Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 5 məsələ...

5 məsələ...

05.08.2022 [10:24]

Soçi görüşünün masasında olacaq

Türkiyə və Rusiya liderləri görüşəcəklər

Mübariz ABDULLAYEV

Artıq xeyli müddətdir gözlənilən gün gəlib çatdı. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfər edəcəyi və burada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcəyi gözlənilir. Xatırladaq ki, iki ölkənin liderlərinin indiyədək ikitərəfli və çoxtərəfli platformalarda baş tutan görüşlərinin xronikası kifayət qədər genişdir. Onlar arasında son görüş isə cari il iyulun 19-da İranda keçirilən üçtərəfli sammit çərçivəsində baş tutub. Həmişəki kimi, Ərdoğanla Putin arasında Soçidə keçiriləcəyi gözlənilən növbəti görüşə də beynəlxalq miqyasda maraq böyükdür. Analitiklər iki ölkə liderinin görüşünün gündəliyinin əhatə dairəsinin geniş olacağını bildirirlər. Ehtimal olunur ki, liderlər həm regional, həm də qlobal əhəmiyyətli məsələlərin detallı müzakirələrini aparacaqlar.

Türkiyənin artan rolu

Liderlərin Soçi görüşünə beynəlxalq marağın böyük olması qardaş Türkiyənin getdikcə atan siyasi nüfuzu ilə birbaşa bağlıdır. Türkiyə özünün ardıcıl siyasətində ədalət və beynəlxalq hüquq normalarına əsaslanır, regional problemlərin aradan qaldırılmasında prinsipiallıq nümayiş etdirir, tərəf saxlamır. Təbii ki, qardaş ölkənin mürəkkəb geosiyasi proseslərə lazım olan məqamlarda cəsarətli müdaxilələri siyasi iradə ilə yanaşı, həm də güc amilinə bağlıdır. Son illərdə dünya Türkiyənin sıçrayışlı iqtisadi inkişafına, hərbi gücünü artırmasına, ordusunu müasirləşdirməsinə şahidlik edir. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, qardaş ölkə üzv olduğu Şimali Atlantika Alyansında (NATO) ən güclü ordulardan birinə sahibdir.

Türkiyə məhz öz gücünə və Prezident Ərdoğanın siyasi iradəsinə əsaslanmaqla son vaxtlarda Suriya probleminin həllində mühüm rol oynayıb, regionda milli maraqlarının qorunmasına nail olub. Dünya Türkiyənin artan nüfuzuna və ədalətli yanaşmasına, həmçinin Rusiya-Ukrayna müharibəsinin fonunda şahidlik edir. Müharibə başlamazdan əvvəl və sonrakı mərhələdə qardaş ölkə müxtəlif səviyyələrdə intensiv dialoq quraraq maraqların uzlaşdırılmasına nail olmağa çalışır. Götürək, elə Qara dəniz limanlarından Ukrayna taxılının daşınması məsələsini. Türkiyə dünyanın taxıl imtahanı ilə üzləşdiyi bir məqamda Ukraynadan və Rusiyadan ərzağın qlobal bazarlara daşınmasına həssas yanaşma sərgilədi. Təkcə iyul ayında Prezident Ərdoğan Ukraynanın, Rusiyanın və BMT-nin rəhbərləri ilə bu xüsusda çoxsaylı danışıqlar aparıb. Türkiyənin nümayiş etdirdiyi bu kimi səylərin məntiqi nəticəsi olaraq ötən ay həm Rusiyanın gübrələr də daxil olmaqla müxtəlif kənd təsərrüfatı məhsullarının, həm də Ukrayna taxılının qlobal ərzaq bazarlarına çıxardılmasına hüquqi əsaslar yaradan və təhlükəsizliyə təminatlar verən müvafiq sənədlər imzalandı. Artıq Türkiyənin vasitəçiliyi ilə sənədlərin  icrasına başlanıb. Bu günlərdə Ukrayna limanından müxtəlif ərzaq məhsulları yüklənmiş ilk gəmi yola salındı. Beynəlxalq dairələrdə ərzaq razılaşmasında Türkiyənin əvəzsiz rolu çox yüksək qiymətləndirilir. Ehtimal olunur ki, Soçi görüşündə məlum ərzaq razılaşmasının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi davam etdiriləcək.

Ərzaq razılaşmasının ardınca...

