Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda "Azərbaycan və Şərq tərəfdaşlığı: regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda "Azərbaycan və Şərq tərəfdaşlığı: regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib

03.12.2010 [10:11]

Elnur Aslanov: Regionda sülh bərqərar edilməyənə qədər Ermənistan əhalisi çətinliklər çəkəcək, böhran içərisində yaşamaqda davam edəcək
Dünən Bakıda III Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində “Azərbaycan və Şərq tərəfdaşlığı: regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Cənubi Qafqaz Təhlükəsizlik Forumunun və Konrad Adenauer Fondunun birgə təşkil etdikləri tədbirin məqsədi geosiyasi baxımdan dünyanın mühüm bölgələrindən sayılan Cənubi Qafqaz dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionda inkişaf perspektivlərinə, təhlükəsizlik məsələlərinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq, bu istiqamətdə beynəlxalq diplomatiya proseslərinə elmi töhfələr vermək olub.
Tədbirdə Cənubi Qafqazdakı geosiyasi proseslər, uzunsürən regional münaqişələr və onların sülh yolu ilə həllinin yeni istiqamətləri, əməkdaşlıq məsələləri, enerji təhlükəsizliyi, xüsusən də Şərq-Qərb enerji dəhlizinin çağırışları və imkanları, enerji layihələrinin bölgədə sabitliyə və təhlükəsizliyə təsiri və digər məsələlər müzakirə edilib. Konfransı giriş sözü ilə açan SAM-ın direktoru Elxan Nuriyev tədbirin əhəmiyyəti haqqında danışıb.
Almaniyanın Konrad Adenauer Fondunun Avropa və Şimali Amerika ölkələri üzrə rəhbəri Yens Paulus bildirib ki, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramında siyasi və sosial islahatlara, bazar iqtisadiyyatının davamlı inkişafına böyük əhəmiyyət verilir. Natiq deyib ki, bu gün Azərbaycan özünün inkişafına görə regionun digər ölkələrini geridə qoyur. Y.Paulus vurğulayıb ki, Avropa ölkələri dondurulmuş münaqişələrin həllinə çalışmalıdırlar, çünki bu münaqişələr Qafqazın inkişafına mənfi təsir göstərir.
Konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycanda bu cür beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin təkcə iqtisadi deyil, həm də intellektual baxımdan regionun mərkəzinə çevrildiyinin bariz nümunəsidir. Azərbaycan neftdən gələn gəlirləri intellektual kapitala çevirmək niyyətindədir. Bu, Prezident İlham Əliyevin ölkəmizdə səmərəli dövlətçiliyin təmin edilməsi naminə müəyyənləşdirdiyi bir məqsəddir və biz bu humanist niyyətin reallaşdırılması istiqamətində əlimizdən gələni edirik və bundan sonra da edəcəyik.
Son illər ərzində Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini deyən şöbə müdiri bildirib ki, 2005-2007-ci illərdə ölkəmizdə iqtisadi inkişaf tempi 30 faiz təşkil edib. Qlobal maliyyə böhranı şəraitində 2009-cu ildə Azərbaycanda iqtisadiyyatın artımı 10,8 faiz olub. Dünya dövlətlərinin hələ də maliyyə böhranından əziyyət çəkdikləri bir şəraitdə Azərbaycanda 2010-cu ilin ilk rübündə əhalinin gəlirləri 9,7 faiz artıb. Bu illər ərzində ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib, işsizliyin səviyyəsi əsaslı şəkildə azalıb. E.Aslanov əlavə edib ki, bu nailiyyətlər, eyni zamanda, insanlarda demokratik şüurun, yeni düşüncə tərzinin formalaşmasına da zəmin yaradır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatların paralel şəkildə aparılması ölkəmizdə səmərəli dövlətçilik sisteminin qurulması istiqamətində gedən proseslərin uğurlu olduğunu sübut edir.
E.Aslanov deyib ki, ölkəmizin regional layihələrin reallaşması ilə bağlı əldə etdiyi böyük uğurlar göz qabağındadır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin həyata keçməsində təşəbbüsçü olması ölkəmizin təkcə Şərq ilə Qərbi birləşdirən bir körpü deyil, eyni zamanda, regional mərkəzə çevrildiyinin əyani göstəricisidir.
Şöbə müdiri bildirib ki, Azərbaycanın 2009-cu ilin may ayında qoşulduğu “Şərq tərəfdaşlığı” proqramı ölkəmizi Aİ-yə daha da yaxınlaşdırır. Aİ, eyni zamanda, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox fəallıq nümayiş etdirməli, eləcə də, Dağlıq Qarabağ ərazisində yaranmış “boz zona”larla bağlı qətiyyətli sözünü deməlidir.
ATƏT-in Minsk qrupunun 18 ildir fəaliyyət göstərdiyini deyən E.Aslanov danışıqların konkret nəticə verməməsinin təəssüf doğurduğunu bildirib. Qeyd edib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe danışıqların süni şəkildə uzadılmasına gətirib çıxarır. Bununla da, Ermənistan regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına zəmin yaratmaqdan boyun qaçırır.
Şöbə müdiri vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmayana qədər regional layihələrdən təcrid olunmuş vəziyyətdə qalacaq. Bu bir danılmaz faktdır ki, hazırda Ermənistan iqtisadi cəhətdən regionun ən geridə qalmış, Azərbaycan isə ən çox inkişaf etmiş dövlətidir. Regionda sülh bərqərar edilməyənə qədər Ermənistan əhalisi çətinliklər çəkəcək, böhran içərisində yaşamaqda davam edəcək.
Tədbirdə digər çıxış edənlər də enerji layihələrinin regionda sabitliyə və təhlükəsizliyə təsiri, Cənubi Qafqaz dövlətlərinin Aİ-yə inteqrasiyası haqqında danışıblar. Azərbaycanın Avropaya uğurlu inteqrasiyasını yüksək qiymətləndirən natiqlər “Şərq tərəfdaşlığı” proqramının region ölkələri üçün yeni imkanlar açacağını diqqətə çatdırıblar. Onlar, həmçinin dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini daha da artırmağa çağırıblar.
Konfransda Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin rəhbərləri, QHT-lərin və KİV-lərin təmsilçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak ediblər.
Beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30