Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məğlub Ermənistan yenidən silahlanma yolunda...

Məğlub Ermənistan yenidən silahlanma yolunda...

30.09.2022 [10:14]

MÜBARİZ

Xeyli vaxt idi ki, 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğrayan və kapitulyasiya sənədini imzalayan Ermənistanın baş naziri və digər rəsmiləri silah istehsalçılarından gileyli idilər. Onlar məyusluq hissi ilə xarici ölkələrin Ermənistana silah satmaqdan yayındıqlarını bildirirdilər. Deyəsən, məğlub ölkənin silah axtaran rəsmiləri, nəhayət, onlarla sövdələşməyə gedən ölkəni tapıblar. Həmin ölkənin Hindistan olduğu bildirilir. Ermənistanın KİV-ində bu barədə məlumatlar sızdırılıb. Bildirilir ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb.

250 milyon dollarlıq müqavilə

Ermənistan mətbuatı Hindistanda dərc olunan The Economic Times nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə edildiyi bildirilir.

Xatırladaq ki, Hindistan dünya üzrə iri silah ixracatçıları sırasında yer alır. İndiyədək bu ölkə həm yerli istehsala aid məhsullarını, həm də digər ölkələrdən aldığı müxtəlif silahların böyük həcmlərdə ixracını həyata keçirib.

Xarici ölkələrdən müxtəlif silahların alınması dünya praktikasında geniş yayılıb. Ermənistanın timsalında isə bu ölkənin Hindistanla silah alqı-satqısına dair müqavilə imzalaması suallar yaradır.

Silahlar hansı pullarla alınır?

İlk sual məğlub Ermənistanın zəif iqtisadiyyatı fonunda yaranır: Kasıb ölkə bahalı silahları hansı pulla alır? Ekspertlərin dəyərləndirmələrinə görə, bu ölkənin iqtisadi-maliyyə durumu bahalı silah müqavilələri imzalamağa imkan vermir. Üç onilliyi əhatə edən işğalçılıq siyasəti Ermənistana heç bir fayda gətirməyib. Əksinə, bütün regional layihələrdən kənarda qalıb, dalan ölkəyə çevrilib və investisiya cəlbediciliyini tamam itirib. Bu gün Ermənistanda bu ölkəyə məxsus iri sənaye müəssisələrinin sayı barmaqla sayılacaq qidər azdır, strateji infrastruktur obyektlərinin idarəolunması belə xarici şirkətlərə həvalə olunub və yaxud büdcə kəsirlərini doldurmaq üçün onlara satılıb. Dövlət büdcəsinin özü də kifayət qədər kiçik həcmlidir. Bu günlərdə məğlub ölkədə növbəti ilin büdcə sənədlərinin layihəsi ilə bağlı müzakirələr aparılır. Verilən məlumatlardan bəlli olur ki, büdcə sənədini tərtib edənlər müxtəlif istiqamətlər üzrə zəruri xərcləri qarşılamağa vəsait tapmaqda çətinlik çəkirlər. Ermənistanın 2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin (bələdiyyə büdcələri istisna olmaqla) cəmi 2 trilyon 204 milyard dram (indiki məzənnə ilə təxminən 5,25 milyard ABŞ dolları) təşkil edəcək. Dövlət büdcəsinin xərclərinin isə 2 trilyon 590 milyard dram olacağı gözlənilir. Dövlət borcu da kifayət qədər yüksək səviyyədədir-ÜDM-in 53 faizi səviyyəsində.

Xatırladaq ki, Ermənistanın hərbi büdcəsi məhduddur. Bu ölkədə 2022-ci ildə ordu üçün 312 milyard dram və ya 597 milyon dollar vəsait ayrılması nəzərdə tutulub. Müharibədən ötən iki il ərzində ölkə hərbi büdcəsinə yönəldilən vəsaitləri cəmi 1,3 faiz artırmaq imkanı tapıb.