Türkiyənin vasitəçiliyi ilə əldə olunan ərzaq razılaşması qarşı-qarşıya duran tərəflər arasında digər məsələlər üzrə də irəliləyişin olacağına ümidlər yaradıb. Analitiklərin qənaətinə görə, Putin və Ərdoğan arasında baş tutacaq görüşdə masaya çıxarılacaq mühüm məsələlərdən biri qaz sövdələşməsi ola bilər. Məlumdur ki, böyük qaz ixracatçısı olan Rusiya Avropa İttifaqı (Aİ) dövlətlərindən ona qarşı tətbiq edilən sərt sanksiyalara cavab olaraq “dost olmayan dövlətlərə” ixrac edilən qazın dəyərinin rublla ödənilməsi tələbini irəli sürüb. Ayrı-ayrı ölkələr  bu tələbi yerinə yetirmək iqtidarında olmadıqlarını açıq şəkildə bəyan ediblər və həmin ölkələrə Rusiyadan qaz ixracı dayandırılıb. Şimal qonşumuzun texniki məsələləri əsas gətirməklə “Şimal axını-1” vasitəsilə “mavi yanacaq” nəqlini azaltması Aİ məkanının digər ölkələrini də enerji böhranı ilə üz-üzə qoyub. Avropada enerji böhranının perspektivdə daha kəskin hal alacağı gözlənilir.

Belə bir çətin məqamda nəzərlər yenə də Türkiyəyə yönəlməkdədir. Bu günlərdə Rusiya mətbuatında dərc olunan silsilə yazılarda Rusiyadan qazın ixracında və yaxud Avropanın enerji təhlükəsizliyində Türkiyənin vasitəçilik missiyası gündəmə gətirilib. Bildirilir ki, Rusiyadan enerji daşıyıcılarının ixracına tam şəkildə qadağa qoyulacağı təqdirdə, Türkiyə Rusiya qazını ayrı-ayrı Avropa ölkələri üçün tədarük edə bilər. Əlbəttə, sual yaranır: Hansı infrastrukturla? Sualın cavabında bildirilir ki, Türkiyə Avropaya Rusiya qazının nəqlini hazırda fəaliyyətdə olan boru kəmərləri ilə həyata keçirmək imkanlarına malikdir.

Analitiklər Soçi görüşündə qaz sövdələşməsi ilə müzakirələrin aparılacağını tam real sayırlar. Çünki hazırda yanacaq Avropa üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Rusiya da öz növbəsində böyük həcmlərdə qaz ixracından formalaşan gəlirlərindən məhrum qalmaq istəmir. Türkiyənin vasitəçilik missiyası isə həm istehsalçının, həm də istehlakçıların mənafeyinə uyğundur.

Ticarət dövriyyəsinin genişləndirilməsi

Ərdoğanla Putin arasında baş tutacaq görüşün gündəliyinin mühüm məsələlərindən biri, heç şübhəsiz ki, iqtisadiyyatla, konkret desək, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı olacaq. ABŞ-dan və Aİ dövlətlərindən gələn sərt sanksiyalar Rusiya ətrafında çənbəri getdikcə daraldır. Sanksiyalardan ölkənin iqtisadiyyatı ciddi ziyan çəkir və bu tendensiya yüksələn xətlə davam edir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Sanksiyaların əhatə dairəsi genişləndikcə ölkənin gəlirləri də kəskin şəkildə azalır.

Türkiyə isə ABŞ-ın və Aİ dövlətlərinin çağırışlarına baxmayaraq, milli maraqlarından çıxış edib və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bu reallıqda Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artmasına yeni fürsətlər yaranıb. İki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ilin sonuna qədər 60 milyard dollara çatacağı gözlənilir. Bunu Türkiyə-Rusiya İşgüzar Şurasının rəhbəri Kani Karaaslan bildirib. Onun verdiyi məlumata görə, ilin əvvəlindən bəri iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir. “Hər iki ölkənin mərkəzi bankları məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı bacarsa, ilin sonunadək bu göstərici 60 milyard dollara çata bilər”, - deyə Karaaslan vurğulayıb.

Bundan başqa, Türkiyə şirkətləri Rusiyada və Rusiya şirkətləri isə Türkiyədə müxtəlif layihələrin icrasına cəlb olunublar. Bütün bunlar onu deməyə əsas verir ki, liderlərin Soçi görüşündə iqtisadi məsələlərlə bağlı əhatəli müzakirələrin aparılması bir növ zərurətə çevriləcək.

