Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dəryada Damla ola bilməyən Gültəkin

Dəryada Damla ola bilməyən Gültəkin

22.06.2022 [09:54]

Nurlan QƏLƏNDƏRLİ

Hər şey Damlanın konsertindən başladı. Fanatların sevgisinə - müğənnini həyəcanla və hərarətlə qarşılamasına sosial şəbəkələrdə müxtəlif reaksiyalar verildi. Təbii qarşılayanlar da oldu, tənqid və irad bildirənlər də. Normaldır. Çünki cəmiyyətdə fikir və zövq müxtəlifliyi var. Anormal olan isə...

“Siyasətçi” qiyafəsinə bürünən bəzilərinin məsələyə siyasi məzmun verməyə çalışmasıdır. Özünü cəmiyyətə müxalif düşərgənin “siyasi afrodita”sı və ya “siyasi primadonna”sı kimi təqdim edən Gültəkin Hacıbəyli kimi.

Uzun illərdir ki, real və virtual meydanlarda canfəşanlıq edən - əqidəsini, “düşüncə”sini və düşərgəsini dəyişən, son dayanacağı “milli şura”da koordinator vəzifəsi olan, bir sözlə, siyasət dəryasında Damla olmağı bacarmayan madam Hacıbəyli Damlanın konsertini özünəxas formada “təhlil etdi”  (əslində, səviyyəsini - dünyagörüşünü nümayiş etdirdi).  Xalqı (onun xarakterini) hədəfə aldı. Biraz daha irəliyə gedərək hakimiyyəti ittiham, dövləti isə tənqid etdi. Anadoludan olan qardaşlarımız deməli, nə imiş, əfəndim, Damla konsert veribmiş, insanlar ona maraq göstəriblərmiş və s.

Sosial şəbəkə istifadəçilərindən biri sadəcə olaraq sual verib: “Gültəkin Hacıbəylini qıcıqlandıran nədir: Damlanın fanatlarının müxalif düşərgənin tərəfdarlarından çox olması? Yoxsa müğənnin konsertinə gələnlərin müxaliflərin “Məhsul” stadionunda keçirdikləri mitinqə qoşulanların sayından dəfələrlə artıq olması?”. Başqa bir nəfər yazır ki, “Gültəkin xanım niyə narahat olur, Damlanın konsertinə istəyən adam gedir, istəməyən izləmir. Damla kimə nə edir, sənəti ilə məşğuldur... Gültəkin xanım bəyənmirsə, izləməsin. Müğənnini niyə hədəf seçir, camaatı niyə aşağılayır”.

Maraqlı məqamlardır. Haqlı suallardır - Hacıbəyli xanıməfəndi durub-durarkən niyə narahatlıq keçirir, hansı səbəbdən xalqın adından danışmağa və üstəlik, xalqı aşağılamağa çalışır?

Görünür, müxtəlif səbəblər var. Amma eyni zamanda, müqayisəli yanaşma Damla ilə Gültəkin arasındakı fərqi göstərir. Konkret olaraq:

- Gültəkin Hacıbəyli, bəlkə, Damlanı qeyri-ciddi sima görür? Amma müqayisə aparanda müğənnin ondan daha ciddi simaya və normal düşüncəyə malik olduğu görünür. Məsələn, Damla müğənni təyinatına uyğun olaraq, sadəcə, öz işi ilə məşğuldur. Gültəkin Hacıbəyli kimi “siyasi müzakirə”lərdə inək ilə buğa arasında fərqi müəyyən etməyə çalışmır. G.Hacıbəylinin  “milli şura”nın “videoiclas”ında  qəfildən, özü də yersiz və mənasız şəkildə “buğa əhvalatı”ndan bəhs etməyə, inək ilə buğa arasında müqayisə aparmağa başlaması yadımızdan çıxmayıb. İndi də “youtube”da həmin görüntülərə baxanda Hacıbəylinin “analitik lətifə”sinin insanlar tərəfindən istehza ilə qarşılanması, lağ obyektinə çevrilməsi görünür. Qeyd olunur ki, belə bir “lətifə” danışmaq, bu cür müqayisə aparmaq  zərurətinin nədən qaynaqlandığı aydın olmasa da, hər halda, “siyasi məsələlərin müzakirəsi”nə həsr olunmuş “iclas”ın gündəliyinin inək və buğa arasındakı fərqin müəyyənləşdirilməsi üzərində köklənməsi normal deyil. İctimai rəyin “milli şura”nın “buğa problemi”nin müzakirəsinə ehtiyacı yoxdur. Çünki hər halda, “buğa problemi” onların öz daxili “siyasi gündəliyi”ni təşkil edən məsələlərdəndir;

