Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ayıran yox, birləşdirən Xəzər...

Ayıran yox, birləşdirən Xəzər...

29.06.2022 [09:58]

MÜBARİZ

Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclas iştirakçıları ayın 29-da baş tutacaq VI Xəzər Sammitinə hazırlıq məsələlərini müzakirə edirlər. Xatırladaq ki, bundan əvvəl V Xəzər Sammiti 2018-ci ilin avqustunda Qazaxıstanda keçirilib. Sonradan yeni növ koronavirus pandemiyası səbəbindən Xəzəryanı ölkələrin liderlərini bir araya gətirən növbəti sammitin keçirilmə vaxtı ertələndi. Pandemiyanın pik mərhələsinin arxada qalması və ölkələrin açılmalara getmələri ilə növbəti Xəzər Sammitinin təşkil olunmasına da imkan yaranıb.

Bölgənin geosiyasi və geoiqtisadi önəmi

Xəzəryanı ölkələrin yüksək səviyyəli rəsmilərinin və liderlərinin müntəzəm görüşmələrini şərtləndirən çoxsaylı amillər sırasında bölgənin önəmini xüsusi qeyd edə bilərik. Zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Ekspertlərin dəyərləndirməsinə görə, Xəzərin şelfində 50 milyard barel neft və 9 trilyon kubmetr qaz ehtiyatlarına malik yataqlar var, onların istismarı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bəzi proqnozlarda isə daha böyük ehtiyatlara malik yataqların kəşf olunacağı da istisna edilmir.

İndiki geosiyasi gərginliklər fonunda hövzə dövlətləri arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, etimad mühitinin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması xüsusilə vacibdir. Müzakirəyə çıxarılacaq məsələlərin siyahısı da kifayət qədər uzundur. İndiyədək Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün sanballı töhfələrini verib. Həmçinin sürətlə dəyişən zamanın axarında yeni layihələr də gündəmə gəlib. Xəzərin enerji resurslarının işlənməsi, ehtiyatlardan səmərəli istifadə olunması, ekologiyanın qorunması, mövcud kommunikasiyaların funksionallığının artırılması ilə yanaşı, yenilərinin yaradılması kimi strateji əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələrin aparılmasına böyük ehtiyac var. Heç bir vəchlə yol vermək olmaz ki, Xəzər hövzəsi regionu qlobal proseslərdən geridə qalsın. Onu da qeyd edək ki, artan geosiyasi gərginliklər fonunda bölgənin həssaslığı daha da yüksəlib. Açıq deyək ki, burada həm də ayrı-ayrı güc mərkəzlərinin maraqları da toqquşur. Biz yaxşı xatırlayırıq ki, bir sıra qüvvələr zamanında Xəzərdə Azərbaycanın iştirakı ilə enerji ehtiyatlarının işlənməsinə, beynəlxalq əməkdaşlıq qurulmasına, nəql marşrutlarının yaradılmasına, Trans-Xəzər dəhlizinin formalaşdırılmasına əngəllər yaratmaq üçün böyük canfəşanlıq göstərirdilər. Belə qüvvələr indi də var. Onlar açıq və gizli fəaliyyətlə Xəzəryanı ölkələrdə gedən inkişaf proseslərinə maneçilik törətməyə çalışırlar. Ekspertlərin qənaəti belədir ki, sahilyanı dövlətlər arasında fəaliyyətin uzlaşdırılması, müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi belə avantürist və qərəzli cəhdlərin dəf olunmasına, bütövlükdə regionun siyasi və iqtisadi avantajlarından daha səmərəli istifadə edilməsinə geniş imkanlar aça bilər.

Addım-addım Xəzərin hüquqi statusuna doğru

Əlbəttə, hövzə ölkələrinin Xəzər dənizi üzrə müxtəlif məsələlərdə əməkdaşlığı, ilk növbədə, hüquqi bazaya söykənməlidir. İndiyədək belə hüquqi bazanın yaradılması istiqamətində önəmli addımların atıldığını söyləmək mümkündür. 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan prezidentləri imzalayıblar. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və Sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

“Xəzər beşliyi” ölkələri rəhbərlərinin daim mehriban qonşuluq siyasətinə sədaqət və xoş məram nümayiş etdirmələri bəhs olunan Konvensiyanın və digər sənədlərin imzalanması yolunda maneələrin aşılmasına imkan verib. Bütövlükdə, Konvensiyanın müddəalarının razılaşdırılması məqsədilə Xüsusi İşçi Qrupu çərçivəsində 52 görüş və növbədənkənar görüşlər keçirilib, eyni zamanda, mütəmadi qaydada çoxsaylı ikitərəfli məsləhətləşmələr aparılıb. Müxtəlif səviyyələrdə aparılan danışıqlarda, o cümlədən də dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında geniş konsensusa nail olunub. Çox doğru olaraq vurğulanır ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahilyanı ölkə üçün dönüş nöqtəsidir. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilir. Bəhs olunan Konvensiyanın imzalanması ilə Xəzəryanı dövlətlərin keçirdikləri ikitərəfli və çoxtərəfli görüşlərdə aparılan müzakirələr öz məntiqi yekununa yaxınlaşıb. Müvafiq sənədlərə əsasən, Xəzər dənizi üzrə fundamental razılaşmalara nail olunub. O cümlədən razılaşmaya əsasən, Xəzərdə hərbi bazaların tikintisi və onların xarici ölkələr tərəfindən istifadəsi, hərbi gəmilərin, təyyarə-daşıyıcılarının və sualtı qayıqların, döyüş təyyarələrinin həddindən artıq uçuşu və hətta digər ölkələrə məxsus yüklərin daşınması qadağandır. Bir sıra məsələlərin isə perspektivdə mərhələ-mərhələ razılaşdırılması nəzərdə tutulur.

Azərbaycanın mühüm rolu

Xəzər dənizi üzrə müxtəlif məsələlərin razılaşdırılmasında, bütövlükdə, onun hüquqi statusunun müəyyənləşdirilməsində Azərbaycanın mühüm rolunu xüsusi qeyd edə bilərik. Xəzərin statusu ilə bağlı aparılan danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi konstruktiv mövqenin təməlində isə ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn müdrik dövlət xadimi Heydər Əliyev Xəzərin statusu ilə bağlı məsələdə beynəlxalq praktikaya əsaslanırdı. Ulu öndər o mövqedən çıxış edirdi ki, Xəzər ölkələri, xalqları ayıran deyil, birləşdirən vasitə olmalıdır. Ulu öndər özünəməxsus müdrikliklə və çox böyük səylər hesabına Xəzərin Azərbaycan sektorunda yerləşən yataqların işlənməsinə yönələn təzyiqləri dəf etdi və ölkəmizin mövqeyinə beynəlxalq dəstək qazanmağa nail oldu. Belə bir addımın atılması xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti idi.

Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Bakıda “Xəzər dənizində birgə fəaliyyət” haqqında müvafiq Bəyanatı imzalamalarını Xəzərin statusunun müəyyənləşdirilməsi yolunda atılan çox mühüm addım kimi dəyərləndirmək mümkündür. Bundan sonra 2003-cü ilin mayında Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalandı və tərəflər dənizin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar.

Azərbaycanın Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilib. 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir.

Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri qonşu dövlətlər tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir. Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Prezident İlham Əliyev V Zirvə görüşündəki çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir” - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Paylaş:
Baxılıb: 126 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31