Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın enerji təhlükəsizliyi Bakıda müzakirə olunur

Avropanın enerji təhlükəsizliyi Bakıda müzakirə olunur

02.06.2022 [09:58]

Dünyanın diqqəti 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində

İlham Əliyev: Hazırda vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır

Nurlan QƏLƏNDƏRLİ

Dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edir. Belə ki, iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Pandemiya səbəbindən iki illik fasilədən sonra baş tutan tədbirdə enerji təhlükəsizliyi ilə əlaqədar aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılır.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev çox mühüm məqamlara toxunub, vacib mesajlar verib. Dövlət başçısı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən, Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfələrindən bəhs edib, qazanılan uğurlara və qarşıda duran hədəflərə nəzər salıb. O qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. İlham Əliyev müstəqilliyimizin ilk illərində vəziyyətin belə olmadığını söyləyib: “Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”.

Enerji resurslarının diversifikasiya olunmasından, ixrac siyasətindən, etibarlı tərəfdaşlıq münasibətlərindən söz açan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib.

İnkaredilməz həqiqətdir ki, bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi - nümunəsi fonunda yeraltı sərvətlər, xüsusilə də enerji resursları bədbəxtlik gətirən bəxşiş - “Troya atı” kimi səciyyələndirilir. Bu, daha çox neft və qaz ehtiyatlarından milli məqsədlərə - strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Bu xüsusda biz tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini - Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib. Təbii sərvətlərdən - enerji resursları və karbohidrogen ehtiyatlarından milli maraqlara uyğun istifadə edilərək inkişaf və yüksəlişi təmin etməyin Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. Vurğulamaq gərəkdir ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması, sözün əsl mənasında, tarixi hadisə idi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir.

Ümumiyyətlə, Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz milli maraqlara müvafiq həyata keçirilən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Əsas məqamlardan biri də budur ki, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində mühüm amil kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir.

Bütövlükdə, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini təmin edib. Bu isə tərəfdaş dövlətlər tərəfindən də müsbət qiymətləndirilir. Yeri gəlmişkən, ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə məktubunda da bu məqamlar yer alıb. C.Bayden qeyd edib ki, “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir”. ABŞ Prezidenti vurğulayıb ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir: “Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da rolu artır. Cozef Bayden bir müddət öncə dövlətimizin başçısına göndərdiyi məktubda bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir etmişdi. Şübhəsiz ki, bu ifadə Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir.  Əlbəttə, bəzilərinin III Dünya, bir sıra ekspertlərin isə I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna savaşı şəraitində və sonrakı mərhələdə “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.

Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə, bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır”, - deyə vurğulayıb. Dövlət başçısı indi vəziyyətin tamamilə fərqli olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, hazırda - iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcm­də hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi - Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var. Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar”.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero isə qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol bizim Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır: “Bu, enerji qiymətlərinin sabitliyi, həmçinin təchizat təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və biz bunu yüksək qiymətləndiririk. Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub ki, bunun da tarixi Zati-aliləri, Prezident Əliyev və ovaxtkı Prezident Barrozu tərəfindən 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq təklif edən Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış ikitərəfli anlaşma memorandumuna təsadüf edir”.

Heç şübhəsiz, Bakı Enerji Həftəsi bəhs olunan məsələlərin müzakirəsi üçün önəmli platformadır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi,  Bakı Enerji Həftəsi gözəl fürsət olacaq, çünki həmin mühüm məsələlərin müzakirəsi üçün qonaqlarımız arasında bir çox ölkələrdən yüksək səviyyəli rəsmilər var: “Eyni zamanda, əlbəttə, biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Çünki hamımız bilirik ki, qaz biznesində siz birincisi qazı satırsınız, müqaviləni imzalayırsınız, sonra isə, sərmayə yatıraraq hasilata başlayırsınız. Lakin, bütün söylədiklərimin məqsədi ümumi vəziyyəti öz nöqteyi-nəzərimizdən təqdim etməkdən ibarət idi. Bununla belə, eyni zamanda, biz prosesin sürətləndirilməsi üçün əlimizdən gələni edəcəyik və bu, artıq başlayıb”.

Tədbirdə diqqət mərkəzində olan aktual məsələlərdən biri enerji diplomatiyasından sosial-iqtisadi inkişafı təmin etmək üçün mühüm vasitə kimi istifadə edilməsi oldu. İnkaredilməz həqiqətdir ki, enerji strategiyasının uğurla icra olunması və neft gəlirlərindən səmərəli istifadə edilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyat şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb. Statistik göstəricilər də bu reallığı təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi: “Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Biz bunun nəticəsini görürük və diqqətinizə cari ilin bəzi göstəricilərini təqdim etmək istəyirəm. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.

Nəticə etibarilə, enerji diplomatiyası həm Azərbaycanın ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişaf etdirilməsinə, milli mənafeyin - strateji maraqların, həm də yeni çağırışlar və reallıqlar fonunda iqtisadi yüksəlişin təmin olunmasına xidmət edir. Reallıqlar bəlli, nəticələr ortadadır. Hədəflər isə dəqiq müəyyənləşdirilib. Bütün bunlar Azərbaycana yeni nailiyyətlər əldə etmək üçün vacib imkanlar - əlverişli şərait və zəmin yaradır. Şübhəsiz ki, inam və etimad ünvanı, perspektivli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıq bundan sonra da diqqət mərkəzində olacaq Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk: “Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik”.

Paylaş:
Baxılıb: 163 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31