-  “milli şura”nın xanım koordinatorunu qıcıqlandıracaq daha bir səbəb ola bilər. Bu, Damla ilə Gültəkin arasında fərqi göstərən faktdır. İkisi də insanların arasına daxil olur, lakin forma eyni, mahiyyət fərqlidir. Belə ki, Damla konsert zamanı ona heyranlığını ifadə edən insanlarla təmasda olmaq üçün bunu edir. Gültəkin Hacıbəyli isə ona aidiyyəti olmayan hansısa bir toplanış zamanı camaatın arasına daxil olaraq özünü “xalqdan biri”, yaxud “rəğbət bəslənilən siyasətçi” kimi göstərmək istəyir. Heç uzağa getməyək: 2022-ci ilin fevralın 27-də Bakıda Ukraynaya dəstək aksiyası keçirildi, şüarlar səsləndirildi. Aksiyada cəmiyyətin müxtəlif nümayəndələri iştirak etdilər. “Mitinqlərin yaraşığı”na çevrilmiş siyasi şoumen Tofiq Yaqublu və ondan geri qalmayan Gültəkin Hacıbəyli də “iş başında” idi. Aksiyaya qoşulmuş hər bir insan kimi mədəni formada Ukrayna xalqına səmimi və mənəvi dəstəklərini ifadə etmək əvəzinə, özlərini mitinq-şou meydanında hiss etməyə başladılar, dövlət və hakimiyyət əleyhinə şüar səsləndirmək xəstəliklərini nümayiş etdirdilər. Feysbuk paylaşımlarında “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyi önündə keçirilmiş Ukraynaya dəstək aksiyasında “milli şura”nı təmsil etdik”, - deyə yazdılar. Bu məsələdən də şəxsi ambisiyalar, qondarma “milli şura” üçün dividend qazanmaq məqsədilə istifadə etmək nə sağlam düşüncə məhsulu, nə də etik davranışdır. “Milli şura” adlandırdıqları oyuncaq qurumu heç Azərbaycan cəmiyyətində tanıyan yoxdur, nəinki Ukrayna ictimaiyyətində. Hacıbəylinin özünü “siyasətçi” kimi dəstəkləyən yoxdur, belə olan halda, onun siyasi dəstəyi kimə və nəyə lazımdır?!

- Damlanın milli mənsubiyyəti bəllidir - azərbaycanlı. Bəs Gültəkin Hacıbəyli özünü hansı xalqın nümayəndəsi, hansı dövlətin vətəndaşı kimi görür? Müğənni heç vaxt öz mahnılarında milli mənsubiyyətini danmır, başqa xalqın nümayəndəsi olmaq xiffəti ilə yaşadığını ifadə etmir, insanları öz dövlətinə qarşı kin-nifrət hissi  ilə doldurmağa çalışmır. “Siyasi repertuar”ı antimilli notlarla zəngin olan Gültəkin Hacıbəyli isə... 2022-ci ilin əvvəlində Qazaxıstanda məlum hadisələr baş verərkən feysbuk profilində  “Öncə gürcü, ukraynalı, qırğız, belarus, hətta sudanlı və zimbabveli olmaq istəyirdik. İndi sıra qazax olmaq istəməyə də gəlib çatdı”, - deyə yazmışdı. Görünən odur ki, illərdir inqilab sevdası ilə yaşayan bu şəxs hələ də xaos, dağıntı arzulayır, Qazaxıstan xalqının həmin vaxt acınacaqlı durumunun xalqımızın taleyinə çevrilməsini diləyirdi. Sosial şəbəkələrlə sadə insanlar ona adekvat təklif və ideya vermişdilər: “Könlünüzdən keçirsə, Sudan və Zimbabvedə siyasətlə məşğul ola, o ölkələrdə “demokratiya nəğmələri” söyləyə bilərsiniz”. Bununla yanaşı, “Qazax xalqı öz taleyinə özü sahib çıxır”, - deməklə ictimai rəyi yanıltmağa, insanları qızışdıraraq qanunsuz hərəkətlərə sövq etməyə çalışırdı. Sual olunur: bir qrupun küçələrə çıxaraq qırıb - dağıtması, dövlət idarəsini yandırması xalqın öz taleyinə sahib çıxması idi? Əlbəttə, faktlar bir daha təsdiqlədi ki, Hacıbəylinin çağırışlarının real və virtual dairəsi elə onun öz feysbuk profili sərhədləri çərçivəsindədir;