Rusiya-Ukrayna müharibəsi kontekstində müzakirələr

Analitiklər Putin və Ərdoğan görüşündə bir sıra siyasi və hərbi məsələlərin gündəlikdə dayanacağına əminliklərini ifadə edirlər. Bunun da sonu görünməyən müharibə səbəbindən regionda gərginliklərin artması ilə bağlı olduğu bildirilir. Türkiyə o mövqedən çıxış edir ki, Rusiya-Ukrayna qarşıdurmasının danışıqlar yolu ilə nizamlanması həm region, həm də beynəlxalq birlik üçün müstəsna əhəmiyyət daşıyır. Döyüşlərdə baş verən dağıntılar və itkilər fonunda regional təhlükəsizliyin aktuallığı artıb. Türkiyənin, Prezident Ərdoğanın niyyəti, səyi də məhz bölgədə təhlükəsizliyin təmin olunmasına, silahların susmasına yönəlib. Türkiyə tərəfi indiyədək müharibədən sülhə keçmək üçün həm Putin və Zelenski ilə, həm də beynəlxalq təşkilatların təmsilçiləri ilə çoxsaylı danışıqlar aparıb. Qeyd etdiyimiz kimi, qardaş ölkənin səyləri tərəflərin maraqlarının uzlaşdırılmasına və atəşin dayandırılmasına yönəlib. Hələlik bu istiqamətdə arzulanan irəliləyişlər baş verməsə də, Türkiyə öz səylərini davam etdirməkdədir. Şübhə yoxdur ki, Ərdoğan Soçiyə Rusiya-Ukrayna müharibəsinin döyüş meydanlarından masaya daşınmasını özündə ehtiva edən yeni təkliflərlə gəlib. Nəzərə alsaq ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə yüksək səviyyəli münasibətlərə malikdir, onda qardaş ölkənin təkliflərinin gec-tez nəticə verəcəyi yəqinliyini də ifadə etmək mümkündür.

10 noyabr Bəyanatının həyata keçirilməsinin zəruriliyi

Hər iki ölkənin regional güc amili kimi çıxış etmələri, eləcə də artıq tarixdə qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən fəal mövqe tutmaları onu deməyə əsas verir ki, liderlərin görüşündə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın icra vəziyyəti ilə bağlı müzakirələr də gündəlikdə olacaq. Rusiya sözügedən sənədi imzalayan tərəflərdən biridir. Bəyanatda postmüharibə dövründə regionda sülhyaratma prosesi ilə bağlı konkret müddəalar öz əksini tapıb. Azərbaycan Rusiyanın iştirakı ilə imzalanan bu və digər sənədlərin icrasını təmin edir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bütövlükdə, qalib Azərbaycan müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Nəhayət, üç onilliyi əhatə edən münaqişədən sonra regiona sülh qayıtmalıdır. Ancaq təəssüf ki, eyni sözləri məğlub Ermənistan barədə demək mümkün deyil. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötsə də, bu ölkə üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdə maraqlı görünmür.

Belə bir vəziyyətdə Azərbaycanla strateji partnyorluq münasibətlərində olan Rusiya və Türkiyə regionda sülhyaratma proseslərinə öz töhfələrini verə bilərlər. Deyə bilərik ki, regiondakı proseslərə Türkiyə və Rusiya qədər yaxın olan digər iki dövlət tapmaq çətindir.

Xatırladaq ki, müharibə başa çatandan sonra Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də formalaşdırılıb. 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin (RTBMM) yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Türkiyə parlamenti hökumətin müraciəti əsasında bu ölkənin sülhməramlılarının Azərbaycanda yerləşdirilməsinə razılıq verib. Beləliklə, 2021-ci il yanvar ayının 30-da atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlayıb.

İndiyədək Türkiyə Ermənistanın postmüharibə dövründə sülhə və təhlükəsizliyə xidmət etməyən davranışlarını dəfələrlə gündəmə gətirib. İndiki məqamda Rusiyanın Ermənistana təsirlərini artırmağa və bu ölkəni üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyə vadar etməsinə böyük zərurət var. Bütün bu kimi reallıqlar onu deməyə əsas verir ki, Soçi görüşündə liderlər məlum üçtərəfli Bəyanatın yerinə yetirilməsinin, Ermənistanın revanşist mövqedən geri çəkinməsinin zəruriliyini gündəmə gətirəcəklər.

Paylaş:
Baxılıb: 117 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31