya Cəbhəsinin komandiri Çernyaxovskini heyran etdi. Və o, Sovet İttifaqı Qəhrəmanı adının yenidən generala verilməsi üçün bütün lazımi sənədləri hazırladı. Lakin bu təqdimata yalnız 21 iyun 1991-ci ildə baxıldı və tank qoşunlarının general-mayoru Həzi Aslanov ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təəssüf ki, Həzi Aslanov Böyük Qələbəni görmədi və 1945-ci ilin yanvarında Latviyanın Priekule şəhəri yaxınlığında vəfat etdi. Onun son sözləri belə oldu: "Mənim mübarizəm bitdi…Tanklar isə irəli getməlidirlər... və yalnız irəli – tam qələbəyə qədər!"

İkinci Dünya Müharibəsində qəhrəmanlıqları ilə seçilən azərbaycanlılar haqqında bütöv bir kitab yazmaq olar, özü də bir dənə deyil. Bu, həm 1941-ci ilin iyun ayından onlarla alman əsgər və zabitini məhv edən Gəray Əsədovdur. 1944-cü il oktyabrın 12-də Şimali Transilvaniyada Marqita stansiyası uğrunda gedən döyüşlər zamanı qvardiya çavuşu Gəray Əsədov irəliləməyə mane olan düşmənin pulemyot yuvasına qumbaraatanlar atdı. Lakin hücum etmək istəyərkən pulemyot yenidən atəş açıb. Qumbaraları qalmayan Əsədov “İrəli, Vətən uğrunda!” qışqıraraq bədəni ilə atəş nöqtəsini bağladı.

Bu, Qara Dəniz Donanmasının 323-cü əlahiddə dəniz batalyonunun 3-cü bölüyün matrosu Qafur Məmmədovdur ki, komandirini düşmən gülləsindən sinəsi ilə örtərək xilas edib. Bu, Leninqradın müdafiəsi zamanı son döyüşündə düşmənin üç qırıcını vuran və çoxsaylı qəlpə yaralarına baxmayaraq, təyyarəsini aerodromda endirməyə nail olan qırıcı-pilot, leytenant Hüseynbala Əliyevdir.

İlk azərbaycanlı hərbi qadın-pilot Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, Azərbaycanın dəniz gəmisinin ilk qadın kapitanı Şövkət Səlimova (kapıtanı olduğu gəmi Stalinqrada hərbi texnika, yanacaq, sursat çatdırıb, yaralıları Bakıya və Krasnovodska aparıb), 416-cı piyada diviziyasının tərkibində Mozdokdan Berlinə qədər bütün döyüş yolunu keçmiş, Berlinə hücumda iştirak etmiş və Berlindəki Sovet səfirliyi üzərində şəxsən Qırmızı Bayraq qaldırmış polkovnik Rəşid Məcidov, dəfələrlə döyüşlərdə fərqlənmiş, xüsusən Qafqaz uğrunda gedən döyüşlərdə və Polşada Pilitsa çayı üzərindəki körpünün alınması zamanı Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyatov və bir çox başqa soydaşlarımız adlarını tarixə yazıblar.

Berlinin rəmzi - Brandenburq darvazası üzərində qələbənin qırmızı bayrağını ucaldan leytenant Ələkbər Məcidovun rəhbərliyi altında məhz Azərbaycan 416-cı diviziyasının əsgərləri - Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev olub. Təsadüfi deyil ki, Brandenburq darvazasında keçirilən mitinqdə general Vladimir Zyuvanov (doğulanda: Heybət Heybətov, milliyyətcə azərbaycanlıdır) demişdir: “Berlin uğrunda tarixi döyüşdə son güllə burada, Brandenburq qapısında açılmışdır, və bu gülləni Azərbaycan xalqının oğulları atdı. Nasist Almaniyasının paytaxtına hücumun qəhrəmanlarının xatirəsi əsrlər boyu yaşayacaq...”.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Yuqoslaviyada alman işğalçılarına qarşı cəsarətli təxribatları ilə şöhrət qazanmış “Mixaylo” ləqəbli əfsanəvi partizan və kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında eşitməyən az adam tapır. Ağır yaradan sonra əsirliyə düşən və oradan qaçaraq Fransa müqavimətinə qoşulan, orada Armad Mişel adı ilə daha çox tanınan Azərbaycanın Şəki şəhərindən olan sadə oğlan - Əhmədiyyə Cəbrayılovun həyatı da şücaətlərlə dolu idi.  Göstərdiyi şücaətlərə görə Azərbaycan gənci Şarl de Qollun əlindən aldığı Fransanın ən yüksək mükafatlarına layiq görülüb. Hərbi xidmətlərinə görə Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına layiq görülüb. Fəxri Legionun Ali Ordeni ona Fransada keçirilən bütün hərbi paradlarda generalların qabağında getmək hüququ verdi.

Azərbaycan cəbhəçiləri İkinci Dünya Müharibəsi salnaməsinə qəhrəmanlıq səhifələri yazdılar. Onların göstərdiyi qəhrəmanlıq indi bütün Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycan faşizm üzərində Böyük Qələbəyə verdiyi töhfə ilə haqlı olaraq fəxr edir.

Paylaş:
Baxılıb: 1125 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

YAP xəbərləri

Atılan real addımlar

14 Fevral 17:28

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28