- Həm müğənni, həm də siyasətçi üçün vacib amillərdən biri səsdir. Damlanın səsini bəyənənlər az deyil. Bəs Gültəkin Hacıbəylinin səsini eşidən, seçkilərdə ona səs verən varmı? Sualın cavabı bəllidir. Müğənnin performasının uğurlu olması həm də janr seçimindən asılıdır. Siyasətçinin isə əqidəsi məlum olmalıdır. Damlanın janrı bəllidir. Bəs Gültəkinin əqidəsi sağlamdırmı? Hələ də “mən heç vaxt mövqeyimi, əqidəmi dəyişməmişəm” deyən Hacıbəyliyə inanan varmı? Axı faktlar onun sözünü inkar edir, səsini batırır... Bir vaxt hakimiyyətin şəninə təriflər yağdıran madam Gültəkinin indi dövlət əleyhinə “alovlu” çıxışları mövqe dəyişikliyi, yaxud əqidəsizlik deyilmi? Hakimiyyət haqqında “siyasi məhbus”ların azadlığı və demokratik islahatlar tələbini rədd edənlər...” yazan xanım Hacıbəyli, illər öncə ölkədə “siyasi məhbus”un olmadığını parlamentdə, hətta Avropanın ən mötəbər qurumlarının tribunalarından söyləyirdi. Milli Məclisdə və AŞPA-da çıxışları zamanı “cinayətkarların “siyasi məhbus” kimi təqdim olunmasını görürük ki, bu da insan hüquqlarının qorunmasına ciddi zərbədir”, deyə bildirməsi nəinki yaddaşlardan, hətta internet resurslarından da silinməyib;

- Sosial şəbəkələrdə rast gəldiyimiz daha bir sual maraqlı məqamların üzərinə işıq salır: “Sizcə, Damla vətənpərvərdir, yoxsa Gültəkin? Damla gedib əsgərlərimizə konsert verir, onların əhvalının yüksəlməsi üçün kiçik də olsa, iş görür. Bəs Gültəkin nə edir, ordumuz əleyhinə kampaniya aparır. Siyasətçi bir müğənni qədər vətənpərvər ola bilmir”. Haqlı və yerində sual, doğru və dəqiq mühakimədir. Damla ordumuz üçün, Gültəkin isə ordumuz əleyhinə “ifa” edir. Başqa sözlə, biri ordumuz üçün konsert verir, digəri isə ordumuz əleyhinə donos verir. Gültəkin Hacıbəyli hələ 44 günlük müharibədən əvvəl - Tovuz döyüşləri ərəfəsində “youtube” kanallarından birində demişdi ki, “Azərbaycan Ordusu yararsız silahlarla təmin olunub”. Müharibə şəraitində olan Azərbaycan Ordusunda təchizatın aşağı səviyyədə olduğunu iddia etməsi, silahların yararsız və orduda fərariliyə meyilliliyin olması haqqında dediyi sözlər cəmiyyətdə birbaşa düşmən tərəfə ötürülmüş informasiya kimi dəyərləndirildi. Gültəkin bu sözləri və davranışları ilə “kaş ki, prezidentimiz Paşinyan olardı” deyən Sevinc Osmanqızından fərqlənmədiyini bir daha nümayiş etdirir. 

 Damla əsgərlərimizin şücaətindən, rəşadətindən bəhs etdiyi halda, Hacıbəyli Vətən müharibəsinin nəticələrindən danışarkən “Azərbaycan elə də ciddi uğur əldə etməyib” deyir. Və yaxud Damla Qələbə ilə bağlı əsgərlərin, sadə vətəndaşların sevincini bölüşdüyü təqdirdə, Gültəkin Hacıbəylinin Şuşanın işğaldan azad edildiyi gün və Zəfər Günündə küçələrə axışan insanları “trol” adlandırması nəyin ifadəsidir? Növbəti nüans: Gültəkin Hacıbəyli ötən il iyunun 4-də iki jurnalistin - Sirac Abışovun və Məhərrəm İbrahimovun Kəlbəcər rayonu istiqamətində minaya düşərək həlak olmaları ilə əlaqədar Azərbaycan dövlətinə qarşı çirkin kampaniya aparmağa çalışdı. Hər kəs erməniləri qınadı, o isə Azərbaycan iqtidarını. Bunu hansısa normal düşüncəli siyasətçi, hətta müğənni, şou-biznes əhli etdimi? 

