Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqı və NATO ilə əməkdaşlıq...

Avropa İttifaqı və NATO ilə əməkdaşlıq...

21.07.2022 [09:48]

Azərbaycanın xarici siyasətində mühüm yer tutur

Nardar BAYRAMLI

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və NATO ilə əməkdaşlıq mühüm yer tutur. İyulun 19-da xarici işlər naziri Ceyhun Bayramovun Brüssellə səfəri və səfər çərçivəsində keçirilən görüşlər də bu reallığı təsdiqləyir. Belə ki, həmin gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib. İclas zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusən Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər iki tərəf bu sazişin qısa müddət ərzində yekunlaşmasına tərəfdar olduğunu təsdiq edib.

Daha sonra Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, sektoral əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, ətraf mühit, iqtisadi, ticarət, insanlararası əlaqələr, sosial məsələlər, habelə kommunikasiya məsələləri müzakirə edilib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol Avropa İttifaqı tərəfindən diqqətə çatdırılıb. Ölkəmizin etibarlı tərəfdaş olduğu qeyd edilib və bu xüsusda, iyulun 18-də Azərbaycan Prezidenti və Avropa Komissiyasının Prezidenti tərəfindən imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Avropa İttifaqı tərəfi Azərbaycanın təbii qazının təchizat təhlükəsizliyinə və qiymətlərin sabitliyinə töhfə verdiyini bildirib. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çoxtərəfli platformalarda inkişaf etdirilməsi perspektivləri və bu kontekstdə, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq və Şərq Tərəfdaşlığının təkmilləşdirilməsi yolları müzakirə edilib.

Gündəliyin digər bəndi üzrə regional məsələlərə diqqət yönəldilib. Bu xüsusda, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ətrafında geniş müzakirə aparılıb. Nazir Ceyhun Bayramov normallaşma prosesinin hazırkı vəziyyətini, Azərbaycan tərəfindən göstərilən yanaşma və baxışı diqqətə çatdırıb. Sülh sazişinin imzalanması, bu xüsusda Azərbaycanın sistemli və strukturlu yanaşmanın tərəfdarı olduğu qeyd edilib. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Nazir xüsusilə, münaqişədən sonrakı bərpa işləri barədə məlumat verib. Cari iclasın əlamətdar tarixi günə, ilk dəfə öz yurdlarından qovulmuş məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıdışına təsadüf etdiyini vurğulayıb. Ceyhun Bayramov, eləcə də münaqişədən sonrakı bərpa və quruculuq işləri kontekstində Azərbaycan ərazilərinin kütləvi şəkildə minalardan çirklənməsi məsələlərinə diqqət çəkib, bunun məcburi köçkünlərin tezliklə qayıdışına ciddi əngəl olduğunu, Azərbaycan mülki şəxslərinin mütəmadi əsasda baş verən partlayışlar nəticəsində həlak olduğunu, yaralandığını tərəf müqabillərinin diqqətinə çatdırıb. Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardımın və əməkdaşlığın əhəmiyyət daşıdığı qeyd olunub.

Görüş zamanı, Azərbaycan-Avropa İttifaqı gündəliyinin digər məsələləri, o cümlədən demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində əməkdaşlıq və bu istiqamətdə Azərbaycanda atılan addımlar və islahatlar barədə məlumat verildi, gündəlikdə duran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın sonunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mətbuata açıqlamaları ilə çıxış ediblər. Mətbuat konfransında Ceyhun Bayramov bildirib ki, Avropa İttifaqı 700-dən çox şirkət ilə ölkəmizdə ən böyük investordur. “COVID-19 pandemiyasına baxmayaraq, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. İnvestisiyaların həcmi on milyardlarla dolları ötür. Bizim enerji sahəsindəki əməkdaşlığımız Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanmış yeni Anlaşma Memorandumu ilə daha da gücləndirildi. Biz strateji əməkdaşlığımızı Avropada ən böyük enerji və infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi ilə inkişaf etdiririk” - deyə nazir qeyd edib.

Regionda vəziyyətə gəlincə, o bildirib ki, Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü, suverenliyini qarşılıqlı tanımağa əsaslanmalıdır. Münasibətlərin normallaşdırılmasında bundan başqa alternativ yoxdur. “Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini və dəstəyini alqışlayırıq. Brüssel görüşləri Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün çox faydalı idi”, - deyə nazir əlavə edib. Minatəmizləmə prosesinin postmünaqişə dövründə yenidənqurmanın əsas elementi olduğunu deyən C.Bayramov söyləyib ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə daha böyük beynəlxalq yardımın göstərilməsinə ehtiyac var: “Humanitar minatəmizləmə sahəsində göstərilən köməyə və son olaraq 4 milyon yarım avroluq yardım paketinə görə Avropa İttifaqına minnətdarıq”.

Ölkəmizin Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən Cozep Borrell isə qeyd edib ki, Azərbaycanla əməkdaşlığımız daha intensivləşib. “Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Dünən Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu bizə Azərbaycandan qaz idxalının həcmini iki dəfə artırmağa imkan verəcək. Bu, gələcəkdə Azərbaycanla Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa da yol açacaq. Hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişinə dair danışıqların vacib mərhələsindəyik. Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuzu daha da gücləndirəcək. Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir”, - deyə o bildirib. C.Borrell əlavə edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhü, tərəqqini təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyir: “Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü təqdir edirəm. Avropa İttifaqı regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır”.

Səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə də NATO-nun mənzil-qərargahında görüş keçirib. Görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.  Nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa-quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, postmünaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.

NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.

Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtında Avropa İttifaqının ən nüfuzlu beyin mərkəzlərindən biri - Avropa Siyasət Mərkəzində (EPC) çıxış edib. EPC-nin siyasət məsələləri üzrə baş analitiki Amanda Polun moderatorluğu ilə keçirilən tədbirdə xarici işlər naziri Cənubi Qafqazda münaqişədən sonrakı regional vəziyyəti qonaqlara təsvir edib, 44 günlük Vətən müharibəsindən sonra baş vermiş və davam etməkdə olan əsas proseslərdən danışıb. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrası ilə bağlı işlərin vəziyyəti, Ermənistanla danışıqlar prosesi, o cümlədən sülh sazişi ilə bağlı ətraflı danışıb, həmçinin dövlətlərarası sərhədlərin delimitasiyası məsələlərinə toxunub. Çıxışında regionda həyata keçirilən kommunikasiya layihələrinə xüsusi diqqət yetirilib. Nazir, eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regionumuzun münaqişədən sonrakı kontekstində apardığı aktiv fəaliyyətə toxunub.

Nazirin çıxışından sonra keçirilən sual-cavab sessiyasında regional siyasətin qonaqları maraqlandıran tərəfləri açıqlanıb. Görüş iştirakçıları arasında tanınmış avropalı politoloqlar, jurnalistlər, Avropa Parlamentinin deputatları da olub.

Paylaş:
Baxılıb: 145 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31