Qeyd olunan rəqəmlər fonunda Cənubi Qafqazda ən kiçik büdcəyə malik bir ölkənin silah almağa həvəslənməsi  absurd görünür. Ehtimallara görə, Ermənistan silah sövdələşməsində də xaricdən gələn qrantlara və erməni lobbisinin maliyyə dəstəyinə ümid bəsləyir. Ümumiyyətlə, bu ölkədə özgələrinin hesabına yaşamaq və dövləti idarə etmək bir növ ənənə halını alıb - ən zəruri xərclər belə xarici ianələr hesabına maliyyələşdirilir ki, bu da məqbul variant sayıla bilməz. 44 günlük müharibənin məntiqi sonluqla yekunlaşması sayəsində regionda iqtisadi inkişaf və əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Ermənistan nə üçün bu imkanlardan bəhrələnmək, inteqrasiya proseslərinə qoşulmaq və beləliklə də, halal qazancla yaşamaq əvəzinə, yenə də başqalarına əl açmağı üstün tutur?

Niyə məhz Hindistan?

Bəhs olunan müqavilə Ermənistanla Hindistan arasında silah satışı üzrə sövdəəşmələrə ilk nümunə deyil. Ermənistan KİV-in yazdığına görə, Hidistan 44 günlük müharibə zamanı da Ermənistana silah tədarük edib. Sual yaranır: Ermənistan silah sövdələşməsində niyə Hindistana üz tutur? Axı silah ticarətində daha böyük nüfuz sahibi olan ölkələr var. Ehtimal edilir ki, məğlub ölkənin 44 günlük müharibədə, necə deyərlər, əlinin yanması silah sövdələşməsində Rusiyadan üz döndərməsinə əsas səbəb olub. Rusiyadan Ermənistana zamanında böyük həcmlərdə müxtəlif təyinatlı silahlar göndərildiyi hər kəsə bəllidir, özü də əksər hallarda bahalı hərbi texnika bu ölkəyə pulsuz, dəyəri ödənilmədən tədarük edilirdi. Ancaq burada deyiblər ki, havayı pendir yalnız tələdə olur. Rusiyadan Ermənistana daşınan hərbi texnika da döyüşlər zamanı keyfiyyətsiz çıxdı, onlarla hansısa bir uğura imza atmaq müşkülə çevrildi. Açıq-aydın görünürdü ki, mənəvi cəhətdən köhnəlmiş bu texnika ilə XXI əsrin müharibəsini aparmaq mümkün deyil. Belə qənaət hasil olur ki, məhz bu kimi səbəblərə görə də Ermənistan daha Rusiya silahlarına bel bağlamaq istəmir.

Dünya üzrə silah ticarətində öncül mövqelərdən birinə sahiblənən İsrailin isə Ermənistana silah satmaq ehtimalı sıfıra bərabərdir. Bu ölkə uzun illərdir ki, müxtəlif əmtəələrin, o cümlədən də müasir silahların, pilotsuz uçuş aparatlarının alqı-satqısında Azərbaycanla sıx əməkdaşlıq edir.

Son vaxtlaradək Ermənistanda ABŞ-dan silah almaq iddiaları da müzakirə edilirdi. Ancaq bu da real görünmür. ABŞ Ermənistandan uzaq məsafədə yerləşir. Okeanın o tayından silah tədarükü olduqca baha başa gələr. Bu isə Ermənistanın kasıb büdcəsinə uyğun deyil.

Ermənistan müharibəyə hazırlaşır?

Və nəhayət, əsas sual: Hindistandan silahlar tədarük etmək həvəsinə düşən Ermənistan müharibəyə hazırlaşır? Postmüharibə dövründə məğlub Ermənistanın davranışları bu ehtimalı gücləndirir. Biz Ermənistanda daim revanşist iddialar səsləndirildiyinin şahidi oluruq. Məğlub ölkə üçtərəfli Bəyanatın müddəalarını pozaraq hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Azərbaycan ərazilərindən hərbi birləşmələrini geri çəkməyib. Bundan başqa, bu ölkədən Azərbaycanın sülh çağırışlarına adekvat cavab gəlmir. Əksinə, Ermənistan ordusu tez-tez iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlar törədir. Bütün bu kimi davranışlar onu deməyə əsas verir ki, Ermənistanın Hindistanla silah sövdələşmələrinə getməsi bu ölkənin müharibə hazırlıqlarının tərkib hissəsidir.

Ancaq ekspertlərin də bildirdikləri kimi, müharibə ssenarisi Ermənistan üçün ən pis olandır və bu ölkənin növbəti faciələrinə yol açacaq. Ermənistan üçün gələcəyin və inkişafın yolu müharibədən yox, regionda yaranan reallıqları həzm etməkdən, qonşularla, ələlxüsus da Azərbaycan və Türkiyə ilə əməkdaşlıq qurmaqdan keçir.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30