- Siz heç Damlanın başqa ölkələrdən olan həmkarları ilə Azərbaycan - xalqımız və dövlətimiz əleyhinə duet oxumasını görübsünüzmü? Amma G.Hacıbəyli ölkəsinə qarşı “siyasi nəğmə”lər səsləndirməklə məşğuldur. Onun sosial şəbəkələrdə Qərb ölkələrinin hakimiyyət nümayəndələrinə, onların Bakıdakı səfirliklərinə, ABŞ Dövlət Departamentinə müraciət edərək onlardan ölkəmizə qarşı ciddi tədbirlərin görülməsinə çağırış etməsi reallıqdır. O, respublikamıza qarşı siyasi təzyiqlərin artırılmasına, viza verilməməsinə və sanksiyaların tətbiq edilməsinə dair çağırışlar səsləndirmişdi. Daha bir məqam: bir müddət əvvəl “milli şura” adlı konyuktur dərnək beynəlxalq birliyə müraciət edərək Azərbaycanı hədəf göstərmişdi. Bununla yanaşı, yaxşı xatırlayırıq, illər öncə Gültəkin Hacıbəylinin də sıralarında olduğu “milli şura” adlı qruplaşma Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlamışdı - yenə də qərəz və qəzəb oxları dövlətimizə tuşlanmışdı. Deyilənə görə, həmin məktubu cümlə-cümlə (nöqtə-vergülünə qədər) Gültəkin Hacıbəyli yazmışdı. Bu gün Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Gültəkin və “ansambl yoldaşları” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar. Maraqlıdır, bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah  da “demokrat” deyə müraciət olunur. Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, ictimai-siyasi müğənnilərin rəngidir. Və bir də dəyişməyən var: o da Gültəkin kimilərin xisləti - fitrəti və vərdişləridir;

-  Damla mahnılarında hiss ifadə edir - arzusunu, xəyalını dilə gətirir, sevinc və kədər notları ilə oxuyur. Gültəkin Hacıbəyli isə “siyasi repertuar”ında qəzəb saçır, kin, nifrət və böhtan səsləndirməklə yanaşı, yalan rüzgarı əsdirir. Məsələn, deyir ki, “mən bir dəfə Təhlükəsizlik Şurasının iclasında iştirak edirdim...”. Təhlükəsizlik Şurası dövlətin ali qurumudur və bəlli üzvləri var. Gültəkin Hacıbəyli bu şuranın  toplantılarında iştirak edə bilməz. Nə üçün yalan söyləyir - xüsusi əhəmiyyətli persona kimi görünmək istəyir?! Yoxsa bu, natamamlıq kompleksindən irəli gəlir?

- Damla konserti uğurlu alınanda, albomu bəyəniləndə təbrik qəbul etməkdən zövq aldığını deyir. Bəs Gültəkin nə zaman zövq duyğusunu doya-doya yaşayır? Onun “milli şura”nın “iclas”ında dediyi sözlər bu suala cavabdır. O, “Cəmil müəllim, şəxsən sizdən təbrik qəbul edə bilərəm, neft 14 dollara düşüb” deyir və qəhqəhə çəkir (buğadan danışanda qəşş etdiyi kimi). Yəni xalqın rifahına və mənafeyinə, dövlətin maraqlarına uyğun olmayan hal baş verdikdə həzz alır.

Faktlar və nümunələr kifayət qədərdir. Amma təkcə nəzər yetirilənlər də müğənnini tənqid atəşinə tutan (və xalqı aşağılayan) “siyasətçi”nin (aşağı) səviyyəsini göstərir. Nəinki siyasətçi ola, hətta “siyasi şou-biznes” səhnəsində belə uğurlu performans göstərə bilməyən  Gültəkinin indi özünü ciddi persona kimi təqdim etməyə mənəvi haqqı varmı? Təbii ki, o, bu suala obyektiv cavab verə bilməz. Biz də cavablandırmırıq. Sadəcə olaraq, söz sırası ictimaiyyətdə - sadə insanlarda, sosial şəbəkə istifadəçilərində, siyasətçilərdə, hətta müğənnilərdə, o cümlədən elə Damlanın fanatlarındadır. 


Paylaş:
Baxılıb: 135 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30