Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Brüssel prosesi” irəliləyir

“Brüssel prosesi” irəliləyir

27.05.2022 [10:43]

Paşinyan isə xalqına vədlər verir

Ermənistanın baş naziri uğursuzluğuna bəraət qazandırmağa çalışır və Brüssel razılaşmalarının mahiyyətini təhrif edir

Taleh AĞAVERDİYEV

Mayın 22-də Azərbaycanın Brüsseldə növbəti diplomatik qələbəsi, gözlənildiyi kimi, İrəvanda siyasi aksiyaları yenidən gücləndirdi. Erməni cəmiyyəti üçün ən ağrılısı əvvəlki iki görüşdə olduğu kimi Aİ Şurasının sədri Şarl Mişelin budəfəki yekun bəyanatında da Qarabağın “statusu” ilə bağlı bir kəlmə belə danışmaması olub - “Dağlıq Qarabağ”dan və ya “artsax”dan bəhs edilmədi. Yalnız “Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsinə” baxılmasının vacibliyi göstərilib. Amma rəsmi Bakı həmişə ölkəmizin bütün vətəndaşlarının malik olduğu hüquqları onlara verməyə hazır olduğundan danışıb. Yəni, burada Bakı ilə Brüsselin mövqelərinin bir olduğunu qeyd etmək olar. Faktiki olaraq açıq şəkildə nümayiş etdirildi ki, Qərb Ermənistanın baş naziri Nikol Paşinyandan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını tələb edir.

Təbii ki, revanşist müxalifət danışıqların nəticəsini düşmənçiliklə qarşıladı və bir aydan artıqdır davam edən küçə etirazlarının “daha həlledici yeni həftə”yə keçdiyini bildirdi. Danışıqlar nəticəsində üzərinə götürülmüş öhdəliklərdən yayınmağın, razılaşmaların icrasını yubatmağın getdikcə çətinləşdiyi, Azərbaycanın və vasitəçilərin səbrini sınamağın getdikcə daha təhlükəli olduğunu anlayan Paşinyanın konkret addımlar həyata keçirməkdən savayı çıxış yolu yox idi. Lakin danışıqlar prosesini pozmağa, revanşist ideyaları təbliğ etməyə və baş naziri devirmək üçün erməni cəmiyyətini sonuncuya qarşı yönəltməyə çalışan müxalifətin təzyiqi altında olan Nikol və onun silahdaşları Brüsseldəki qaçılmaz fiaskoya birtəhər bəraət qazandırmaq üçün mahiyyətcə gülünc olan arqumentlər fikirləşməyə məcbur olurlar.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatların bəraət qazandırmaq üçün acınacaqlı cəhdləri Ermənistan cəmiyyətində ancaq gülüşə səbəb olub. Şarl Mişelin Qarabağ əhalisi ilə bağlı fikirlərini təhrif edib cəmiyyətə sırımaq istəsələr də, bu, əks-effekt verdi.

Silahdaşlarının uğursuzluğunu görən Paşinyan nəhayət özü bəraət nitqi ilə çıxış etmək və Brüsseldəki görüşün nəticələrinin sərbəst şərhi ilə bağlı “master-klass” göstərmək qərarına gəlib. Mayın 25-də parlamentdə hökumət saatında baş nazir bildirib ki, Ermənistan və Azərbaycan Brüsseldəki danışıqların yekunu üzrə birgə bəyanatın mətni ilə bağlı razılığa gələ bilməyiblər və guya buna görə Aİ Şurasının sədri onun fikrincə hər iki tərəfin mövqelərini əks etdirən mümkün qədər çox elementi ehtiva edən bəyanat vermə qərara gəlib. Əslində isə, Paşinyanın sözlərinə görə, “Ermənistan hakimiyyəti ardıcıl olaraq həm Qarabağ ermənilərinin hüquqlarını, həm də onun statusunun müəyyən edilməsi məsələsini müdafiə edəcək”.

Müxalifətin ona qarşı tənqidlərinə münasibət bildirən Nikol Paşinyan ənənəvi olaraq hər şeydə keçmiş hakimiyyəti günahlandırıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Madrid prinsiplərini qəbul edərək, “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Baş nazir, həmçinin xatırladıb ki, müharibə hələ 2016-cı ildə - Serj Sarkisyan şəxsən parlament tribunasından müharibənin qarşısını almaq mümkün olmadığını bəyan etdiyi vaxt başlamışdı. Ermənistanın hazırkı rəhbərliyinin nəyin bahasına olursa-olsun sülhü təmin etmək niyyətində olması ilə bağlı ittihamlara münasibət bildirən Paşinyan bütün dövrlərin və xalqların qızıl aforizmlər toplusuna daxil olmağa layiq “dahiyanə” ifadə ilə çıxış edib: “Nəyin bahasına olursa olsun əldə edilən sülh artıq sülh deyil. Sülh nəyin bahasına olursa-olsun deyil, sülh bahasına əldə olunur”.

Bununla da bütün natiqlik qabiliyyətini tükəndirən Paşinyan diqqəti baş nazirin diplomatiyasının “qüruru” olan başqa mövzuya yönəltmək qərarına gəlib. Nikol əsir götürülmüş 39 erməninin bu günə kimi Azərbaycanda saxlandığını bildirərək (baxmayaraq ki, bunların diversant olduğunu xatırlatmağı “unudub”),  Ermənistanın mövqeyinin dəyişmədiyini qeyd edib: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, bütün hərbi əsirlər, girovlar və saxlanılan şəxslər geri qaytarılmalıdır.” Paşinyan vaxtilə eyni şəkildə onların mövqeyinın “Qarabağ Ermənistandır” olduğunu demişdi. Bunun nə ilə nəticələndiyini hamımız yaxşı xatırlayırıq. Sözügedən üçtərəfli bəyanata gəlincə, bu sənədin 4 və 9-cu bəndlərini hələ də yerinə yetirməyən isə məhz İrəvandır.

Maraqlıdır ki, baş nazir çıxışı zamanı erməni müxalifətinin etirazının öz-özünə sönəcəyinə əminliyini ifadə edib. Bu əminlik, “özünəinam” hissini ətrafdakılara nümayişdirmi, yoxsa Qərb himayədarlarından alınan təminatlardırmı? Onu zaman göstərəcək.

Paşinyanın daxili auditoriyanı əldə tutmaq üçün hansı vədlər verməsinə baxmayaraq “Brüssel prosesi” irəliləyir. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar yaradılıb, komissiya rəhbərlərinin ilk görüşü keçirilib. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Brüssel görüşündən sonra Ermənistanın baş nazirinə zəng vurması ABŞ-ın da bu prosesə cəlb olunduğunu göstərir. Rusiya ilə Qərb arasında mövcud ziddiyyətlərə, regionda sülhün bərqərar olması təşəbbüsü uğrunda mübarizəyə baxmayaraq, hər iki vasitəçi də tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Mayın 25-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinə məşvərətçi yardım göstərməyə və bütün lazımi kartoqrafiya materiallarını təqdim etməyə hazırdır.

Ermənistan rəhbərliyi də, müxalifət də anlamalıdır: regionda yeni reallıq yaranıb, indi qaydaları Azərbaycan diktə edir. Ölkəmiz isə bu və ya digər şəkildə öz məqsədinə çatacaq, ədalətli mövqeyini reallaşdıracaq.

Paylaş:
Baxılıb: 214 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31